Skandinaviya ölkələri ilə Azərbaycan arasındakı tarixi və mədəni əlaqələrdən bəhs edən film nümayiş olunub

Brüsseldəki Flagey Mədəniyyət Mərkəzində Azərbaycanın İsveçdəki səfirliyinin dəstəyi və Belçikadakı səfirlimizin təşkilatçılığı ilə isveçli rejissor Mikael Silkebergin “The Odin Code” adlı sənədli filminin nümayişi keçirilib.
Təhlil.az AZERTAC-a xəbər verir ki, film Skandinaviya ölkələri ilə Azərbaycan arasındakı tarixi və mədəni əlaqələrdən bəhs edir, məşhur norveçli səyyah Tur Heyerdalın nəzəriyyəsinə əsaslanaraq bu münasibətlərin qədim köklərinə və müasir dövrdə qarşılıqlı anlayışa verdiyi töhfələrə işıq tutur.
Filmin nümayişindən əvvəl çıxış edən Azərbaycanın Belçikadakı səfir Vaqif Sadıqov belə mədəni tədbirlərin xalqlar arasında qarşılıqlı anlaşmanın, mədəni dialoqun və dostluq əlaqələrinin inkişafına mühüm töhfə verdiyini qeyd edib.
Rejissor Mikael Silkeberg çıxışında filmin yaradılma prosesi barədə məlumat verərək bildirib ki, bu layihə onu Skandinaviya və Azərbaycan arasında qədim dövrlərdən bəri mövcud olan tarixi bağları daha dərindən araşdırmağa ilhamlandırıb. O əlavə edib ki, “The Odin Code” yalnız bir sənədli film deyil, həm də mədəniyyətlərarası körpülərin qurulmasına çağırışdır.
Filmin nümayişindən sonra qonaqlar üçün ziyafət təşkil olunub.
Tədbirdə diplomatik korpusun üzvləri, Belçika ictimaiyyətinin nümayəndələri və Azərbaycan icmasının üzvləri iştirak ediblər.