Bu gün

Qələbədən sülhə: Prezident İlham Əliyevin 22 illik siyasi xəritəsi - ŞƏRH

Oktyabrın 15-i Azərbaycan tarixində sadəcə bir təqvim günü deyil, dövlətçilik salnaməmizin yeni səhifəsidir. 2003-cü ilin məhz bu günündə İlham Əliyev ilk dəfə Azərbaycan Prezidenti seçildi. O vaxtdan 22 il keçir. İndi geriyə baxanda aydın görünür ki, bu illər təkcə siyasi liderin yüksəliş tarixi deyil, həm də bütöv bir dövlətin yenidən formalaşması dövrü olub.

2003-cü ilin seçkiləri ərəfəsində Ulu Öndər Heydər Əliyev xalqa müraciətində oğlu İlham Əliyevi “siyasi varis” kimi təqdim edərək, onun praqmatik düşüncəsini, enerjisini və milli ideyaya sədaqətini vurğulamışdı. O, tarixi müraciətdə deyirdi:

“İlham Əliyev mənim davamçım, gələcəyimizə ümidimdir. Mən ona özüm qədər inanıram”.

O zaman bu sözlər təkcə siyasi bəyanat deyildi, eyni zamanda dövlətçilik fəlsəfəsinin varislik prinsipi idi. 22 il sonra bu etimadın necə doğrulduğunu tarix özü sübut etdi.

Prezident İlham Əliyev hakimiyyətə gəldiyi vaxt Azərbaycan həm iqtisadi, həm də siyasi cəhətdən transformasiya mərhələsində idi. Sonrakı illərdə bu proseslər ardıcıl şəkildə dərinləşdi. İqtisadiyyat neft gəlirlərindən asılı vəziyyətdən çıxmağa başladı, beynəlxalq əlaqələr çoxvektorlu xarakter aldı, ordu isə regionun ən güclü hərbi qüvvələrindən birinə çevrildi.

Bu dövrün ən parlaq səhifəsi isə, şübhəsiz ki, 2020-ci ilin 44 günlük Vətən müharibəsi idi. Məhz həmin günlərdə Prezident İlham Əliyevin liderlik keyfiyyətləri xalqın gözü qarşısında real gücə çevrildi. Dövlət başçısının hər çıxışı cəbhədə irəliləyişin xəbərçisi, xalq üçün motivasiya mənbəyi oldu. Qarabağın azadlığı, ərazi bütövlüyünün bərpası artıq bir ideya yox, reallıq idi.

Bu gün isə Azərbaycanın qarşısında başqa bir mərhələ dayanır. Sülhün qorunması və inkişafın bərpası. 2025-ci ilin avqustunda ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Vaşinqtonda imzalanan sülh bəyannaməsi Cənubi Qafqazda onilliklərdir davam edən münaqişənin sonuna nöqtə qoydu.

Prezident İlham Əliyev bu mərhələdə də lider diplomatiyasının nümunəsini göstərdi. Müharibəni qələbə ilə bitirən ölkə indi sülhü bərqərar edən regional gücə çevrilib. Qarabağda bərpa işləri, köçkünlərin yurdlarına qayıdışı və infrastruktur layihələri Azərbaycanın yeni tarixinin əsas mövzusuna çevrilib.

22 il ərzində Prezident İlham Əliyev xalqa verdiyi vədləri ardıcıl şəkildə yerinə yetirib. Bu illər ərzində Azərbaycan iqtisadi, sosial və diplomatik cəhətdən tamamilə fərqli səviyyəyə yüksəlib. Bu gün Bakı regional və beynəlxalq layihələrin mərkəzinə çevrilib, Azərbaycanın səsi isə dünya platformalarında aydın eşidilir.

Ən vacibi isə, xalqla dövlət arasında yaranan qarşılıqlı etimad müstəqil Azərbaycanın sabitliyinin dayağına çevrilib.

Əgər 2003-cü ildə Ulu Öndər “İlham Əliyev başladığım işi davam etdirəcək” demişdisə, 22 il sonra Azərbaycan xalqı bu sözlərin reallaşdığının  şahiddir. Qarabağın azadlığı, ölkənin modernləşməsi, güclü ordu, sabit iqtisadiyyat o siyasi iradənin təcəssümüdür.

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yeni mərhələdədir - sülhün, bərpa və inkişafın mərhələsində.

Qarabağ artıq qayıdışın, dirçəlişin və gələcəyə inamın simvoludur.

Nailə Məhərrəmova 

SORĞU

Futbol üzrə Azərbaycan milli komandasının gələcəyi

Milli komandanın baş məşqçisinin seçilməsi üçün hansı meyarlar vacibdir?