“Prezident İlham Əliyev və Paşinyan Trampın sülh siyasətinin mərkəzində dayanırlar" - AÇIQLAMA

"Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ Prezidenti Donald Trampın siyasi gündəminin və maraq dairəsinin mərkəzində dayanırlar . Belə ki, Donald Tramp Ermənistan–Azərbaycan sülh prosesini xatırladır və bunu həmişə pozitiv kontekstdə edir. O, bu məsələni NOBEL Sülh Mükafatının verilməməsindən sonra belə gündəmdə saxlayır. Bu da onu göstərir ki, Vaşinqton razılaşması hələ də ən uğurlu və davamlı nəticə verən sülh təşəbbüslərindən biridir”.
Bu fikirləri təhlil.az saytına Cənubi Qafqaz Araşdırmaları Mərkəzinin direktoru, “Valday” Diskussiya Klubunun eksperti, Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) keçmiş direktoru Fərhad Məmmədov açıqlamasında deyib.
O bildirib ki, 8 avqust 2025-ci il tarixində Vaşinqtonda keçirilən görüşdən sonra Prezident İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan, ABŞ prezidentinin sülh prosesindəki rolunu açıq şəkildə qəbul edirlər:
“Azərbaycan və Ermənistan liderləri sülh gündəliyinin genişlənməsi üçün maksimum səy göstərirlər. Çünki sülh istiqamətində atılan hər addım avtomatik olaraq Trampın rolunun etirafı deməkdir. Bu, həm Prezident İlham Əliyev, həm də Nikol Paşinyanın çıxışlarında da öz əksini tapır”.
Ekspert qeyd edib ki, Azərbaycanın xarici siyasət gündəliyində Yaxın Şərq məsələləri getdikcə daha çox yer almağa başlayıb:
“Son 10 gün ərzində Prezident İlham Əliyevin Avropa Siyasi Birliyi, Türk Dövlətləri Təşkilatı və MDB sammitlərində iştirakı diqqətləri Azərbaycanın çoxsaylı və çoxmərtəbəli geosiyasi kimliyinə çəkmişdi. Məncə, Prezidentin Yaxın Şərq Sülh Sammitində iştirakı da bu kimliyi tamamlayan mühüm element oldu”.
F. Məmmədov vurğulayıb ki, Azərbaycan həm də postsovet məkanında da iqtisadi əlaqələri genişləndirir:
“İstəsək də, istəməsək də, bu məkan tarixən Rusiyanın təsir dairəsində olub və orada çoxlu sayda azərbaycanlı yaşayır. Bizim həmin regionla həm köhnə, həm də yeni iqtisadi əlaqələrimiz var. Buna görə də Azərbaycan bir istiqamətə bağlı qalmaq əvəzinə bütün coğrafiyalarda aktiv siyasət aparmalıdır”.
Ekspert qeyd edib ki, Azərbaycan eyni zamanda Çin və ABŞ kimi qlobal mərkəzlərlə də əlaqələrini paralel şəkildə inkişaf etdirir:
“Bu, çox mürəkkəb, amma Azərbaycanın diplomatiyası tərəfindən uğurla idarə olunan prosesdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əsas məqsədi risklərin təsirini minimuma endirmək və yaranan imkanlardan maksimum faydalanmaqdır. Bu, ölkənin xarici siyasətinin əsas strateji xəttidir”.
Vaşinqton görüşündən sonra bir sıra Avropa ölkələrinin Bakı ilə münasibətlərin normallaşdırılması təşəbbüsü ilə çıxış etməyə başladığını xatırladan ekspert əlavə edib ki, vaxtilə Ermənistana görə Azərbaycanla münasibətləri gərginləşdirən bəzi Avropa dövlətləri hazırda ölkəmizlə i əlaqələrinin bərpasında maraqlıdırlar”.
F. Məmmədov Yaxın Şərq Sülh Sammitinin nəticələrinə də toxunub:
“Biz gördük ki, ABŞ regionda əməkdaşlıq edəcəyi ölkələrin dairəsini müəyyənləşdirdi. Birinci mərhələdə bu ölkələr arasında Türkiyə, Misir, Qətər və dolayısı ilə Səudiyyə Ərəbistanı yer alır. İkinci mərhələdə isə ABŞ-nin əməkdaşlıq etməyi planlaşdırdığı daha geniş ölkə qrupu var və bu siyahıya Azərbaycan və Ermənistan da daxildir. Hazırda bu sazişin əsas nəticəsi Qəzza zolağında hərbi əməliyyatların dayandırılması, girovların azad olunması və İsrail-Fələstin münasibətlərində qarşılıqlı addımların atılmasıdır”.
Ekspert əlavə edib ki, Azərbaycanın diplomatik fəallığı və çoxvektorlu siyasəti onu həm regional, həm də qlobal miqyasda etibarlı tərəfdaşa çevirib.
Rasim Babayev