Gəncənin 4-cü dəfə raket atəşinə tutulmasından 5 il ötür

11 oktyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələri Gəncəni dördüncü dəfə raket atəşinə tutub.
Təhlil.az xəbər veri ki, gecə saat 02:00-da atılan raket “Qələbə parkı”nın ətrafında yerləşən yaşayış ərazisinə düşərək binaları dağıdıb.
Nəticədə dinc sakinlərdən 10 nəfər həlak olub, 34 nəfər yaralanıb.
Bu raket hücumları nəticəsində 31 mənzil tamamilə uçub, hadisə yerindəki və onun yaxınlığındakı obyektlərə ciddi ziyan dəyib.
Hücumdan ümumilikdə 205 nəfərin yaşadığı 95 mənzil qəzalı vəziyyətə düşüb.
Şəhər Ermənistanın Berd rayonunda yerləşən erməni silahlı qüvvələri tərəfindən “Skad” tipli ballistik raketlərlə atəşə tutulub. Ümumilikdə (4, 5, 8, 11 və 17 oktyabr tarixlərində) Gəncə şəhərinə endirilən raket zərbələri nəticəsində 6-sı uşaq və yeniyetmə olmaqla 26 nəfər həlak olub, 29-u uşaq olmaqla 130-a yaxın insan müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bu hadisələr zamanı 3 ailənin üzvü olan 4 uşaq hər iki valideynini itirib.