Ermənistan nüvə enerjisi sahəsində seçim qarşısında - ABŞ, yoxsa Rusiya? - ŞƏRH

Foto: hetq.am
Ermənistan hökumətində nüvə enerjisi ilə bağlı qərarsızlıq hökm sürür. Baş nazir Nikol Paşinyan AES inşası və ölkəni enerji ilə təmin etmək üçün şərqə yoxsa qərbə üz tutacağını hələ də dəqiqləşdirə bilmir. Amma bu qərar ölkə üçün kritik vacib hesab edilir. Çünki neft və qaz resursları olmayan Ermənistan hökuməti enerji istehsalı sahəsində dərin böhran içindədir. Günəş panelləri ilə bağlı hökumətin proqramı ciddi nəticə əldə etmir, ehtiyacın cüzi qismini belə təmin edə bilmir. Ölkədə istehlak edilən enerjinin cəmi 25 faizi daxili istehsal hesabına təmin edilir. Su elektrik stansiyaları, istilik elektrik stansiyaları da əsasən Rusiyanın monopoliyasındadır. Bundan əlavə, enerjinin 40 faizini təmin edən Metsamor Atom Elektrik Stansiyası da Moskvadan asılıdır və hazırda ciddi təmirə ehtiyac duyur. Azərbaycan və Türkiyənin dəfələrlə xəbərdarlığına və tənqidinə baxmayaraq, İrəvan Metsamoru yenidən gücləndirilmiş rejimi qaytarmaq niyyətini güdür. Amma ortada bir reallıq var ki, bu AES region üçün ekoloji cəhətdən ciddi təhlükə mənbəyidir.
Bu sadalananlardan da anlaşılır ki, Nikol Paşinyanın Rusiyada keçirilən “Ümumdünya atom həftəsi”ndə iştirakı və Rusiya lideri ilə görüşü əbəs deyil. Erməni hökumət başçısı Putinlə yeni AES tikintisi ilə bağlı danışıqlar aparıb. Maraqlıdır ki, bu görüşdən bir neçə gün sonra Ermənistan “123-cü Saziş”in imzalanması ilə bağlı danışıqlara başlayıb. Müzakirələr zamanı tərəfləri Ermənistan xarici işlər nazirinin müavini Robert Abisoqomonyan, ABŞ dövlət katibinin köməkçisinin müavini Qonzalo Suarez, Ermənistanın ABŞ-dəki səfiri Narek Mkrtçyan, ABŞ-nin Ermənistandakı səfiri Kristina Kvien təmsil ediblər. Rəsmi İrəvan bu sazişə qoşulmaq üçün hələ 2024-cü ildə müraciət edib. Bir həftə ərzində strateji nüvə enerjisi ilə bağlı həm ABŞ, həm də Rusiya ilə danışıqlar aparmaq, razılaşmalar əldə etmək isə Paşinyanın eyni anda iki stulda əyləşmək xasiyyətini tərgitmədiyindən xəbər verir. Birincisi, ABŞ və Rusiya bu məsələdə bir-birinə rəqib sayılırlar. Moskva heç bir vəchlə Vaşinqtonun Qafqaz regionunda enerji sahəsində, xüsusən də AES məsələsində nüfuzunu artırma cəhdini qəbul etməyəcək. İkincisi, Metsamor “Rosatom” dövründə inşa edilib və təmirlə bağlı da bu qurumla müqavilə imzalanıb. İndi də məsələ ilə bağlı danışıqlar aparılır. Bu isə Moskva üçün strateji məsələdir və kiməsə yerini təhvil verməyə hazırlaşmır. Düzdür, Kreml bu məsələdə mövqeyini iqtisadi əsaslarla açıqlasa da, əslində məsələnin dərin kökü strateji mövqedir.
Üçüncüsü, Paşinyan başda olmaqla Ermənistan hakimiyyəti açıq şəkildə Avropa İttifaqı ilə yaxınlaşmağa sadiq olduqlarını bəyan edərək, Aİ üzvlüyünü xarici siyasət prioritetinə çevirib. Bu strateji dönüş hakim komandanın bütün daxili siyasi strukturunun əsasına çevrilmiş anti-Rusiya ritorikasının artması ilə müşayiət olunur. Bu kontekstdə “Rosatom” ilə uzunmüddətli razılaşma Paşinyan üçün enerji probleminin həllinə deyil, siyasi təhlükəyə çevrilir. Dördüncüsü, həm Moskva, həm də Vaşinqtonla danışıqlar aparmaq o deməkdir ki, Rusiya ilə razılaşma Paşinyana konstruktiv münasibətlər fonu yaratmaq üçün lazımdır. Bu, Rusiyanın sayıqlığını yumşaltmaq və hərbi-siyasi böhrandan sonra iqtisadi əməkdaşlığın tam iflasa uğramasının qarşısını almaq üçün nəzərdə tutulmuş taktiki manevrdir.
Nəzərə almaq lazımdır ki, İrəvanın Rusiya ilə açıq qarşıdurmaya getməsi hakim partiyanın sosial-iqtisadi böhranla məhvinə səbəb ola bilər. Ona görə də Baş nazir hələlik xoş münasibətlər, razılaşmalar, danışıqlar fonu yaradaraq, gözə kül üfürməklə məşğuldur. Çünki Paşinyan dərk edir ki, nüvə enerjisi sahəsində Moskva ilə əməkdaşlıq etmək, AES tikmək Qərb tərəfindən Rusiya ilə yaxınlaşma kimi qəbul ediləcək. Bu isə onun Avropaya inteqrasiya siyasətinə ziddir.
Ehtimal etmək olar ki, Ermənistan bu məsələdə vaxt uzadacaq və nüvə enerjisi ilə bağlı alternativ təklifləri dəyərləndirəcək. Bu təkliflər Fransa, Cənubi Koreya və Yaponiya şirkətlərindən gələ bilər. Düzdür, bu sahədə Çin də kifayət qədər təcrübəyə malikdir. Amma Çinlə yaxınlıq da Avropa tərəfindən Qərbdən uzaqlaşma kimi qəbul edilə bilər. Çünki Çinin əsas müttəfiqlərindən biri məhz Rusiyadır.
Eyni zamanda Ermənistanın Rusiya layihəsini yox, ABŞ layihəsini seçməsi Moskvanın ciddi qəzəbinə səbəb ola bilər və münasibətlərə dönüşü olmayan zərbə endirə bilər. Bu səbəbdən də əminliklə söyləmək olar ki, nüvə enerjisi məsələsi hələ uzun müddət Ermənistanın gündəmində olacaq. Seçkilər və Azərbaycanla sülh müqaviləsi tam dəqiqləşənə qədər bu məsələdə İrəvan vaxt uzatmağa çalışacaq.
Hikmət Həsənov