Azərbaycana inam: xarici sərmayələrin yeni dalğası başlayır - TƏHLİL

Prezident İlham Əliyevin himayəsi altında Bakıda keçirilən Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanan müqavilələr və digər razılaşmalar tədbirin əhəmiyyətini daha da artırır. İlk dəfə baş tutan Forum ölkəmizə xarici investisiya axınının yeni dalğasının başlanğıcı hesab oluna bilər. Tədbir çərçivəsində imzalanan, dəyəri milyardlarla ABŞ dollarına çatan razılaşmalar da bunu təsdiqləyir. Forumun mühüm özəlliklərindən biri də Şərq və Qərbin strateji qovşağında yerləşən ölkələrin investisiya imkanlarının təqdim olunması, qlobal ticarətin və dayanıqlı təchizat zəncirlərinin gələcəyinin müzakirəsidir. Bu səbəbdən tədbir Azərbaycanla yanaşı digər iştirakçılar üçün də böyük əhəmiyyət daşıyır.
Forumda enerji, nəqliyyat, sənaye, kənd təsərrüfatı, rəqəmsal inkişaf, səhiyyə və daşınmaz əmlak sahələrində regional əməkdaşlıq və investisiya perspektivlərinin ön plana çıxması həmin sahələrdə yeni işbirliklərinin əsasını qoyur. Azərbaycan üçün isə bu tədbirin mühüm nəticəsi ölkəyə yönəlik xarici sərmayələrin artımını stimullaşdırmasıdır. Ölkəmizdə əlverişli sərmayə mühitinin mövcudluğu əvvəllər də böyük investisiya axını təmin edib. Prezident İlham Əliyev Forum iştirakçılarına müraciətində deyib:
“Azərbaycanda həyata keçirilmiş sosial-iqtisadi islahatlar və qlobal iqtisadiyyata inteqrasiya aparıcı beynəlxalq şirkətlər üçün ölkəmizdə geniş və əlverişli imkanlar yaratmışdır. Məhz bu səbəbdən 2004–2024-cü illər ərzində iqtisadiyyatımıza 344,4 milyard ABŞ dolları həcmində sərmayə qoyulmuş, bunun əhəmiyyətli hissəsi – 213,2 milyard ABŞ dolları qeyri-neft sektorunun inkişafına yönəlmişdir. Bu, xarici investorların Azərbaycana olan etimadının, ölkəmizdə hökm sürən təhlükəsizlik və sabitlik mühitinin bariz göstəricisidir. Hazırda Azərbaycanda minlərlə xarici kapitallı şirkət fəaliyyət göstərir. Bu, müasir korporativ idarəetməyə əsaslanan, rəqabətli və dayanıqlı iqtisadiyyatın formalaşmasına mühüm töhfədir. Əldə etdiyimiz etimad sayəsində əksər xarici şirkətlər bu gün də mənfəətlərini ölkə iqtisadiyyatına təkrar investisiya etməyi seçirlər.”
Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu həm də ölkəmizin sərmayə mühitinin dünyaya təqdimatıdır. Tədbirin ilk günündə 5,5 milyard dollar dəyərində müqavilələrin imzalanması bunun uğurlu göstəricisi olub. Sonrakı günlərdə əldə edilən razılaşmalar da həm Azərbaycan, həm də digər iştirakçılar üçün böyük əhəmiyyət kəsb edir. Proseslər göstərir ki, qarşıdakı illərdə Azərbaycana xarici investisiya axını dinamik şəkildə artacaq və bu artımda Forumun mühüm rolu olacaq.
İnvestisiya Təşviqi Agentliklərinin Dünya Assosiasiyasının baş direktoru İsmayıl Erşahinin sözlərinə görə, Azərbaycanın iqtisadi potensialı, Qərb ilə Şərq arasında yerləşməsi və hökumətin həyata keçirdiyi siyasət ölkəmizi xarici sərmayələr üçün ən cəlbedici məkanlardan birinə çevirib:
“Əlverişli coğrafi mövqe, zəngin təbii ehtiyatlar və sabit iqtisadi siyasət burada biznes və uzunmüddətli əməkdaşlıq üçün unikal mühit formalaşdırır. Neft və qaz, tranzit, nəqliyyat sahələri üçün beynəlxalq əhəmiyyətli infrastruktur yaradılıb. Azərbaycanda həyata keçirilən islahatlar, neft gəlirlərindən səmərəli istifadə buranı investisiyalar üçün ən yaxşı ölkəyə çevirib. Çünki strateji mövqe, proqnozlaşdırıla bilən iqtisadi siyasət və zəngin resurs bazası biznesin inkişafı və davamlı tərəfdaşlıq üçün şərait yaradır.”
Baş nazirin müavini Samir Şərifov da çıxışında Azərbaycanın güclü maliyyə bazasına, makroiqtisadi və makromaliyyə sabitliyinə, əlverişli biznes mühitinə malik olduğunu vurğulayıb:
“Dünya Bankının “Business Ready” sorğusunun nəticələri, eləcə də aparıcı beynəlxalq reytinq agentliklərinin qərarları göstərir ki, Azərbaycanın mövqeyi son illərdə əhəmiyyətli dərəcədə yaxşılaşıb. “Fitch” və “Moody’s” beynəlxalq reytinq agentlikləri ölkəmizin reytinqini investisiya dərəcəsinə yüksəldib. Həmçinin “Moody’s”in qiymətləndirməsi müraciətsiz aparılıb.”
Azərbaycan üçün xarici investisiyalar strateji əhəmiyyət kəsb edir. Çünki sərmayə yalnız maliyyə resursu gətirmir, həm də yeni iş yerlərinin açılmasına, rəqabət mühitinin güclənməsinə, müasir texnologiyaların tətbiqinə təkan verir. Xarici şirkətlər Azərbaycan bazarına daxil olmaqla həm ölkənin resurslarından səmərəli istifadə edir, həm də ixrac imkanlarını genişləndirir. Əvvəllər neft-qaz sektoru bu prosesin əsas istiqaməti olsa da, artıq kənd təsərrüfatı, turizm, nəqliyyat-logistika, informasiya texnologiyaları və bərpa olunan enerji sahələri də investorlar üçün mühüm cazibə mərkəzinə çevrilib.
Xüsusilə azad iqtisadi zonaların yaradılması, xüsusi vergi və gömrük güzəştləri, qanunvericilik bazasının təkmilləşdirilməsi sərmayədarlara əlavə imkanlar təqdim edir. Rəqəmsal iqtisadiyyatın inkişafı, gömrük və vergi sistemində şəffaflığın artırılması, bürokratik maneələrin aradan qaldırılması da xarici sərmayədarların marağını artırır.
İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun bərpası prosesində də xarici sərmayələrin iştirakı mühüm rol oynayır. Azərbaycanın “yaşıl enerji zonası” konsepsiyası bu baxımdan xüsusi maraq doğurur. “Masdar” şirkətinin MDB regionu üzrə inkişaf və investisiya şöbəsinin rəhbəri Məryəm əl-Mazrui Forumda bildirib ki, Azərbaycanla əməkdaşlıq çərçivəsində bərpaolunan enerji layihələrinə 1,2 milyard ABŞ dollarından çox sərmayə yatırılacaq.
Bütün bu nümunələr göstərir ki, Azərbaycan xarici sərmayədarlar üçün etibarlı və perspektivli məkandır. Bu prosesin sürətlənməsi ölkənin iqtisadi qüdrətini yüksəldir və Azərbaycanın qlobal iqtisadi sistemdə mövqeyini gücləndirir.
MTM Analitik Qrupu