Bakıda iki avtobus toqquşdu: 7 nəfər xəsarət aldı

Paytaxtın Binəqədi rayonu, Balaxanı şossesində ağır yol-nəqliyyat hadisəsi baş verib. “İVECO” və “SAZ” markalı avtobusların toqquşması nəticəsində bir nəfər avtomobildə sıxılı vəziyyətdə qalıb.
Təhlil.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) açıqladığı məlumata əsasən, hadisə yerinə Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb edilib. Xilasedicilər deformasiyaya uğramış avtobusda sıxılmış sürücü Valeh Süleymanovu xüsusi avadanlıqların köməyi ilə çıxararaq təcili tibbi yardıma təhvil veriblər.
TƏBİB-dən bildirilib ki, hadisə nəticəsində 7 nəfər (6 kişi, 1 qadın) müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılardan 6-sı Sabunçu Tibb Mərkəzinə, 1 nəfər isə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onlardan birinin vəziyyəti ağır, beşinin vəziyyəti isə qənaətbəxşdir.
Hadisə ilə bağlı araşdırma aparılır.