Bu gün

Bakı, Ankara və Tbilisi – təhlükəsizliyin üç sütunu - TƏHLİL

Bir neçə gün əvvəl Ankarada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirləri arasında keçirilən 12-ci üçtərəfli görüşdən dərhal sonra üç ölkə arasında hərbi sahədə əməkdaşlıq daha da intensivləşib. Hər üç ölkənin müdafiə nazirlikləri arasında imzalanmış hərbi əməkdaşlıq planına əsasən, Türkiyənin Qars vilayətində üçtərəfli “Eternity-2025” kompüter dəstəkli komanda-qərargah təliminin keçirilməsi bu prosesin bariz nümunəsidir.

Bu təlim təkcə hərbi güc nümayişi deyil, həm də regionda sülh və sabitliyin qorunması məqsədinə xidmət edən siyasi iradənin ifadəsi kimi dəyərləndirilir. İki mərhələdə icra ediləcək təlim üç ölkənin ərazisindən keçən strateji obyektlərin və kommunikasiya xətlərinin taktiki səviyyədə mühafizəsi və müdafiəsi ssenarisi üzərində qurulub. Müntəzəm xarakter alan bu və digər təlimlər regional müdafiə mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində praktik addımlar kimi qiymətləndirilə bilər.

Azərbaycan, Türkiyə və Gürcüstan uzun illərdir ki, regionun təhlükəsizliyinin təmin olunması, enerji və nəqliyyat layihələrinin dayanıqlı fəaliyyəti üçün birgə səylər göstərirlər. Bu əməkdaşlığın təməli enerji diplomatiyası ilə qoyulsa da, son onillikdə hərbi və təhlükəsizlik aspektləri xüsusi prioritet qazanıb. Bakı–Tbilisi–Ceyhan, Bakı–Tbilisi–Qars və Cənub Qaz Dəhlizi kimi strateji layihələr üç ölkə arasında qarşılıqlı etimadı gücləndirməklə yanaşı, ortaq müdafiə maraqları ətrafında birləşmə üçün əsas baza yaradıb. Bu layihələr təkcə iqtisadi əhəmiyyət daşımır, həm də Cənubi Qafqazda “təhlükəsizlik çətiri” funksiyasını yerinə yetirir. Bu xətlərin təhlükəsizliyinin təmin olunması həm iqtisadi sabitliyə, həm də geosiyasi balansın qorunmasına xidmət edir.

Son beş ildə Cənubi Qafqazın geosiyasi mənzərəsi köklü şəkildə dəyişib. Ermənistanın işğal siyasətinə son qoyulması, regionda sülh quruculuğu proseslərinin aktivləşməsi və beynəlxalq güc mərkəzlərinin bölgəyə artan marağı təhlükəsizlik məsələlərini daha da aktuallaşdırıb. Bu şəraitdə Azərbaycan–Türkiyə–Gürcüstan üçlüyü regional təhlükəsizlik sisteminin əsas sütununa çevrilib. Hər üç ölkə NATO ilə sıx əməkdaşlıq edir, beynəlxalq təhlükəsizlik mexanizmlərində fəal iştirak göstərir və regional risklərə qarşı birgə cavab strategiyası formalaşdırır. Türkiyənin NATO-nun aparıcı üzvlərindən biri kimi təcrübəsi və hərbi-sənaye potensialı Azərbaycanın və Gürcüstanın müdafiə sistemlərinin modernləşdirilməsinə real töhfə verir.

Üçtərəfli formatda müdafiə nazirləri arasında görüşlər artıq ənənəvi xarakter alıb və hər il yeni prioritetlər müəyyənləşdirir. Əvvəlki görüşlərdə olduğu kimi, bu dəfə də əsas müzakirə mövzularından biri müasir çağırışlara çevik reaksiya vermək və mümkün təhdidlərə qarşı birgə fəaliyyət mexanizmlərini təkmilləşdirmək olub. Hərbi əməkdaşlıqla yanaşı, tərəflər arasında informasiya mübadiləsinin, həmçinin təhlükəsizlik sahəsində elmi-texnoloji əməkdaşlığın gücləndirilməsi xüsusi vurğulanıb.

Azərbaycan ilə Gürcüstan arasında 2023-cü ildə imzalanmış “Müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş” bu əlaqələrin hüquqi bazasını daha da möhkəmləndirib. Sənəd hərbi təhsil, təlimlər, sülhməramlı əməliyyatlarda birgə iştirak, kibertəhlükəsizlik və humanitar minatəmizləmə kimi sahələri əhatə edir. Bu əməkdaşlıq regionda sabitliyin bərqərar olması üçün mühüm addım olmaqla yanaşı, Azərbaycanın postmünaqişə dövründə sülh təşəbbüslərinə sadiqliyinin göstəricisidir.

Türkiyə ilə hərbi-texniki əməkdaşlıq Azərbaycanın müdafiə qabiliyyətinin yüksəldilməsində həlledici rol oynayır. İki ölkə arasında müntəzəm keçirilən təlimlər və təchizat proqramları Azərbaycan Ordusunun çevikliyini və döyüş hazırlığını artırır. Türkiyə Silahlı Qüvvələrinin təcrübəsi Azərbaycanın ordu quruculuğunda mühüm model sayılır. Gürcüstanın bu formatda iştirakı isə regionun Qara dəniz–Xəzər təhlükəsizlik xətti üzrə konsepsiyasını tamamlayır. Tbilisinin NATO ilə inteqrasiyaya can atması və bu prosesdə Azərbaycanla Türkiyənin dəstəyi regionun Qərb təhlükəsizlik arxitekturası ilə qarşılıqlı əlaqəsini gücləndirir. Eyni zamanda, üç ölkə Cənubi Qafqazda sülhün qorunmasında əsas qüvvələrdən biri kimi çıxış edir.

Üçtərəfli hərbi əməkdaşlığın dərinləşməsi regionda geosiyasi balansın qorunmasına, xarici müdaxilələrin qarşısının alınmasına və sülh təşəbbüslərinin dayanıqlılığına xidmət edir. Azərbaycan, Türkiyə və Gürcüstan birgə fəaliyyəti ilə sübut edirlər ki, Cənubi Qafqazda təhlükəsizlik kənar güclərin diktəsi ilə deyil, məhz regional dövlətlərin siyasi iradəsi və qarşılıqlı etimadı ilə mümkündür. Azərbaycan ordu quruculuğu prosesini yeni çağırışlara uyğunlaşdırmaq üçün NATO və bu hərbi-siyasi bloka üzv ölkələrlə əməkdaşlığı genişləndirir. Ölkəmizin hərbi potensialını gücləndirən bu və digər addımlar regionda sülh prosesinə mane olmağa çalışan qüvvələrə aydın və sərt ismarıc verir.

MTM Analitik Qrupu

SORĞU

Futbol üzrə Azərbaycan milli komandasının gələcəyi

Milli komandanın baş məşqçisinin seçilməsi üçün hansı meyarlar vacibdir?