13 oktyabr

Azərbaycan, Türkiyə və Pakistan birliyinin “parlament modeli” formalaşır - TƏHLİL

Müasir beynəlxalq münasibətlər sistemi dinamik dəyişikliklər dövrünü yaşayır. Yeni güc mərkəzlərinin meydana gəlməsi, regional alyansların formalaşması və qarşılıqlı iqtisadi-siyasi asılılığın artması dövlətlərin müxtəlif formatlarda əməkdaşlığını aktuallaşdırır. Bu reallıq yeni əməkdaşlıq modellərinin yaranmasını, dövlətlərarası münasibətlərin hökumətlər, parlamentlər və ictimai institutlar səviyyəsində inkişafını zəruri edir.

Müasir dövrdə parlament diplomatiyası ənənəvi diplomatik münasibətlərin mühüm tamamlayıcısı kimi çıxış edərək, dövlətlər arasında müttəfiqliyi gücləndirir, uzunmüddətli etimadın formalaşmasına xidmət edir. Oktyabrın 13-də Pakistanın paytaxtı İslamabadda işinə başlayan Azərbaycan-Türkiyə-Pakistan parlament sədrlərinin üçüncü üçtərəfli görüşü də mövcud geosiyasi çağırışlar fonunda ölkələrimiz arasında əməkdaşlığın çoxşaxəli xarakter daşıdığını təsdiqləyir. Görüşün əsas mövzusunun “Qardaşlıq əlaqələrinin möhkəmləndirilməsi: sülh, təhlükəsizlik və rifah naminə parlament əməkdaşlığı” adlandırılması da təsadüfi deyil – bu, həm beynəlxalq arenada müşahidə olunan geosiyasi reallıqların, həm də üç qardaş ölkənin ortaq strateji maraqlarının məntiqi nəticəsidir.

Beynəlxalq hüququn təsir gücünün zəifləməsi, regional münaqişələrin artması xüsusilə müttəfiq ölkələr arasında etimad və həmrəyliyin gücləndirilməsini zəruri edir. Ukraynada davam edən müharibə, Yaxın Şərqdəki gərginliklər, enerji bazarındakı qeyri-müəyyənlik və digər qlobal problemlər fonunda regional əməkdaşlıq formatları daha da aktuallaşıb. Bu kontekstdə Azərbaycan, Türkiyə və Pakistan kimi mühüm geosiyasi mövqeyə malik, İslam həmrəyliyinə və beynəlxalq ədalət prinsiplərinə sadiq ölkələrin birgə, koordinasiyalı fəaliyyəti dünyada sülh və sabitliyə dəyərli töhfə verir.

Üçtərəfli əməkdaşlıq formatının inkişafı son illərdə hər üç ölkənin xarici siyasət doktrinasının vacib hissəsinə çevrilib. Xüsusən, ölkəmizin 2020-ci ildən sonra Cənubi Qafqazda yaratdığı yeni geosiyasi reallıqlar – ərazi bütövlüyümüzün bərpası, iki ay əvvəl Zəngəzur dəhlizinə dair əldə olunan razılaşma, Orta Dəhlizin inkişafı layihələrinin aktuallaşması Türkiyə və Pakistanla əməkdaşlığımıza daha geniş imkanlar açıb.

Azərbaycan, Türkiyə və Pakistanı dil, din, mədəni yaxınlıq və tarixi əlaqələrlə yanaşı, ədalətə və suverenlik prinsiplərinə əsaslanan ortaq baxışlar birləşdirir. Ölkəmizin ərazi bütövlüyü uğrunda apardığı mübarizə hər zaman rəsmi Ankara və İslamabad tərəfindən dəstəklənib. Dövlət müstəqilliyimizi tanıyan ilk ölkələrdən olan Türkiyə və Pakistan bu günədək beynəlxalq təşkilatlarda Azərbaycanın haqq işinə sadiq qalırlar.

