01 oktyabr

İtaliya Azərbaycanın Avropada əsas strateji tərəfdaşına çevrilib - TƏHLİL

Coğrafi-geoiqtisadi mövqeyi və təbii ehtiyatları ilə fərqlənən respublikamız daim Avropanın müxtəlif ölkələrinin, o cümlədən İtaliyanın xüsusi maraq dairəsində olub. Azərbaycanın dünyada sülh və təhlükəsizliyin təminatında, mədəniyyətlərin dialoqu prosesində, qlobal iqtisadi layihələrin, xüsusilə Avropanın enerji təhlükəsizliyində fəal iştirakı rəsmi Roma tərəfindən yüksək dəyərləndirilib.

Bu ölkənin Prezidenti Sercio Mattarellanın ölkəmizə rəsmi səfəri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş ikitərəfli münasibətlərin aktual çağırışlar əsasında inkişafı və dərinləşdirilməsi üçün yeni imkanlar açıb. Səfərin müzakirə mövzuları ikitərəfli əlaqələrin siyasi, iqtisadi, enerji, hərbi və humanitar müstəvidə sürətlə inkişafı üçün qarşılıqlı etimadın mövcudluğunu göstərir. Beş il bundan əvvəl iki ölkə arasında imzalanmış Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin əhəmiyyəti bu baxımdan xüsusi qeyd edilməlidir.

Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyalı həmkarı ilə mətbuata birgə bəyanat zamanı qeyd etdiyi kimi: “Bizim aramızda iki strateji tərəfdaşlıq sənədi var. Birinci sənəd 2015-ci ildə imzalanmışdır. İkinci sənəd – Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə isə 5 il bundan əvvəl imzalanmışdır. Bu illər ərzində münasibətlərimiz çox sürətlə və müxtəlif istiqamətlər üzrə inkişaf edib. Siyasi əlaqələr ən yüksək səviyyədədir”.

İtaliya Azərbaycanın Avropadakı ən yaxın strateji tərəfdaşlarından biri olmaqla, Avropa İttifaqı çərçivəsində ölkəmizin maraqlarının müdafiəsinə, siyasi dialoqun güclənməsinə, avrostrukturlara sıx inteqrasiya prosesinə də ciddi dəstək verir. Dövlət başçısı bu məqamı xüsusi qeyd etməklə yanaşı, son zamanlar sözügedən təşkilatın Azərbaycanla bağlı xoşagəlməz siyasətinin müsbət istiqamətdə dəyişməsindən razılığını ifadə edib. İtaliya Prezidenti Sercio Mattarella öz növbəsində ölkəsinin bu istiqamətdə səyləri davam etdirəcəyini vurğulayıb: “Sizin Avropa İttifaqı ilə əməkdaşlığınıza gəldikdə, İtaliya öz tərəfindən addımlar atacaqdır. Xüsusi qeyd edirəm ki, Azərbaycan geniş şəkildə çox nüfuzlu bir tərəfdaşdır. Avropa İttifaqı bunu görür və təbii ki, bizim sizinlə əməkdaşlığımız bu çərçivədə də çox əhəmiyyətli olacaqdır”.

İqtisadi əlaqələr ölkələrimiz arasında strateji tərəfdaşlığın dərinləşməsinə ciddi təkan verir. Ötən illərdə İtaliya tərəfindən Azərbaycan iqtisadiyyatına təxminən 1 milyard dollar, Azərbaycan tərəfindən isə İtaliya iqtisadiyyatına 2 milyard ABŞ dollarına yaxın sərmayə qoyulub. Hazırda ölkəmizdə sənaye, tikinti, ticarət, kənd təsərrüfatı, rabitə və xidmət sahələrində fəaliyyət göstərən 100-dən çox italyan şirkəti mövcuddur. Bu, əməkdaşlığın təkcə enerji sektoru ilə məhdudlaşmadığını, qeyri-neft sahəsində də inkişaf üçün geniş potensialın olduğunu göstərir.

