Azərbaycan tikinti xərclərinə görə Ermənistanı 6,3 dəfə geridə qoydu - RƏSMİ RƏQƏMLƏR

Media Təhlil Mərkəzinin (MTM) Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi rəqəmlər əsasında apardığı təhlilə görə, son 5 ilin ilk 6 ayı üzrə hər il tikinti-quraşdırma işlərinə sərf olunan vəsaitin həcmi artıb.
Daha dəqiq desək, 2021-ci ildə ölkədə tikinti-quraşdırma işlərinə 3,65 milyard manat sərf olunmuşdusa, cari ildə bu göstərici 72,9% və ya 2,66 milyard manat artaraq 6,31 milyard manat təşkil edib.
Qeyd edək ki, 2025-ci ilin ilk 6 ayında ölkədə tikinti-quraşdırma işlərinə sərf olunan vəsaitin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 14,5% və ya 0,8 milyard manat artıb.
Cari ilin ilk 6 ayında ölkədə tikinti-quraşdırma işlərinə sərf olunan vəsaitin 39,75%-i və ya 2,51 milyard manatı Bakı şəhərində görülən tikinti-quraşdırma işlərinə sərf olunub.
İşğaldan azad olunmuş bölgələrimizdə isə aparılan tikinti-quraşdırma işlərinin həcmi 1,99 milyard manat təşkil edib. Bu məbləğ ölkədə ilk 6 ayda aparılan tikinti-quraşdırma işlərinin həcminin 31,51%-ni təşkil edir.
Qalan 1,81 milyard manat həcmində tikinti-quraşdırma işləri isə digər bölgələrimizdə aparılıb. Bu məbləğ isə ümumi göstəricinin 28,74%-nə bərabərdir.
Bakı şəhərində tikinti-quraşdırma işlərinə sərf olunan 2,51 milyard manatın paytaxtın rayonları üzrə bölgüsünə baxsaq, bu məbləğin 40,43%-nin və ya 1,01 milyard manatının Bakı şəhərinin Səbail rayonunda aparılan tikinti-quraşdırma işlərinə sərf olunduğun görərik.
Qalan 1,5 milyard manat həcmində tikinti-quraşdırma işləri başda Sabunçu rayonu olmaqla digər rayonlarda aparılıb.
Qeyd edək ki, ilk 6 ayda Sabunçu rayonunda aparılan tikinti-quraşdırma işlərinin həcmi 509,7 milyon manat təşkil edib.
Xətai rayonu 248 milyon manat həcmində tikinti-quraşdırma işləri ilə sıralamada üçüncü pillədə yer alıb.
Məlumat üçün bildirək ki, sıralamanın son pilləsində Binəqədi rayonu yer alıb.
Cari ilin yanvar-iyun aylarında bu rayonda görülən tikinti-quraşdırma işlərinin həcmi cəmi 47,8 milyon manata bərabər olub.
Cari ilin ilk 6 ayında işğaldan azad olunmuş bölgələrdə 1,99 milyard manat həcmində tikinti-quraşdırma işləri aparılıb və bu, bölgələr arasında 408 milyon manatlıq tikinti-quraşdırma işləri ilə Kəlbəcər rayonu yer alır.
İkinci sırada isə 303,1 milyon manatlıq tikinti-quraşdırma işləri ilə Laçın, üçüncü sırada 260,8 milyon manatlıq tikinti-quraşdırma işləri ilə Ağdam rayonu qərarlaşıb.
İlk 6 ayda ən az tikinti-quraşdırma işləri aparılan işğaldan azad olunmuş bölgə Ağdərə rayonu olub. Bu müddət ərzində Ağdərə rayonunda cəmi 14,7 milyon manatlıq tikinti-quraşdırma işləri aparılıb.
Azərbaycanın mədəniyyət paytaxtı Şuşa rayonunda ilk 6 ayda 228,3 milyon manat həcmində tikinti-quraşdırma işləri aparılıb.
Qarabağın ən böyük şəhəri olan Xankəndidə isə ilk 6 ayda aparılan tikinti-quraşdırma işlərinin həcmi 80,4 milyon manat təşkil edib.
Qalan 1,81 milyard manat həcmində tikinti-quraşdırma işləri digər bölgələrimizdə həyata keçirilib. Bu bölgələr arasında ilk sıranı böyük fərqlə Xızı rayonu tutub. Cari ilin ilk 6 ayında Xızı rayonunda aparılan tikinti-quraşdırma işlərinin həcmi 404,3 milyon manat təşkil edib.
İkinci sırada isə 141,5 milyon manat həcmində tikinti-quraşdırma işləri ilə Şirvan şəhəri yer alıb.
Ölkənin ikinci böyük şəhəri olan Gəncə 129,9 milyon manat, üçüncü böyük şəhəri olan Sumqayıt 114 milyon manatlıq tikinti-quraşdırma işləri ilə sıralamada ardıcıl yer alıb.
Bu kateqoriya üzrə ilk onluğu 40,4 milyon manat həcmində tikinti quraşdırma işləri ilə Şamaxı rayonu qapayıb.
Əlavə məlumat üçün bildirək ki, cari ilin yanvar-iyun aylarında Azərbaycanda tikinti- quraşdırma işlərinə ayrılan vəsait Ermənistanla müqayisədə 6,3 dəfə çox olub.
Daha dəqiq desək 2025-ci ilin yanvar-iyul aylarında Ermənistanda tikinti-quraşdırma işlərinə 588,3 milyon dollar həcmində vəsait sərf olunubsa, Azərbaycanda bu rəqəm 3,71 milyard dollar təşkil edib. Təkcə işğaldan azad olunmuş ərazilərdə tikinti-quraşdırma işlərinə sərf olunan vəsait 1,17 milyard dollar təşkil edib.
Bu da o deməkdir ki, Ermənistanın 6 ayda tikinti-quraşdırma işlərinə sərf etdiyi vəsait Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə tikinti-quraşdırma işlərinə sərf etdiyi vəsaitdən 2 dəfə az olub.