Heydər Əliyev Fondu: mədəni irsin qlobal qoruyucusu - TƏHLİL

Müasir beynəlxalq münasibətlər sistemində hadisələrin inkişaf axarı getdikcə mürəkkəbləşir, ziddiyyət və qarşıdurmaların miqyası daha da genişlənir. Bu kontekstdə humanitar fəaliyyət və aksiyalara bəşəriyyətin ehtiyacı əvvəlkindən daha çoxdur.
Nəzərə alınmalıdır ki, humanitar fəaliyyət və diplomatiya yalnız yardımlarla məhdudlaşmır — o, həm də mədəniyyətlərarası dialoqun, qarşılıqlı hörmətin və sülhün möhkəmlənməsi üçün vacib vasitədir. Azərbaycan bu istiqamətdə fəal və ardıcıl siyasət yürüdərək beynəlxalq humanitar proseslərin mühüm iştirakçılarından birinə çevrilib. Ölkəmizin bu sahədə fəaliyyəti artıq dünya miqyasında uğurlu bir modelin formalaşmasına gətirib çıxarıb.
Birmənalı həqiqətdir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan təkcə regionda deyil, qlobal miqyasda da humanitar təşəbbüslərin mərkəzinə çevrilib. Bakı şəhəri bir çox beynəlxalq humanitar forumlara ev sahibliyi edib, burada qəbul olunan qərarlar müxtəlif sivilizasiyaların nümayəndələri arasında dialoqun dərinləşməsinə xidmət edir.
Azərbaycanın humanitar və mədəni diplomatiyasının ən parlaq nümunələrindən biri isə Heydər Əliyev Fondunun dünya miqyasında həyata keçirdiyi layihələrdir. Fondun fəaliyyəti təkcə ölkə daxilində deyil, həm də beynəlxalq səviyyədə mədəni irsin, tolerantlıq və qarşılıqlı hörmət prinsiplərinin təbliği ilə seçilir. Bu istiqamətdə xüsusi qeyd edilməli layihələrdən biri də Fondun Vatikanda həyata keçirdiyi genişmiqyaslı bərpa işlərinə verdiyi fəal dəstəkdir. Bu təşəbbüs Azərbaycanı sivilizasiyalararası dialoqun və mədəni müxtəlifliyin qorunmasının fəal iştirakçısına çevirən mühüm addımdır.
Xatırladaq ki, Heydər Əliyev Fondunun və Azərbaycandakı dini icmaların təmsilçilərinin Vatikana səfəri zamanı — 2021-ci il martın 4-də Fond və Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiya arasında XVIII əsrdə aşkar olunan Kommodilla katakombalarının bərpası ilə bağlı müqavilə imzalanıb.
Ötən əsrin 50-ci illərində bu ərazidə tikilən yaşayış binaları katakombanın statikasına mənfi təsir göstərmişdi. Heydər Əliyev Fondunun dəstəyi sayəsində böyük arxeoloji dəyərə malik bu abidə uçmaq təhlükəsindən qorunub. Bərpa prosesi zamanı ekoloji cəhətdən təmiz materiallardan istifadə olunub, müasir metod və texnologiyalar tətbiq edilib. Görülən işlər beynəlxalq miqyasda yüksək qiymətləndirilib.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Müqəddəs Taxt-Taca – Vatikana rəsmi səfəri çərçivəsində Müqəddəs Kommodilla katakombalarının bərpası layihəsinin açılış mərasimində iştirak edib və həyata keçirilmiş işlərlə tanış olub.
Vatikanın Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının prezidenti Monsenyor Paskuale Yakobone Kommodilla katakombalarının açılışında iştirakına görə Birinci vitse-prezident Mehriban Əliyevaya dərin təşəkkürünü ifadə edib. O, layihədən öncə də Azərbaycan tərəfi ilə iki digər mühüm layihənin icra olunduğunu xatırladaraq, Heydər Əliyev Fondunun dəstəyi ilə Müqəddəs Marçelino və Pietro, eləcə də Müqəddəs Sebastian katakombalarının bərpasına nail olunduğunu vurğulayıb:
“Heydər Əliyev Fondunun dəstəyi ilə mürəkkəb, lakin bizi ilhamlandıran və böyük enerji verən bərpa işlərini birgə həyata keçirdik”.
