Bu gün

Zəfərə gedən yolun 18-ci günü: Daha 8 kənd azad!

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. İgid döyüşçülərimiz 44 gün ərzində ardıcıl irəliləyərək otuz il işğal altında qalan torpaqlarımızı azad etdi və yeni bir qəhrəmanlıq dastanı yazdı.

Təhlil.az xəbər verir ki, 44 günlük Vətən müharibəsinin 18-ci günü Azərbaycan Ordusunun uğurlu əməliyyatları ilə yadda qaldı.

Həmin gün Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu, eləcə də Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə və Tağaser kəndləri işğaldan azad edildi. Bu barədə məlumatı Prezident İlham Əliyev özünün rəsmi “X” (Twitter) səhifəsində paylaşaraq, növbəti qələbə xəbərini xalqla bölüşdü.

Azərbaycan Ordusu gecə və səhər saatlarında düşmənin ümumilikdə üç ədəd “Elbrus” tipli raket qurğusunu dəqiq zərbələrlə məhv etdi. Bu əməliyyat Ermənistanın hərbi imkanlarına ciddi zərbə vurmaqla yanaşı, cəbhə xəttində strateji üstünlüyün tam şəkildə ordumuzun tərəfinə keçməsini təmin etdi.

Eyni zamanda, müharibə dövründə Ermənistan silahlı qüvvələri dinc əhalini hədəfə alaraq yaşayış məntəqələrimizi artilleriya və raket atəşinə tutmağa davam edirdi. Sentyabrın 27-dən oktyabrın 14-dək aparılan hücumlar nəticəsində 43 mülki şəxs həlak olub, 214 nəfər xəsarət alıb. 1505 ev, 66 çoxmənzilli bina və 277 mülki obyekt yararsız vəziyyətə düşüb. Tərtər rayonuna edilən hücumlar zamanı isə 8 nəfər dinc sakin yaralanıb.

Hər keçən gün Azərbaycan Ordusu düşməni daha da geri oturdur, xalq isə azadlıq xəbərini səbr və inamla gözləyirdi. Müharibənin bu mərhələsi həm döyüş meydanında, həm də cəbhəarxasında ruh yüksəkliyinin artdığı, qələbə əzminin möhkəmləndiyi dövr kimi tarixə düşdü. 44 günün sonunda isə Azərbaycan Ordusunun rəşadəti nəticəsində torpaqlarımız azad edildi, Vətən müharibəsi qələbə ilə başa çatdı.

 

SORĞU

Futbol üzrə Azərbaycan milli komandasının gələcəyi

Milli komandanın baş məşqçisinin seçilməsi üçün hansı meyarlar vacibdir?