Xatırladaq ki, üç ölkənin parlament sədrlərinin ilk görüşü 2021-ci ilin iyununda Bakıda keçirilib. Həmin görüşdə imzalanmış “Bakı Bəyannaməsi”ndə parlamentlərarası əlaqələrin institusional əsaslarının möhkəmləndirilməsi, davamlı dialoqun və əməkdaşlığın genişləndirilməsi kimi mühüm müddəalar yer alıb. Bəyannamədə, həmçinin, dövlətlərin suverenliyi və ərazi bütövlüyünün müdafiəsinə dair birgə öhdəliklər təsdiqlənib. Hər üç ölkənin parlament sədrlərinin Şuşa şəhərinə səfəri isə bu əməkdaşlığın siyasi və mənəvi dayaqlarını daha da gücləndirib.

Ümumilikdə, Türkiyə, Azərbaycan və Pakistan arasında formalaşan üçtərəfli müttəfiqlik qardaşlıq, etimad və ortaq maraqlar üzərində qurulmaqla yanaşı, parlament diplomatiyasını da özündə ehtiva edir. Qanunverici orqanlar səviyyəsində əməkdaşlıq mövcud birliyin hüquqi və institusional əsasını təşkil edir. Parlament diplomatiyası hər üç ölkənin beynəlxalq platformalarda bir-birini daha fəal şəkildə dəstəkləməsi, birgə təşəbbüs və layihələrlə çıxış etməsi, hibrid və informasiya təhdidlərinə qarşı mübarizədə koordinasiyanın gücləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Bu əlaqələrin inkişafı ictimai diplomatiya baxımından da mühüm rol oynayır. Parlament və komitə sədrlərinin, deputatların qarşılıqlı səfərləri xalqlarımız arasında etimadı və yaxınlığı artırır. Pakistan parlamentinin Xocalı soyqırımını tanıması, Azərbaycanın Kəşmir və Türkiyənin Kipr məsələlərinə dair prinsipial mövqeyi bu siyasi-mənəvi birliyin bariz təzahürləridir. Hər üç ölkənin parlamentlərinin beynəlxalq təşkilatlarda – BMT, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatında vahid mövqedən çıxış etmələri mövcud əməkdaşlığa əlavə dəyər qazandırır.

Ölkəmizin liderliyi ilə həyata keçirilən qlobal enerji və nəqliyyat layihələri üçtərəfli əməkdaşlığa real iqtisadi-siyasi məzmun verir. Azərbaycanın əlverişli coğrafi mövqeyi Cənubi Qafqazı Yaxın Şərq və Cənubi Asiya ilə birləşdirən strateji körpü rolunu oynayır. Ölkəmiz həm Türkiyə, həm də Pakistanla ortaq iqtisadi layihələr həyata keçirir. Bu təşəbbüslərin reallaşması isə təkcə hökumətlərin deyil, eyni zamanda parlamentlərin qanunvericilik dəstəyi sayəsində mümkündür.

Azərbaycan, Türkiyə və Pakistan Silahlı Qüvvələrinin hər il keçirilən birgə təlimləri, müdafiə sənayesində əməkdaşlıq və təcrübə mübadiləsi bu üçtərəfli modelin səmərəliliyini artırır. İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqlar bu formatın möhkəmlənməsinə ciddi təkan verib. Azad edilmiş ərazilərdə aparılan bərpa işlərinə Türkiyə və Pakistan şirkətlərinin cəlb olunması iqtisadi əməkdaşlığı yeni mərhələyə yüksəldib. Parlament diplomatiyası bu layihələrin siyasi və hüquqi təminatını möhkəmləndirərək, beynəlxalq legitimliyini artırıb.

İslamabad görüşü bir daha sübut etdi ki, üçtərəfli əməkdaşlıq yalnız dövlət başçılarının siyasi iradəsinə deyil, həm də parlamentlərin sistemli fəaliyyətinə əsaslanır. Bu isə qardaş ölkələr arasında etimadın, əməkdaşlığın və strateji birliyin gələcəkdə daha da möhkəmlənəcəyinə əminlik yaradır.

MTM Analitik Qrupu 

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?