13 oktyabr

Şahin Mustafayev: "Üç ölkə dostluq və qarşılıqlı fayda prinsiplərinə sadiqdir”

Azərbaycan, Rusiya və İran arasında üçtərəfli əməkdaşlıq dərinləşir

Təhlil.az xəbər verir ki, Azərbaycan, Rusiya və İran nümayəndələrinin iştirakı ilə keçirilən üçtərəfli görüşdə Baş nazirin müavini Şahin Mustafayev çıxış edib.

O bildirib ki, belə görüşlər iqtisadi-ticari, nəqliyyat-logistika, energetika və digər sahələrdə əməkdaşlığın inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır.

Şahin Mustafayev qeyd edib ki, bugünkü görüş Azərbaycan, İran və Rusiya arasında nəqliyyat, energetika və gömrük sahələrində üçtərəfli əməkdaşlığın aktual məsələlərinə həsr olunub. Onun sözlərinə görə, aparılacaq müzakirələr ölkələr arasında ticarət-iqtisadi, nəqliyyat və enerji əlaqələrinin daha da genişlənməsinə xidmət edəcək və qarşılıqlı faydalı əməkdaşlığın möhkəmlənməsinə töhfə verəcək.

Baş nazirin müavini vurğulayıb ki, Azərbaycan Respublikası həm İran, həm də Rusiya ilə münasibətlərində mehriban qonşuluq, qarşılıqlı anlaşma və bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinə sadiqdir. O əlavə edib ki, çoxşaxəli əlaqələr bundan sonra da həm ikitərəfli, həm də üçtərəfli müstəvidə dostluq və qarşılıqlı fayda əsasında inkişaf edəcək.

Şahin Mustafayev xatırladıb ki, üçtərəfli görüş formatı Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılıb. Həmin təşəbbüsə əsasən, 2016-cı il avqustun 8-də Bakı şəhərində Azərbaycan, İran və Rusiya prezidentlərinin ilk Zirvə toplantısı, 2017-ci il noyabrın 1-də isə Tehranda ikinci görüş keçirilib. Hər iki Zirvədə qəbul edilən sənədlər regional əməkdaşlıq və nəqliyyat dəhlizlərinin inkişafı baxımından mühüm rol oynayıb.

Baş nazirin müavini qeyd edib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış “3+3” regional məşvərət mexanizmi regionda sülh, təhlükəsizlik, rifah və əməkdaşlığın gücləndirilməsi üçün mühüm platformadır. Bu təşəbbüs mövcud ikitərəfli formatları tamamlayaraq regional sabitliyi möhkəmləndirir və iqtisadi artım naminə yeni imkanlar yaradır.

Şahin Mustafayev, həmçinin, ölkələr arasında investisiya layihələrinin reallaşdırılması və əlverişli biznes mühitinin formalaşdırılması üçün davamlı iş aparılmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan, İran və Rusiya prezidentlərinin imzaladığı bəyannamələr və birgə bəyanatlar iqtisadi əməkdaşlıq, təhlükəsiz və etibarlı regional və beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı, eləcə də energetika sahəsində layihələrin həyata keçirilməsinə təkan verir.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?