Mehriban Əliyeva çıxışında qeyd edib ki, son 14 ildə bu, onun Vatikana altıncı səfəridir:
“Mən çox şadam ki, bu illər ərzində çox gözəl əməkdaşlıq yaratmışıq. Buraya hər gəlişimizdə dostlarımızın sayı artır. Azərbaycan əsrlər boyu müxtəlif din və mədəniyyətlərin nümayəndələrinin birgə, qarşılıqlı hörmət və harmoniya şəraitində yaşadığı məkandır. Bu gün bu prinsiplər həm dövlət siyasətimizin əsasıdır, həm də həyat tərzimizdir. Əminəm ki, dövlətlərimiz arasında genişlənən əməkdaşlıq və dostluq əlaqələri dünyaya nümunədir... Heydər Əliyev Fondu olaraq bu əməkdaşlığı davam etdirməyə maraqlıyıq və hazırıq.”
Birinci vitse-prezident həmçinin Müqəddəs Pavel Bazilikasının baş keşişi kardinal Ceyms Harvinin müşayiəti ilə bazilikada Heydər Əliyev Fondunun dəstəyi ilə görülən bərpa və tikinti işləri ilə də tanış olub.
2024-cü il sentyabrın 11-də 25 ildən bir qeyd edilən “Yubiley İli” çərçivəsində Vatikan Şəhər Dövlətinin Qubernatorluğu ilə Heydər Əliyev Fondu arasında Müqəddəs Pavel Bazilikasının mərmər örtüklərinin və dekorativ elementlərinin qorunması və təmiri ilə bağlı sənəd imzalanıb. Bu işlər təkcə dini icmalar arasında deyil, bütün dünyada böyük məmnuniyyətlə qarşılanıb.
Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasında əməkdaşlıq bununla bitmir. 2024-cü il sentyabrın 10-da Fond, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Müqəddəs Taxt-Tacın “Bambino Gesu” pediatrik xəstəxanası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Mehriban Əliyeva səfəri çərçivəsində həmin xəstəxanada da olub. Bu əməkdaşlıq nadir xəstəliklər, molekulyar genetika, klinik diaqnostika və digər sahələrin inkişafına mühüm töhfə verəcək, azərbaycanlı alim və tədqiqatçılara qabaqcıl elmi təcrübələrə çıxış imkanı yaradacaq.
Bütün bu təşəbbüslər Heydər Əliyev Fondunun humanitar fəaliyyətinin həm ölkə daxilində, həm də qlobal miqyasda nə qədər mühüm əhəmiyyətə malik olduğunu göstərir. Fondun fəaliyyəti dünyanın müxtəlif regionlarında — Afrikadan Asiyaya, Avropadan Yaxın Şərqə qədər — məktəblərin, xəstəxanaların, mədəniyyət mərkəzlərinin inşası və bərpası ilə yadda qalıb.
Bundan əlavə, təbii fəlakətlər və münaqişələrdən zərər çəkmiş ərazilərə yardım göndərilməsi, qaçqın və məcburi köçkünlərə dəstək layihələri də Fondun humanitar diplomatiyasının əsas istiqamətlərindəndir.
İtaliyanın nüfuzlu “Il Messaggero” qəzetində dərc olunan “Gizli Roma: Azərbaycanın xeyriyyəçilik fəaliyyəti sayəsində Kommodilla katakombalarının freskaları yenidən canlandırılır” sərlövhəli məqalədə qeyd olunur ki, Heydər Əliyev Fondunun dəstəyi ilə Roma katakombalarının mühüm nümunəsi xilas edilib və bu, dünya mədəni irsi üçün xüsusi əhəmiyyət daşıyır.
Bütün bunlar Azərbaycanın mədəniyyətlərarası əməkdaşlıq və dialoqa verdiyi dəyərin növbəti sübutudur. Heydər Əliyev Fondunun fəaliyyəti ölkəmizi mədəni irsin qorunması sahəsində də dünya miqyasında etibarlı tərəfdaş kimi tanıdır.
MTM Analitik Qrupu