İkitərəfli əməkdaşlığın mühüm istiqamətlərindən biri də enerji sektorudur. İtaliya Azərbaycanın neft və qazının Avropadakı əsas alıcısı, ən böyük ticarət tərəfdaşıdır. Hazırda bu ölkənin ümumi neft idxalının təxminən 18-20 faizi Azərbaycanın payına düşür. Neft və qazla yanaşı, ölkəmiz İtaliyaya kimya sənayesi məhsulları da ixrac edir. İtaliyadan isə Azərbaycana texnika, yüngül və yeyinti sənayesi məhsulları idxal olunur. 2025-ci ilin yanvar–iyul aylarında ölkələrimiz arasında qarşılıqlı ticarət dövriyyəsinin həcmi 7 milyard 498 milyon 633,75 min ABŞ dolları təşkil edib və bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 20,6 faiz çoxdur. Bu faktlar tərəflər arasındakı ticarət mübadiləsinin dayanıqlığını nümayiş etdirir.

İtaliya Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsində Azərbaycanın təşəbbüskarlığını hər zaman yüksək qiymətləndirib. “Şahdəniz” yatağından hasil olunan qazın Transadriatik Boru Kəməri (TAP) vasitəsilə Avropaya çatdırılması layihəsinə qoşulan rəsmi Roma buna mane olmağa çalışan qüvvələrə qarşı qətiyyətli mövqe nümayiş etdirib. Hazırda Bakının TAP və TANAP kəmərlərinin ötürücülük imkanlarının artırılması təşəbbüslərinə Romadan ciddi dəstək gəlir.

İtaliya Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü daim dəstəkləyib. Xüsusilə 44 günlük Vətən müharibəsi zamanı İtaliya digər bəzi Avropa ölkələrindən fərqli olaraq Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyini müdafiə edib. Eyni zamanda, İtaliya mediası postmünaqişə dövründə Azərbaycan reallıqlarının obyektiv şəkildə Avropa ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayıb.

Azərbaycan–İtaliya münasibətləri postmüharibə dövründə yeni məzmun qazanıb. Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə İtaliya Türkiyədən sonra qoşulan ikinci ölkədir. 2020-ci ildə “Azərenerji” ASC ilə İtaliyanın “Ansaldo Energia” şirkəti arasında imzalanmış müqaviləyə əsasən, Ağdam, Füzuli, Kəlbəcər və Qubadlı rayonlarında inşa edilən yarımstansiyalar italyan avadanlıqları ilə təchiz edilir.

Dünyada güclü orduya və müdafiə sənayesi məhsulları istehsalı potensialına malik İtaliya ilə hərbi əməkdaşlığın genişləndirilməsi də ölkəmizin maraq dairəsindədir. 2024-cü il iyunun 26-da Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə İtaliya Respublikasının “Leonardo” şirkətinin istehsalı olan “C-27J Spartan” tipli hərbi nəqliyyat təyyarəsinin təqdim olunması ikitərəfli hərbi-texniki əməkdaşlığın yüksələn xətlə inkişafını təsdiqləyib.

Humanitar müstəvidə əməkdaşlıq da xüsusi əhəmiyyət daşıyır. Azərbaycan mədəniyyətinin İtaliyada, İtaliya mədəniyyətinin isə Azərbaycanda təbliği xalqlar arasında yaxınlaşmanı möhkəmləndirir. Bu mənada dövlət başçılarının Azərbaycan–İtaliya Universitetinin açılışında iştirakı da strateji əməkdaşlığın humanitar aspektini gücləndirən hadisədir. Universitet təkcə ali təhsil layihəsi deyil, həm də gələcək nəsillərin birgə elmi, mədəni və intellektual inteqrasiyasını təmin edəcək platforma olacaq. Gənclərin birgə təhsili, elmi mübadilələr, mədəni layihələr iki ölkə arasında tərəfdaşlığı uzunmüddətli perspektivdə daha da gücləndirəcək.

Ümumiyyətlə, iki ölkə arasında siyasi, iqtisadi, enerji, investisiya, hərbi və humanitar sahələrdə reallaşdırılan layihələr Azərbaycan–İtaliya münasibətlərini nümunəvi strateji tərəfdaşlıq modelinə çevirir. Bu əməkdaşlıq ümumən Avropa və Avrasiya regionunda sabitliyin, qarşılıqlı etimadın və əməkdaşlığın güclənməsinə mühüm töhfə verir.

MTM Analitik Qrupu 

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?