Bu gün

“Düşənbə görüşü Azərbaycan–Rusiya münasibətlərində yeni mərhələnin başlanğıcıdır” - RƏY

Azərbaycan və Rusiya prezidentlərinin Düşənbədə baş tutan görüşü iki ölkə arasında münasibətlərin işlək formatda saxlanılması niyyətini nümayiş etdirdi.

Bu fikirləri təhlil.az saytına Kahramanmaraş Sütçü İmam Universitetinin Siyasi elmlər və beynəlxalq əlaqələr kafedrasının müdiri, tarix və iqtisad elmləri doktoru, professor Toğrul İsmayıl açıqlamasında deyib. 

O bildirib ki, MDB sammiti çərçivəsində keçirilən Prezident İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin görüşü Bakı ilə Moskva arasında münasibətlərin hazırkı vəziyyətini əks etdirən bütün əsas elementləri özündə ehtiva edib:

“Düşənbədə Azərbaycan və Rusiya liderlərinin görüşündən sonra demək olar ki, münasibətlərdə yeni, praqmatik yaxınlaşma mərhələsi başlayır. Bu, qarşılıqlı əlaqələrin müəyyən çərçivələrdə və daha aydın qaydalar əsasında davam etdirilməsinə yönəlib”. 

Ekspert liderlər arasında keçirilən görüşü iki ölkə arasında münasibətlərin sabitləşdirilməsinə yönəlmiş cəhd kimi dəyərləndirib. 

“Bu, uzun müddətdən sonra baş tutan ilk səmimi və pozitiv dialoq idi. Əvvəlki gərgin dövrlərdə tərəflər arasında qarşılıqlı ittihamlar və informasiya toqquşmaları müşahidə olunurdu. Kreml, əslində, AZAL təyyarəsinin vurulması məsələsində səhv etdiyini etiraf etməklə bir növ üzrxahlıq nümayiş etdirdi. Bakı bu məsələyə soyuqqanlı yanaşdı və hadisəni siyasi müstəviyə keçirmədi. Bu isə onu göstərir ki, hər iki tərəf strateji qarşıdurma istəmir və münasibətləri praqmatik məcraya qaytarmaq niyyətindədir”, - deyə ekspert qeyd edib. 

Professor vurğulayıb ki, hələlik tərəflər bütün məsələləri həll etməyiblər, lakin Düşənbə görüşü simvolik baxımdan mühüm hadisə sayılır:

“Bu görüş Bakı və Moskvanın birbaşa, lakin ehtiyatlı dialoqu bərpa etməyə hazır olduqlarını nümayiş etdirdi. Hələ bütün məsələlər həll olunmayıb, amma tərəflərin münasibətləri sabit saxlamaq istəyi aydın hiss olunur”.

T. İsmayılın fikrincə,  Azərbaycan və Rusiya əvvəlki strateji tərəfdaşlıq səviyyəsinə qayıtmaq niyyətində olmasalar da, işlək münasibət formatını qorumaqda maraqlıdırlar:

“Bu, kursun dəyişməsi deyil, tonallığın korreksiyasıdır. Görüşü müəyyən mənada ‘taktiki fasilə’ kimi də dəyərləndirmək olar. Bu, hər iki tərəfin qarşılıqlı etimadı bərpa etməyin nə dərəcədə faydalı olduğunu qiymətləndirdiyi bir mərhələdir. Rusiya üçün bu, regiondakı azalan təsirini saxlamaq baxımından vacibdir, Azərbaycan üçün isə – diplomatik manevr imkanlarını qorumaq üçün”.

Ekspert əlavə edib ki, Moskva ən azı ənənəvi müttəfiqlik görüntüsünü bərpa etməyə çalışır, Bakı isə Türkiyə, Rusiya və Qərb arasında balanslı siyasət yürütməyə davam edir:
“Əsas odur ki, münasibətlərdə müşahidə olunan mənfi dinamika dayandırılıb, baxmayaraq ki, hələ radikal dönüş baş verməyib. Etimad tam bərpa olunmayıb, amma ünsiyyət kanalları yenidən açılıb. Bu isə olduqca mühüm göstəricidir”.

Rasim Babayev

SORĞU

Futbol üzrə Azərbaycan milli komandasının gələcəyi

Milli komandanın baş məşqçisinin seçilməsi üçün hansı meyarlar vacibdir?