08 oktyabr

Türk birliyi təkcə masa arxasında deyil — döyüş meydanında da birləşir! - TƏHLİL

Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Toplantısı regional təhlükəsizlik arxitekturasında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Zirvə görüşünün “Regional Sülh və Təhlükəsizlik” mövzusuna həsr olunması məntiqli olaraq hərbi əməkdaşlıq məsələsini də gündəliyə gətirib. Təşkilata üzv ölkələr arasında münasibətlərin müxtəlif istiqamətlər üzrə inkişafı, strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə yüksəlməsi, hərbi-texniki sahədə əlaqələrin dərinləşdirilməsini və birgə hərbi təlimlərin keçirilməsini aktuallaşdırıb.

Hərbi güc müasir beynəlxalq münasibətlər sistemində hər bir dövlətin müstəqilliyini təmin edən əsas dayaqlardandır. Eyni zamanda, təhlükəsizlik amili hərtərəfli əməkdaşlığın və davamlı inkişafın mühüm şərtidir. Beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulduğu hazırkı şəraitdə TDT ölkələri arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlıq xüsusilə zəruridir.

Prezident İlham Əliyevin Zirvə Toplantısında çıxışı zamanı bu istiqamətdə irəli sürdüyü təşəbbüs, təşkilatın gələcək fəaliyyət istiqamətlərini müəyyən etməklə yanaşı, təhlükəsizlik gündəliyinə yeni yanaşma kimi dəyərləndirilə bilər:

“Bu çərçivədə müttəfiqimiz olan Türkiyə ilə dərin əməkdaşlıq mövcuddur. Yalnız son bir ildə Türkiyə ilə birgə 25-dən artıq ikitərəfli və çoxmillətli hərbi təlimlər keçirilmişdir. Ölkələrimiz arasında hərbi, müdafiə və təhlükəsizlik sahələrində geniş əməkdaşlığı nəzərə alaraq, 2026-cı ildə Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsini təklif edirəm.”

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təlimlərinin təşkili təşəbbüsü, Azərbaycanın Türkiyə, Özbəkistan və Qazaxıstanla ikitərəfli və üçtərəfli formatlarda mövcud hərbi-texniki əməkdaşlığının daha da genişlənməsini və keyfiyyətcə yeni müstəviyə keçməsini təmin edə bilər. Bu təklif eyni zamanda türkdilli dövlətlər arasında strateji inteqrasiyanın dərinləşməsi, birgə müdafiə taktikasının formalaşması və qarşılıqlı etimadın güclənməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Azərbaycanın 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbə, 2023-cü ildə həyata keçirilən antiterror tədbirləri dövlətin hərbi gücünün, müstəqil qərarvermə iradəsinin və milli təhlükəsizlik konsepsiyasının effektivliyini nümayiş etdirib. Dövlət başçısı İlham Əliyevin Zirvə görüşündə irəli sürdüyü təklif göstərir ki, Azərbaycan postmüharibə dövründə arxayınlaşmır, əksinə, regional və qlobal dəyişiklikləri nəzərə alaraq müdafiə qabiliyyətini daha da gücləndirir.

Qlobal təhlükəsizlik sistemində baş verən təlatümlər və silahlanma yarışının intensivləşməsi göstərir ki, təhlükəsizliyə yalnız diplomatik bəyanatlarla nail olmaq mümkün deyil. Müasir ordu, texnoloji yeniliklərə əsaslanan müdafiə sənayesi və çevik təhlükəsizlik strategiyası milli maraqların qorunmasında həlledici rol oynayır.

Azərbaycanın son illərdə beynəlxalq hərbi əməkdaşlığının genişlənməsi, xüsusilə TDT ölkələri – Türkiyə, Özbəkistan və Qazaxıstanla hərbi-texniki əlaqələrin intensivləşməsi və keçirilən birgə təlimlər ölkəmizin bu sahədə fəal rolunu göstərir. Ərazi bütövlüyünü hərbi-siyasi yolla təmin edən Azərbaycan, türkdilli ölkələr üçün etibarlı təhlükəsizlik sisteminin formalaşdırılmasında mühüm tərəf kimi çıxış edir. Başqa sözlə, TDT ölkələrinin ortaq iqtisadi, ticarət və nəqliyyat layihələrinə yönəlmiş təhdidlərin kollektiv şəkildə zərərsizləşdirilməsi zərurəti yaranır.

TDT çərçivəsində əməkdaşlığın dərinləşməsi, real mexanizmlərə və qarşılıqlı etimada əsaslanan hərbi əməkdaşlıq modelinə keçidi şərtləndirir. Əgər təşkilatın ilk illərində iqtisadi və humanitar sahələr üstünlük təşkil edirdisə, indi təhlükəsizlik və müdafiə sferası prioritet istiqamətlərdən birinə çevrilir. Bu isə türk dövlətlərinin qlobal sistemdə müstəqil güc mərkəzinə çevrilməsi baxımından həlledici əhəmiyyət daşıyır.

Türkdilli dövlətlərin hərbi əməkdaşlığını zəruri edən digər mühüm amil onların geosiyasi mövqeyidir. Cənubi Qafqaz və Orta Asiya qlobal güclərin maraqlarının toqquşduğu məkanlardır. Bu regionlar enerji resursları, nəqliyyat dəhlizləri və kommunikasiya xətləri baxımından strateji əhəmiyyətə malikdir. Odur ki, TDT ölkələrində sabitliyin və təhlükəsizliyin qorunması qlobal sülhə və rifaha xidmət edir. Bu ölkələrin milli təhlükəsizliklərini yalnız daxili imkanlarla deyil, birgə müdafiə mexanizmləri vasitəsilə təmin etmələri kifayət qədər rasional yanaşmadır.

Azərbaycan Prezidenti İlham Əliyevin təklifi ilə gələn il keçiriləcək birgə hərbi təlimlər həm ordular arasında taktiki uyğunlaşmanı artıracaq, həm də müdafiə sistemlərinin qarşılıqlı inteqrasiyasına şərait yaradacaq. Ən əsası, bu təşəbbüs türkdilli dövlətlərin ortaq təhlükəsizlik platformasının formalaşmasına doğru mühüm addım kimi dəyərləndirilməlidir. Hərbi əməkdaşlığın dərinləşdirilməsi yalnız hərbi güc nümayişi deyil, həm də qlobal təhdidlərə qarşı adekvat cavabdır.

Perspektivdə TDT Orta Asiya və Xəzər regionlarında sabitliyin və qlobal təhlükəsizlik sisteminin mühüm aktoruna çevrilə bilər. Prezident İlham Əliyevin Qəbələ Zirvəsində irəli sürdüyü təklif Azərbaycanın strateji yanaşmasını göstərir: sülh və sabitlik yalnız ədalət və güc balansı üzərində qurulduqda davamlı ola bilər. TDT-nin müdafiə və təhlükəsizlik sahələrində sıx əməkdaşlığı isə bu balansın təminatçısına çevrilmək potensialına malikdir.

MTM Analitik Qrupu

SORĞU

Parklanma yerləri

Yaşadığınız yerdə parklanma ilə bağlı vəziyyət necədir?