09 oktyabr

Azərbaycan – Avropanın Qafqazdakı dayağına çevrilir - ŞƏRH

Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər təkcə diplomatik ritorika səviyyəsində deyil, konkret layihələr və qarşılıqlı maraqlar zəmnində formalaşır. Son illərdə Bakı ilə Brüssel arasında enerji, nəqliyyat və kommunikasiya sahələrində yaranan yeni dinamika, əslində, Cənubi Qafqazın geosiyasi xəritəsini dəyişir.

Bir vaxtlar Avropa üçün enerji təminatı məsələsi “təhlükəsizlik çağırışı” sayılırdı. Bu gün isə Azərbaycan həmin təhlükəsizliyin təminatçısına çevrilib. Artıq 11 Avropa ölkəsi Azərbaycan qazı ilə təmin olunur və bu rəqəmin yaxın illərdə artacağı gözlənilir. “Cənub Qaz Dəhlizi” layihəsi təkcə iqtisadi deyil, siyasi nəticələr də doğurub: Avropa enerji xəritəsində Azərbaycanın adı “təchizatçı”dan çox, “strateji tərəfdaş” kimi çəkilir.

Lakin Bakı-Brüssel xətti təkcə enerji ilə məhdudlaşmır. Orta Dəhliz Asiyanı Avropa ilə birləşdirən, Çin və Mərkəzi Asiyadan gələn yükləri Qafqaz üzərindən Avropaya daşıyan marşrut Azərbaycanın geosiyasi çəkisini bir neçə dəfə artırıb. Artıq Avropa İttifaqı açıq şəkildə etiraf edir ki, bu dəhlizin əsas elementi məhz Azərbaycandır.

Aİ-nin Genişlənmə üzrə komissarı Marta Kosun sentyabr səfəri sadəcə diplomatik jest deyildi. O, nəqliyyat şəbəkələrinin inteqrasiyası, sərhədlərin rəqəmsallaşdırılması, birgə investisiya mexanizmləri və sülh prosesinə Avropanın dəstəyi kimi konkret məsələləri müzakirə etdi. Bundan da vacibi, Aİ minalardan təmizləmə və infrastrukturun bərpası üçün 23 milyon avroya qədər vəsait ayırmağa hazır olduğunu bəyan etdi. Bu, bir tərəfdən humanitar və iqtisadi dəstək, digər tərəfdən Avropanın regionda artan maraqlarının göstəricisidir.

Azərbaycanın təşəbbüsləri yalnız öz iqtisadi və siyasi çəkisini artırmır, həm də Ermənistan üçün yeni reallıq yaradır. İllərlə özünü təcrid edən, kommunikasiyaları bağlayan ölkə indi regional layihələrə qoşulmaqla həm iqtisadi dirçəliş, həm də Rusiyanın enerji asılılığından xilas olmaq şansı əldə edir. Əgər İrəvan praqmatik davranarsa, Azərbaycanla əməkdaşlıqdan yalnız qazana bilər. Çünki bu layihələr regional qarşıdurmalardan çox iqtisadi qarşılıqlı asılılığa və sabitliyə xidmət edir.

Azərbaycanın bu gün əldə etdiyi status təsadüfi deyil. Enerji, tranzit, rəqəmsal infrastruktur və nəqliyyat dəhlizləri üzrə Bakı artıq Avrasiyanın ayrılmaz qovşağıdır. Bu, həm də ölkəyə böyük sərmayələrin, yeni texnologiyaların və iqtisadi rifahın gəlməsi deməkdir. Brüssel üçün isə Bakı təkcə enerji tərəfdaşı yox, Cənubi Qafqazda sabitliyin açar fiqurudur. Bu reallığı artıq Avropa özü də etiraf edir.

Azərbaycanın Avropa ilə münasibətləri artıq “əməkdaşlıq” mərhələsini keçib. Bu münasibətlər qarşılıqlı asılılığa, ortaq maraqlara və sülh gündəminə əsaslanır. Qafqazda Avropanın dayağı  indi açıq şəkildə Azərbaycanın üzərində qurulur.

Hikmət Həsənov 

SORĞU

Parklanma yerləri

Yaşadığınız yerdə parklanma ilə bağlı vəziyyət necədir?