Oktyabrın 3-ü: Suqovuşanın və Talış kəndinin azadlığına gedən yol

Bu gün – oktyabrın 3-də Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan hadisələrdən birinin – Ağdərə rayonunun Suqovuşan qəsəbəsinin və Talış kəndinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsinin beşinci ildönümüdür. 2020-ci ilin həmin günündə Azərbaycan Ordusu hər iki yaşayış məntəqəsini erməni işğalçılarından təmizləyərək, Suqovuşan və Talışda üçrəngli bayrağımızı ucaltdı. Bu, İkinci Qarabağ müharibəsinin ən mühüm döyüşlərindən biri kimi tarixə düşdü.
Qədim adı Suqovuşan olan, sovet dövründə isə Madagiz adlandırılan kənd Qarabağ uğrunda müharibələrdə dəfələrlə əl dəyişib. İlk dəfə 1991-1992-ci illərdə Azərbaycan Ordusu kəndi işğaldan azad etsə də, 1994-cü ilin aprelində Ermənistan tərəfindən yenidən işğal olunub. İşğal illərində Suqovuşan Ermənistan ordusunun ən mühüm hərbi məntəqələrindən birinə çevrilmişdi. Burada 49 971 saylı hərbi hissə və “6-cı müdafiə rayonu”na aid 33 651 saylı hərbi hissə mövqe tuturdu.
İkinci Qarabağ müharibəsində Suqovuşan-Ağdərə istiqamətində gedən döyüşlər şimal-şərq cəbhəsində ən əhəmiyyətli əməliyyatlardan biri hesab olunur. Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin 77-ci tank taboruna ciddi zərbələr endirib: 4 tank məhv edilib, 3 tank isə qənimət götürülüb. Həmçinin, Ağdərə istiqamətində yerləşən 5-ci dağ-atıcı alayın mövqelərinə artilleriya zərbələri endirilib, alayın hərbi texnikaları sıradan çıxarılıb, şəxsi heyəti arasında isə çoxlu sayda itki olub. Bir neçə bölmənin döyüşçüləri mövqeləri tərk edərək qaçmağa məcbur qalıblar.
Prezident İlham Əliyev 2020-ci il dekabrın 29-da imzaladığı qanunla Madagizin qədim adı – Suqovuşan bərpa olundu. Dövlət başçısı 2021-ci il oktyabrın 3-də Suqovuşan qəsəbəsində və Talış kəndində Azərbaycan bayrağını şəxsən ucaltdı. Eyni zamanda, həmin döyüşlərdə fərqlənən hərbçilər dövlət mükafatları ilə təltif olundular. Prezidentin sərəncamlarına əsasən, bir qrup hərbi qulluqçu “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.
Xatırladaq ki, 2020-ci il oktyabrın 3-də yalnız Suqovuşan və Talış deyil, eyni zamanda Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy, Quycaq kəndləri və Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi də işğaldan azad olunmuşdu.
Beş il öncə əldə edilən bu qələbə Azərbaycan Ordusunun gücünü, xalqın birliyini və torpaqların azad olunması uğrunda göstərilən fədakarlığı bir daha nümayiş etdirdi. Suqovuşan döyüşü bu gün də milli qürur mənbəyi kimi xatırlanır.