Bu gün

İqtisadi və hərbi güc amili ölkəmizin diplomatik mövqelərini gücləndirir - TƏHLİL

İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizin beşinci ildönümü münasibətilə noyabrın 8-də paytaxtda keçirilməsi nəzərdə tutulan hərbi parad Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası, regionda separatizmə birdəfəlik son qoyulması ilə bağlı dünyaya verilən mühüm siyasi mesaj olmaqla yanaşı, ölkəmizin Ordu quruculuğu sahəsində əldə etdiyi nailiyyətlərin miqyasını da bir daha nümayiş etdirəcək.

Ölkəmizin hərbi cəhətdən güclənməsi, Ordunun modernləşməsi və Ermənistan üzərində üstünlüyünün daha da artması bir sıra ixtisaslaşmış beynəlxalq təşkilatların hesabatlarında və reytinq cədvəllərində öz əksini tapır. Azərbaycan “Global Firepower” tərəfindən tərtib edilən “Dünyanın ən güclü orduları – 2025” reytinqində 145 ölkə arasında 60-cı yerdə qərarlaşaraq hərbi potensialına görə Cənubi Qafqazda lider mövqeyini qoruyub. Müqayisə üçün qeyd edək ki, Gürcüstan siyahıda 94-cü, Ermənistan isə 91-ci yerdə qərarlaşıb. Təşkilatın apardığı təhlillər sübut edir ki, döyüş meydanında gücünü təsdiqləmiş Azərbaycan Ordusunun potensialı artıq region səviyyəsindən kənara çıxaraq bir sıra inkişaf etmiş ölkələrin orduları ilə müqayisə edilə biləcək səviyyəyə çatıb.

Son illərdə keçirilən hərbi paradlar ölkəmizin hərbi qüdrəti, müdafiə və döyüş potensialı, beynəlxalq əməkdaşlıq imkanları barədə həm ölkə ictimaiyyətinə, həm də beynəlxalq arenaya dolğun təsəvvür formalaşdırıb. Paradlar milli müdafiə sisteminin dayanıqlılığının, Ordumuzun çevik, müasir və yüksək döyüş qabiliyyətinə malik qüvvəyə çevrildiyinin bariz göstəricisinə çevrilib. Zəfər paradının əsas məqsədi də Silahlı Qüvvələrin əldə etdiyi nailiyyətləri və texnoloji potensialı bir daha nümayiş etdirməkdir. Planlaşdırılan tədbir həm də dövlətimizin sülh quruculuğu siyasətinin, regional təhlükəsizliyə baxışının və milli maraqları qorumaq əzminin təzahürüdür.

Zəfər paradı siyasi, hərbi və psixoloji aspektdən mühüm əhəmiyyət daşıyır və regionda postmüharibə reallıqlarının dəyişməzliyini təsdiqləyir. Azərbaycan ərazi bütövlüyünü və suverenliyini döyüş meydanında bərpa etmiş ölkə olaraq bu gün Cənubi Qafqazda əsas söz sahibidir. Son beş ildə Cənubi Qafqazda formalaşdırdığımız yeni geosiyasi reallıq ölkəmizin beynəlxalq nüfuzunu və mövqelərini daha da möhkəmləndirib. Qalib dövlət statusu Azərbaycanın siyasi manevr imkanlarını genişləndirməklə yanaşı, Ordu quruculuğuna yeni strateji yanaşma qazandırıb.

2020 və 2023-cü illərdə əldə edilən hərbi-siyasi uğurlar ölkəmizi arxayınlaşdırmayıb, əksinə, hərbi modernləşmə prosesini daha da sürətləndirib. Ötən dövrdə hərbi xərclərə dövlət büdcəsindən ayrılan vəsaitlərin artırılması, hərbi-sənaye kompleksinin inkişafı, komando hərbi birliklərinin yaradılması və digər tədbirlər Ermənistanı sülhə məcbur etməyə xidmət edib. Keçiriləcək hərbi parad isə xüsusən Ermənistanda hələ də sakitləşmək bilməyən radikal-revanşist qüvvələrə sərt xəbərdarlıqdır: Azərbaycan regiondakı geosiyasi reallığa təhdid yaradan bütün neqativ meyilləri dərhal və qətiyyətlə zərərsizləşdirməyə qadirdir.

