Bu gün

Azərbaycanın dövlət müstəqilliyinin bərpasından 34 il ötür

Bu il Azərbaycan xalqı müasir tarixinin ən parlaq səhifələrindən birini – dövlət müstəqilliyinin bərpasının 34-cü ildönümünü böyük qürur hissi ilə qeyd edir.

Təhlil.az xəbər verir ki, 1991-ci il oktyabrın 18-də qəbul edilən “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” xalqımızın azadlıq arzularını reallığa çevirdi və milli dövlətçiliyin yeni mərhələsinin təməlini qoydu.

Müstəqilliyin ilk illəri Azərbaycan üçün ağır sınaqlar dövrü idi. Siyasi xaos, idarəolunmazlıq, vətəndaş qarşıdurması və iqtisadi böhran müstəqil dövlətin taleyini sual altına almışdı. Lakin xalqın təkidli tələbi ilə 1993-cü ildə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev bu tarixi məsuliyyəti öz üzərinə götürərək Azərbaycanı dağılmaq təhlükəsindən xilas etdi. Heydər Əliyevin uzaqgörən siyasəti, dövlətçilik iradəsi və müdrikliyi nəticəsində ölkədə sabitlik bərpa olundu, iqtisadi və siyasi əsaslar möhkəmləndirildi. “Müstəqilliyi qorumaq onu əldə etməkdən qat-qat çətindir” deyən Ulu Öndər qısa müddətdə Azərbaycanı dünya birliyinin nüfuzlu üzvünə çevirdi.

1994-cü ilin 20 sentyabrında imzalanan “Əsrin kontraktı” Azərbaycanın iqtisadi suverenliyinin rəmzinə çevrildi. Heydər Əliyevin müəllifi olduğu bu nəhəng neft sazişi ölkəmizin sərvətlərinin həqiqi sahibinə çevrilməsini təmin etdi, Azərbaycanı qlobal enerji xəritəsində mühüm oyunçuya çevirdi. Bu, həm də müstəqil dövlətin iqtisadi dayaqlarını gücləndirən, gələcək inkişafın bünövrəsini qoyan tarixi sənəd idi.

Ulu Öndərin müəyyən etdiyi strateji kurs bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Məhz bu davamlı siyasət nəticəsində Azərbaycan regionda söz sahibi, qlobal miqyasda isə etibarlı tərəfdaş dövlətə çevrilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə siyasi, iqtisadi, sosial və hərbi sahələrdə misilsiz tərəqqiyə nail olub. Azərbaycan bu gün regionda gedən strateji və iqtisadi proseslərin istiqamətini müəyyən edən lider ölkə statusundadır.

Azərbaycanın müstəqillik yolunun ən parlaq səhifəsi isə 2020-ci ilin 44 günlük Vətən müharibəsi oldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə Azərbaycan Ordusu işğal altındakı torpaqlarını azad etdi, düşməni kapitulyasiyaya məcbur etdi. Şuşanın azad olunması və 10 noyabr kapitulyasiya bəyanatı Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələndi. Bu Zəfər, Ulu Öndərin ömrü boyu arzuladığı missiyanın tamamlanması idi – Azərbaycanın torpaqlarında tam suverenlik.

Bu gün azad olunmuş ərazilərdə Böyük Qayıdış Proqramı uğurla həyata keçirilir. Qarabağ və Şərqi Zəngəzurda şəhərlər, kəndlər, infrastruktur və sosial obyektlər yenidən qurulur. Yeni yollar, hava limanları, yaşayış kompleksləri və məktəblər tikilir. Bu proseslər təkcə bərpa deyil, həm də yenidən doğuluşun simvoludur – Azərbaycanın hər daşı, hər küçəsi tarix və qəhrəmanlıqla yoğrulmuş bu torpaqlarda həyat əbədi olaraq bərqərar olur.

2023-cü ilin sentyabrında keçirilən lokal antiterror tədbirləri nəticəsində Qarabağda qondarma rejim ləğv edildi, ölkəmizin tam suverenliyi təmin olundu. Bu hadisə Azərbaycanın hərbi, siyasi və diplomatik gücünün təntənəsi idi. Bu gün üçrəngli Azərbaycan bayrağı ölkəmizin bütün şəhər və rayonlarında qürurla dalğalanır. Dövlətin möhkəm dayaqları, xalqın birliyi və Liderin qətiyyəti bir daha sübut etdi ki, Azərbaycanın müstəqilliyi sarsılmaz, əbədi və dönməzdir.

Azərbaycanın 34 illik müstəqillik tarixi azadlıq, iradə və milli birlik salnaməsidir. Ulu Öndər Heydər Əliyevin bərqərar etdiyi dövlətçilik təməlləri və Prezident İlham Əliyevin reallaşdırdığı Zəfərlər sayəsində Azərbaycan bu gün güclü, suveren və öz taleyinin sahibi olan müstəqil dövlətdir. Azərbaycanın müstəqilliyi – əbədi və dönməzdir.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?