17 oktyabr

Gəncəyə beşinci raket hücumundan beş il ötür - yaddaşlardan silinməyən gecə

Bu gün İkinci Qarabağ müharibəsi dövründə Ermənistan Silahlı Qüvvələrinin Gəncə şəhərinə beşinci dəfə raket zərbəsi endirməsindən 5 il keçir. 2020-ci il oktyabrın 17-si gecəsi Azərbaycanın ikinci böyük şəhəri növbəti dəfə terrorun hədəfinə çevrilmişdi.

Təhlil.az xəbər verir ki, gecə saat 01 radələrində düşmən ordusu cəbhə xəttindən onlarla kilometr uzaqlıqda yerləşən Gəncənin Cavadxan qəsəbəsini SCUD/Elbrus tipli əməliyyat-taktiki ballistik raketlərlə atəşə tutdu. Zərbə nəticəsində onlarla yaşayış evi tamamilə dağıldı, ailələr bir anda torpaq altında qaldı.

Həmin dəhşətli hücumda 14 nəfər həyatını itirdi, 55-dən çox insan yaralandı. Şəhid olanlar arasında uşaqlar, qadınlar və qocalar da var idi. Qəfil hücumun dağıtdığı ailələrin səssiz harayı bu gün də xalqın yaddaşından silinməyib.

Gəncəyə raket zərbələri təkcə bir şəhərə yox, bütöv bir millətin ürəyinə endirilmiş zərbə idi. Həmin gecə dünyanın gözü qarşısında Ermənistanın müharibə cinayətləri bir daha ifşa olundu.

Ümumilikdə, 2020-ci ilin oktyabrında Ermənistan ordusu Gəncəyə beş dəfə – 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriya hücumları həyata keçirdi. Nəticədə 26 nəfər şəhid oldu, 175 nəfər yaralandı, yüzlərlə ev və infrastruktur obyektinə ciddi ziyan dəydi.

Bu hücumlar Gəncəni qəhrəmanlıq və dözüm rəmzinə çevirdi. Şəhər dağıntılardan yenidən doğuldu, lakin o gecənin izləri – uçqun altından çıxarılan uşaqların oyuncaqları, anaların fəryadı və həyatları yarımçıq qalan ailələr – yaddaşlardan silinmədi.

Beş il sonra Azərbaycan bu faciəni təkcə kədər günü kimi deyil, həm də ədalətin və qisasın təcəssüm etdiyi tarix kimi xatırlayır. Çünki həmin gecə itirilən həyatların haqqı torpaqların azadlığı ilə alındı – Gəncənin göy üzündə ulduzlar yenidən azadlıq işığında parladı.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?