Azərbaycan ərazi bütövlüyü məsələsində bundan sonra heç bir güzəştə getməyəcək. Güclü dövlət strukturları və qüdrətli Ordusu vasitəsilə ölkəmiz regionda sülhü və təhlükəsizliyi təmin edəcək. Azərbaycan malik olduğu hərbi potensialı ilə təkcə ərazi bütövlüyünün deyil, həm də Cənubi Qafqazda reallaşdırdığı beynəlxalq layihələrin təhlükəsizliyinin təminatçısı kimi çıxış edir. Parad zamanı nümayiş olunacaq hərbi texnika və canlı qüvvə kontingenti bu potensialın konkret ifadəsi olacaq.

Ölkəmizin beynəlxalq hərbi əməkdaşlığının dərinləşdirilməsi istiqamətində həyata keçirilən siyasət də Ordu quruculuğunun mühüm tərkib hissəsidir. Son beş ildə Türkiyə, Pakistan, İtaliya, İsrail, Gürcüstan, Özbəkistan, Qazaxıstan və digər ölkələrlə geniş hərbi-texniki tərəfdaşlıq əlaqələri qurulub. Bu əməkdaşlıq bir tərəfdən müdafiə sənayesinin modernləşməsini təmin edir, digər tərəfdən isə hərbi təlimlərin və beynəlxalq təcrübə mübadiləsinin səmərəliliyini artırır. Müxtəlif ölkələrlə keçirilən birgə təlimlər Ordunun taktiki çevikliyini, beynəlxalq əməliyyatlara uyğunlaşma qabiliyyətini və müasir müharibə tələblərinə hazırlığını yüksəldir.

Azərbaycanın müdafiə sənayesində son illərdə müşahidə edilən dinamik inkişaf milli təhlükəsizliyimizin möhkəmlənməsinə, hərbi-siyasi mövqelərimizin güclənməsinə və ölkəmizin regional güc mərkəzinə çevrilməsi prosesinə xidmət edən strateji kursun tərkib hissəsidir. Bu proses yalnız istehsal və texniki modernləşdirmə ilə məhdudlaşmır, eyni zamanda Azərbaycanın hərbi diplomatiya sahəsində nüfuzunun artmasına və beynəlxalq hərbi-texniki əməkdaşlıqda iştirak imkanlarının genişlənməsinə də təkan verir.

Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, ölkəmizin müdafiə sənayesi artıq yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu sahə ixracyönümlü sənaye istiqamətinə çevrilməkdədir və yaxın illərdə Azərbaycan yüz milyonlarla dollar həcmində hərbi təyinatlı məhsul ixrac edə biləcək. Bu, Azərbaycanın yalnız istehsalçı deyil, həm də innovativ texnologiyalar yaradan ölkə kimi beynəlxalq silah bazarında öz yerini möhkəmləndirəcəyinə dəlalət edir.

Hazırda Rusiya və İsrail kimi dünya silah bazarının əsas oyunçuları daha çox daxili ehtiyacların qarşılanmasına yönəldikləri üçün qlobal bazarda təklif azalır, tələbat isə artır. Belə bir şəraitdə Azərbaycan həm öz təhlükəsizlik ehtiyaclarını ödəmək, həm də ixracyönümlü müdafiə sənayesini inkişaf etdirməklə silah bazarında etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir. Noyabrın 8-də keçiriləcək hərbi parad bu potensialın ölkəmizin müdafiə sənayesi məhsullarının, Ordunun müasir təchizatının və milli hərbi texnologiyalarının dünyaya təqdimatı baxımından da mühüm əhəmiyyət daşıyacaq.

Bütün bunların fonunda demək olar ki, noyabrın 8-də keçirilməsi planlaşdırılan hərbi parad təkcə qələbəmizin rəmzi deyil, həm də Azərbaycanın hərbi-siyasi üstünlüyünü, gücünü və mövqelərini bir daha təsdiqləyən əlamətdar hadisə olacaq.

MTM Analitik Qrupu 

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?