Bu gün

Roma katakombalarından beynəlxalq dialoqa – Azərbaycanın mədəni missiyası - MƏQALƏ

XXI əsrdə qlobal siyasətin qarşısında duran əsas çağırışlardan biri dini, mədəni və etnik ziddiyyətlərin qarşısının alınması, bəşəri dəyərlərin qorunmasıdır. Bu kontekstdə Azərbaycan özünün çoxəsrlik tolerantlıq ənənələrini müasir beynəlxalq münasibətlər müstəvisinə daşıyaraq multikulturalizmi dövlət siyasətinin ayrılmaz hissəsinə çevirib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Vatikana rəsmi səfəri bu siyasətin ən parlaq və məzmunlu təzahürlərindən biri oldu. Bu səfəri yalnız diplomatik hadisə kimi deyil, həm də Azərbaycanın mədəniyyətlərarası dialoq sahəsində qlobal mövqeyinin təsdiqi kimi dəyərləndirmək lazımdır.

Birinci vitse-prezident Mehriban Əliyeva 2025-ci ilin oktyabrında Vatikanda bir sıra yüksək səviyyəli görüşlər keçirdi. O, Vatikanın Dövlət katibi Kardinal Pietro Parolin, Kardinal Ceyms Harvi, Vatikan Şəhər Dövlətinin Qubernatoru Rahfaella Petrini və digər rəsmi şəxslərlə görüşlər zamanı Azərbaycanın dinlərarası harmoniya modelinin əsas prinsiplərini bölüşdü. Səfər çərçivəsində Vatikan Apostol Kitabxanasında saxlanılan qədim əlyazmaların bərpası və rəqəmsallaşdırılması sahəsində əməkdaşlıq genişləndirildi, “Müqəddəs Pavel” bazilikasında bərpa layihələrinə baxış keçirildi, Azərbaycanın dəstəyi ilə bərpa olunan Müqəddəs Kommodilla katakombalarının açılışı oldu. Bu, xristian dini irsinin qorunması sahəsində mühüm beynəlxalq hadisə idi. Bundan əlavə, Vatikanla mədəni-humanitar əməkdaşlığı daha da gücləndirmək məqsədilə Azərbaycan səfirliyinin inzibati binasının açılışı da reallaşdı. Ona görə də Mehriban Əliyevanın Vatikana səfəri Azərbaycanın “yumşaq güc” siyasətinin tərkib hissəsidir. Heydər Əliyev Fondu illərdir ki, Vatikanda və digər ölkələrdə bəşəri irsin bərpası istiqamətində mühüm layihələr həyata keçirir. Bu layihələr arasında Roma katakombalarının, qədim kilsələrin və muzey eksponatlarının bərpası xüsusi yer tutur. Bu fəaliyyət Azərbaycanın dini tolerantlıq nümunəsini praktik səviyyədə nümayiş etdirməsinə xidmət edir.

Vatikanda keçirilən görüşlərdə Birinci vitse-prezident Mehriban Əliyeva açıq şəkildə vurğuladı ki, “Azərbaycan müxtəlif dinlərin və mədəniyyətlərin birgəyaşayış modelini qorumaqla, sülhün və qarşılıqlı hörmətin bərqərar olmasına töhfə verir”. Bu fikir yalnız diplomatik jest deyil, həm də ölkəmizin ideoloji mövqeyinin ifadəsi idi. Çünki Azərbaycanın multikultural dəyərlərə verdiyi töhfələr təkcə siyasi əlaqələrin deyil, həm də diplomatik münasibətlərin göstəricisi kimi çıxış edir. Bakıda katolik, pravoslav, yəhudi və protestant icmalarının sərbəst fəaliyyət göstərməsi, dini bayramların dövlət səviyyəsində qeyd olunması, müxtəlif din xadimlərinin ortaq tədbirlərdə iştirakı Azərbaycanın sosial və mənəvi sabitliyinin mühüm sütunlarından biridir. Bu siyasətin beynəlxalq miqyasda tanınması da məhz Mehriban Əliyevanın kulturoloji diplomatiya fəaliyyəti ilə əlaqədardır. Onun Vatikandakı görüşlərində Azərbaycanın mədəni irsi ilə humanist dəyərləri arasında körpü qurulması bu siyasətin mahiyyətini daha da dərinləşdirir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Vatikana səfəri beynəlxalq mətbuatda geniş işıqlandırılıb və bu səfər “dinlərarası dialoqun nümunəsi” kimi təqdim edilib. Vatikan rəsmiləri Azərbaycanın dini müxtəlifliyə hörmətini, həmçinin Heydər Əliyev Fondunun dəstəklədiyi layihələrin mədəni irsin qorunmasında oynadığı rolu yüksək qiymətləndiriblər. Bu rezonans göstərir ki, Azərbaycan artıq təkcə enerji və təhlükəsizlik gündəliyi ilə deyil, həm də humanitar və mənəvi dəyərlər diplomatiyası ilə beynəlxalq sistemdə söz sahibidir. Ona görə də Mehriban Əliyevanın Vatikana səfəri Azərbaycanın multikulturalizm fəlsəfəsinin praktik və mənəvi təcəssümü oldu. Bu səfər bir daha sübut etdi ki, Azərbaycan qlobal miqyasda da mədəniyyətlərarası dialoqun, dinlərarası əməkdaşlığın və bəşəri həmrəyliyin daşıyıcısıdır. Dünyanın müxtəlif nöqtələrində ekstremizm, dini ayrı-seçkilik və mədəni qarşıdurmaların dərinləşdiyi bir zamanda, Azərbaycan sülh, tolerantlıq və humanizm ideyalarının real daşıyıcısı kimi çıxış edir. Bu isə ölkəmizin beynəlxalq nüfuzunun əsas mənəvi dayağıdır.

MTM Analitik Qrupu 

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?