Azərbaycan Avropanın enerji təminatında liderə çevrilir - ŞƏRH

Bu gün dünya siyasətinin aktual məsələlərindən biri enerji təhlükəsizliyidir. Azərbaycan müasir dövrdə ən dinamik inkişaf edən dövlətlərdən biridir. Müstəqilliyin bərpasından sonra imzalanmış “Əsrin müqaviləsi” Xəzər hövzəsində enerji sahəsində yeni dövrün əsasını qoyub. Bununla region Qərb şirkətləri üçün açılıb və uzunmüddətli strateji tərəfdaşlıqların təməli atılıb.
Bu kontekstdə Cənub Qaz Dəhlizi Azərbaycanın iri qaz yataqlarını birbaşa Avropa ilə birləşdirir. Həmin infrastruktur vasitəsilə Avropaya nəql olunan qazın həcmi ildən-ilə artır. Ötən il Azərbaycanın qaz ixracı rekord həddə – 25,3 milyard kubmetrə çatıb, bunun 13 milyard kubmetri Avropaya nəql edilib. Azərbaycan cəmi iki il ərzində Avropaya qaz ixracını öz resursları hesabına 50 faizdən çox artıraraq, təchizat böhranı dövründə tərəfdaşlarına mühüm dəstək göstərib.
Qlobal geosiyasi risklərə və təchizat zəncirlərindəki pozuntulara baxmayaraq, Azərbaycan heç bir tədarükü dayandırmayıb. Bundan əlavə, Azərbaycan və Ermənistan liderlərinin ötən ay Vaşinqtonda sülh sazişini paraflaması və birgə bəyanat imzalaması regionda sabitlik, yeni nəqliyyat və ticarət marşrutlarının, infrastruktur layihələrinin və sərmayələrin əsasını qoyub.
Azərbaycanın gələcəyə baxışında Cənub Qaz Dəhlizinin mərhələli şəkildə yaşıl hidrogenə uyğunlaşdırılması, bərpaolunan enerji sahəsinə geniş sərmayələrin yatırılması və 10 giqavatdan artıq gücə malik külək və günəş enerjisi layihələri üzrə razılaşmaların imzalanması yer alır. Qara dənizin dibi ilə çəkiləcək kabel xətti isə Cənubi Qafqazla Avropa İttifaqı arasında yeni elektrik bağlantısı yaradaraq Avropanın enerji keçidində mühüm rol oynayacaq.
Azərbaycanın Avropaya qaz ixracı artan templə inkişaf edir. Köhnə Qitənin bir sıra dövlətləri məhz Azərbaycan qazını almaqda maraqlı olduqlarını bəyan edirlər. Təsadüfi deyil ki, Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı zamanı Prezident İlham Əliyev hazırda 14 ölkəyə təbii qaz ixrac edildiyini bildirib:
“Bununla Azərbaycan boru kəməri vasitəsilə qaz təmin edən ölkələr sırasında dünyada birinci yeri tutur”.
Dövlət başçısı vurğulayıb ki, bu, Azərbaycanın Avropada və onun hüdudlarından kənarda enerji təhlükəsizliyinin təmin edilməsində və təchizat marşrutlarının şaxələndirilməsində oynadığı strateji rolu nümayiş etdirir.
Serbiyanın da Azərbaycanla təbii qazın nəqlinə dair yeni müqavilə imzalamağa hazırlaşması bu kontekstdən qiymətləndirilməlidir. Artıq Azərbaycan Avropa üçün strateji tərəfdaş və etibarlı enerji təminatçısına çevrilib. Serbiyanın parlament sədri Ana Brnabiçin sözlərinə görə, birbaşa müqavilələrdən əlavə, Niş şəhəri yaxınlığında dəyəri 600 milyon avroya qədər olan qazla işləyən elektrik stansiyasının tikintisi də müzakirə olunur. Son beş ildə iki ölkə arasında ticarət dövriyyəsi 28 dəfə artıb və Serbiya rəhbərliyi tədarük həcmini artırmaq üçün yeni interkonnektor qurur.
Rusiya ilə münasibətləri gərginləşən ABŞ və Avropa üçün Azərbaycan ən ideal alternativ enerji mənbəyinə çevrilib. Bununla yanaşı, Qərbin Cənubi Qafqaz regionuna artan marağı, rəsmi Vaşinqtonun investisiya təşviqləri də bu yaxınlaşmanı gücləndirir.
Azərbaycan etibarlı tərəfdaşlığı təmin edən ölkə kimi dünyada böyük etimad qazanıb. Ölkəmizin strateji əməkdaşlıq əlaqələri güclənir, dost və tərəfdaşlarının sayı artır, beynəlxalq mövqeyi davamlı olaraq möhkəmlənir.
Hikmət Həsənov