08 oktyabr

TDT+ formatı: Türk dünyası inteqrasiyasında yeni mərhələ - TƏHLİL

Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının Qəbələdə keçirilən XII Zirvə görüşündə TDT+ formatının yaradılması barədə qərarın qəbul edilməsi, təşkilatın gələcək istiqamətləri, institusional imkanları və geosiyasi çəkisi baxımından yeni mərhələnin başlanğıcını ifadə edir.

Hazırda Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstan təşkilatın üzv dövlətləridir. Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Cümhuriyyəti isə müşahidəçi statusuna malikdir. Bu dövlətlərin hamısı regional əməkdaşlığın ən sıx şəbəkəsini formalaşdıran türk ölkələridir. TDT+ formatının təsis edilməsi isə bu inteqrasiyanın daha geniş, çoxşaxəli və məqsədyönlü mərhələyə qədəm qoyduğunu göstərir.

“+” ifadəsi beynəlxalq diplomatiyada adətən genişlənmiş əməkdaşlıq, yeni tərəfdaşlıqlar və dərinləşdirilmiş inteqrasiya mənasında istifadə olunur. Bu baxımdan, TDT+ formatı həm üzv ölkələr arasında əlaqələrin yeni sahələrdə inkişafını, həm də təşkilata qonşu və tərəfdaş dövlətlərin müxtəlif səviyyələrdə qoşulmasını nəzərdə tutur.

Yeni formatın konkret strukturu hələlik açıqlanmasa da, ekspertlərin fikrincə, TDT+ bir sıra istiqamətləri əhatə edəcək. Əsas diqqət türk coğrafiyasına yaxın regionlarda — xüsusilə Macarıstan, Şimali Kipr, Pakistan və Orta Asiya ölkələri ilə iqtisadi blokların və strateji əməkdaşlıq mexanizmlərinin gücləndirilməsinə yönələcək. Müdafiə sənayesi, enerji təhlükəsizliyi, rəqəmsal texnologiyalar, kibertəhlükəsizlik, nəqliyyat dəhlizləri və regional ticarət kimi sahələrdə birgə fəaliyyət də əsas istiqamətlərdən biridir.

Bundan əlavə, TÜRKSOY-un fəaliyyətinin gücləndirilməsi və ortaq mədəniyyət layihələrinin TDT çərçivəsində yeni mərhələyə keçirilməsi planlaşdırılır. Xarici işlər naziri Ceyhun Bayramovun mətbuat konfransında bu istiqamətin də razılaşdırıldığını bildirməsi, “yumşaq güc” komponentinin ön plana çıxacağını göstərir. Eyni zamanda katibliklərin, regional ofislərin və ekspert şuralarının yaradılması, qərarvermə mexanizmlərinin çevikləşdirilməsi və vahid informasiya platformasının qurulması da gələcək planlara daxildir.

TDT+ formatının yaradılması təkcə təşkilati addım deyil, həm də türk dünyasının regional geosiyasi mövqeyinin gücləndirilməsi deməkdir. Beynəlxalq münasibətlərdə yeni güc mərkəzlərinin formalaşdığı, regional blokların rolunun artdığı bir dövrdə Türk Dövlətləri Təşkilatının öz geosiyasi konturunu genişləndirməsi tarixi zərurət idi. Azərbaycan, Türkiyə, Qazaxıstan və Özbəkistan kimi dövlətlər həm enerji, həm nəqliyyat, həm də təhlükəsizlik baxımından strateji əhəmiyyət daşıyırlar.

TDT+ formatı bu ölkələrin ortaq strateji maraqlarını qorumaq və müdafiə etmək üçün daha dərin koordinasiya imkanları yaradır. Bu, eyni zamanda türk dünyasının Qərb və Şərq arasında yerləşən geosiyasi körpü rolunu daha da gücləndirir.

Yeni formatın iqtisadi ölçüsü də diqqətəlayiqdir. “Orta Dəhliz” layihəsinin reallaşması, Türk İnvestisiya Fondu və Türk İnkişaf Bankının fəaliyyətə başlaması TDT+ çərçivəsində vahid iqtisadi bazarın formalaşmasına zəmin yarada bilər. Bununla yanaşı, bu format təhlükəsizlik və müdafiə əməkdaşlığının institusional əsaslara keçidinə də imkan verəcək. Regionda baş verən münaqişələr, enerji marşrutlarının qorunması və informasiya təhlükəsizliyi məsələləri bu istiqamətdə koordinasiyanın zəruriliyini artırır.

Təbii ki, hər yeni format kimi, TDT+ da müəyyən çağırışlarla üzləşə bilər. Üzv dövlətlər arasında fərqli siyasi prioritetlər və iqtisadi imkanlar yaranması, habelə hüquqi-institusional mexanizmlərin uyğunlaşdırılması çətinlik yarada bilər. Yeni institutların maliyyə və idarəetmə yükü də diqqət mərkəzində saxlanmalıdır.

Lakin bütün bu çətinliklər təşkilatın təməl prinsiplərinə — bərabərlik, qarşılıqlı hörmət və ortaq maraqlar əsasında tənzimlənə bilər. Hər halda TDT+ formatının yaradılması türk inteqrasiyasının yeni fəlsəfəsini ifadə edir. Bu artıq təkcə mədəni yaxınlıq və qardaşlıq deyil, ortaq məsuliyyət, regional liderlik və strateji güc modelidir.

MTM Analitik Qrupu 

SORĞU

Parklanma yerləri

Yaşadığınız yerdə parklanma ilə bağlı vəziyyət necədir?