09 oktyabr

I Qarabağ müharibəsində itkin düşmüş 251 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

I Qarabağ müharibəsində itkin düşmüş şəxslərlə bağlı aparılan araşdırmalar nəticəsində 251 nəfərin şəxsiyyətinin eyniləşdirilməsi mümkün olub. Onlardan 187 nəfərin nəşi ailələrinə təhvil verilib, qanunvericiliyin tələblərinə və milli-dini ənənələrə uyğun şəkildə dəfn edilib.

Təhlil.az xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda keçirilən beynəlxalq konfransda məlumat verib.

Komissiya sədri bildirib ki, bu gün şəxsiyyəti müəyyənləşdirilmiş daha 14 itkin-şəhidin adları ictimaiyyətə açıqlanacaq. Onun sözlərinə görə, araşdırma və hüquqi prosedurlar tamamlandıqdan sonra daha 50 itkin-şəhid barədə məlumat veriləcək.

Əli Nağıyev vurğulayıb ki, qazıntılar zamanı aşkarlanmış meyit qalıqları üzərində aparılan ilkin tədqiqatlar və antropoloji müayinələr həmin şəxslərin I Qarabağ müharibəsində itkin düşmüş azərbaycanlılara aid olduğunu sübut edib.

Hazırda dövlət qurumları tərəfindən digər qalıqların eyniləşdirilməsi istiqamətində işlər davam etdirilir.

SORĞU

Parklanma yerləri

Yaşadığınız yerdə parklanma ilə bağlı vəziyyət necədir?