Bu gün

Moskvanın təklifi artıq yeganə çıxış yolu deyil - ŞƏRH

Cənubi Qafqazda sülh gündəliyinin irəlilədiyi bir vaxtda Moskva diplomatik fəallığını artırıb. Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin son bəyanatında bildirib ki, Azərbaycan və Ermənistan arasında imzalanacaq sülh müqaviləsi üçün Moskvanın platforma təklifi qüvvədə qalır.

Qaluzinin bəyanatı, ilk növbədə, Rusiyanın regionda azalan təsirini bərpa etmək məqsədilə başladığı simvolik və strateji mübarizə kimi qiymətləndirilə bilər. Çünki diplomat açıq şəkildə vurğulayıb ki, “Rusiya sülh müqaviləsinin imzalanması üçün münasib şərait yaratmağa hazırdır”. Halbuki sülh sənədinin bu ilin avqustunda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə paraflandığı Kremlə yaxşı məlumdur.

Bu səbəbdən Qaluzinin bəyanatı ikiqat məna daşıyır. Birincisi, Moskva prosesdən tam kənarlaşdırılmadığını göstərmək istəyir. İkincisi isə Qərbin təşəbbüsü ilə Vaşinqtonda razılaşdırılmış sənədin məhz Rusiya himayəsində rəsmiləşdirilməsinə çalışır. Bu, Rusiyanın Cənubi Qafqazda diplomatik “geri dönüş cəhdi” kimi də dəyərləndirilir.

Rusiya üçün sülh müqaviləsinin məzmunundan daha vacibi, onun harada və kimin vasitəçiliyi ilə imzalanacağıdır. Moskva üçün bu mərasim postimperiya nüfuzunun simvolik bərpası ola bilər. Bu yolla Kreml Qərbə, xüsusilə də ABŞ və Avropa İttifaqına “Cənubi Qafqazda hələ də mən varam” mesajı verməyə çalışır. Eyni zamanda həm Ermənistana, həm də Azərbaycana “vasitəçisiz barışa bilməzsiniz” xəbərdarlığı edir.

Əgər müqavilə Moskvada imzalansa, Kreml bunu diplomatik qələbə kimi təqdim edəcək və daxili auditoriyada Rusiyanın regiondakı təsirinin davam etdiyini sübut etməyə cəhd göstərəcək.

Hazırda sülh prosesi iki paralel xətt üzrə irəliləyir. Birinci — Vaşinqton xəttidir ki, ABŞ-ın dəstəklədiyi və tərəflərin avqust ayında ilkin razılığa gəldiyi sənədlə rəsmiləşib. İkinci isə Moskva xəttidir və bu, Rusiyanın vasitəçiliyi ilə 2020-ci il 10 noyabrda imzalanmış bəyanata əsaslanır.

Bu iki yanaşma arasındakı əsas fərq vasitəçiliyin xarakterindədir. Vaşinqton prosesi beynəlxalq hüquq və ikitərəfli sülh prinsipləri üzərində qurur, Moskva isə təhlükəsizlik və nəqliyyat razılaşmaları vasitəsilə regional təsirini qorumağa çalışır. Başqa sözlə, bu, sülh müqaviləsi uğrunda geosiyasi rəqabət mərhələsidir.

Ermənistan üçün Moskva artıq etibarlı tərəfdaş sayılmır. Paşinyan hökuməti Brüssel və Vaşinqton formatlarına üstünlük verir, çünki Rusiya vasitəçiliyinin Qarabağ böhranında nəticə vermədiyini düşünür.

Azərbaycan isə daha praqmatik mövqe tutur. Bakı üçün əsas olan sülh sənədinin məzmunu və dövlət suverenliyinin tanınmasıdır. İmzalama məkanına gəldikdə isə Azərbaycan dəfələrlə vurğulayıb ki, bu məsələ onun üçün xüsusi əhəmiyyət daşımır. Əsas odur ki, sülh sazişi imzalansın və sənəd tərəflərin maraqlarını tam əks etdirsin.

Hazırkı mərhələdə Trampın vasitəçiliyi Bakı üçün də kifayət qədər cəlbedici görünür. ABŞ Prezidenti müxtəlif beynəlxalq tədbirlərdə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin paraflanmasını mühüm hadisə kimi qeyd edir və hər iki liderə göstərdikləri mövqeyə görə təşəkkürünü bildirir.

Məhz belə bir məqamda Qaluzinin bəyanatı göstərir ki, Moskva sülh təşəbbüskarı imicini bərpa etməyə çalışır. Bunun üçün o, üçtərəfli bəyanatlara istinad edərək hüquqi əsas yaratmağa, Ermənistana təhlükəsizlik zəmanətləri verməyə və regionda sabitlik, nəqliyyat dəhlizlərinin açılması kimi təklifləri yenidən gündəmə gətirməyə çalışır.

Lakin reallıq ondan ibarətdir ki, sülh artıq Moskvanın deyil, regionun imtahanıdır. Rusiya sülhün mahiyyətinə deyil, onun simvolikasına fokuslanıb. Halbuki regionun reallığı dəyişib: Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından uzaqlaşır, Azərbaycan müstəqil və balanslı xarici siyasət yürüdür, Türkiyə, ABŞ və Avropa İttifaqı bölgədə yeni diplomatik mərkəzlər formalaşdırır. Belə şəraitdə Moskvanın təklifi artıq əvvəlki kimi yeganə çıxış yolu deyil.

MTM Analitik Qrupu 

SORĞU

Futbol üzrə Azərbaycan milli komandasının gələcəyi

Milli komandanın baş məşqçisinin seçilməsi üçün hansı meyarlar vacibdir?