13 oktyabr

Horadiz–Ağbənd yol layihəsi gələn il tamamlanacaq: Fars körfəzi Qara dənizlə birləşir

Azərbaycan, İran və Rusiya arasında strateji nəqliyyat əməkdaşlığı çərçivəsində Horadiz–Ağbənd avtomobil və dəmir yollarının tikintisi gələn il ərzində başa çatdırılacaq.

Təhlil.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev Rusiya və İran nümayəndələri ilə keçirilən üçtərəfli görüşdə çıxışı zamanı məlumat verib.

Ş.Mustafayev bildirib ki, bu mühüm infrastruktur layihəsi həm Şərq–Qərb, həm də Şimal–Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin yeni qolunu təşkil edəcək, eyni zamanda Fars körfəzini Qara dənizlə birləşdirəcək yeni marşrut kimi çıxış edəcək.

O, əlavə edib ki, Araz dəhlizinin əsas hissəsini təşkil edən Ağbənd–Kəlalə avtomobil körpüsü 2022-ci ildə Azərbaycan və İran arasında imzalanmış Anlaşma Memorandumu əsasında inşa olunur və bu ilin sonunadək tikintisi, gələn ilin birinci rübündə isə sərhəd-gömrük infrastrukturu ilə birlikdə tamamlanacaq.

Baş nazirin müavini həmçinin İranın Astara şəhərində yerləşən Azərbaycan Dəmir Yollarına məxsus Cənub Yük Terminalının tikintisinin yekunlaşmaq üzrə olduğunu xatırladıb.

O qeyd edib ki, 2023-cü ilin dekabrında Azərbaycan–İran sərhədində Astaraçay üzərində yeni avtomobil körpüsü və sərhəd-keçid məntəqəsinin istifadəyə verilməsi iki ölkə arasında nəqliyyat əlaqələrinin genişlənməsinə əlavə təkan verib.

Ş.Mustafayev vurğulayıb ki, bu proseslə yanaşı, gömrük-sərhəd buraxılış məntəqələrinin sinxron şəkildə təkmilləşdirilməsi, əməliyyatların sadələşdirilməsi və rəqəmsallaşdırılması da prioritet istiqamətlərdəndir:

“Bu gün keçirilən üçtərəfli görüş məhz bu aktual məsələlərin müzakirəsinə həsr olunub. Əminəm ki, aparacağımız danışıqlar hər üç ölkə üçün, həmçinin regionun gələcəyi üçün mühüm fayda verəcək”.

Yeni nəqliyyat infrastrukturu Cənubi Qafqazı beynəlxalq logistika qovşağına çevirməklə, Azərbaycanın strateji tranzit ölkə rolunu daha da möhkəmləndirəcək.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?