Forumlar ölkəsi: Bakı beynəlxalq əməkdaşlığın intellektual paytaxtı - TƏHLİL

Müstəqil Azərbaycanın son 10 ildə beynəlxalq münasibətlər sistemində fəal aktora çevrilməsini təmin edən əsas amillərdən biri ölkəmizin qlobal planda sülh, sabitlik və təhlükəsizliyə verdiyi töhfələrlə bağlıdır. Rəsmi Bakının təşəbbüsü ilə keçirilən çoxsaylı mötəbər tədbirlər respublikamızı regionun intellektual mərkəzinə, sülh, təhlükəsizlik və sivil birgəyaşayış platformasına çevirib. Yürüdülən fəal diplomatiya dünyada gedən mürəkkəb və ziddiyyətli proseslər fonunda ölkəmizin siyasi və iqtisadi müstəqilliyini, milli təhlükəsizliyini möhkəmləndirib, Azərbaycanı qlobal əhəmiyyətli tədbirlərin təşkilatçısına çevirib.
2008-ci ildə elan olunmuş “Bakı prosesi”nin tərkib hissəsi olan bu təşəbbüslər Azərbaycanın Şərqlə Qərbi təkcə əlverişli tranzit və enerji-kommunikasiya imkanları ilə deyil, həm də mədəni-mənəvi və intellektual tellərlə bağlayan ölkə olduğunu göstərir. “Bakı Prosesi” çərçivəsində indiyədək keçirilmiş Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları, Bakı Beynəlxalq Humanitar Forumu və digər tədbirlər qlobal əməkdaşlıq üçün uğurlu platforma yaradıb.
Yeni çağırışlar fonunda dövlətlərin xarici siyasət prioritetlərinin reallaşdırılması, iqtisadi, siyasi və mədəni tərəfdaşlıqlarının dərinləşdirilməsi baxımından qlobal forumlar və çoxtərəfli platformalar mühüm əhəmiyyət daşıyır. Azərbaycanda keçirilən beynəlxalq tədbirlər strateji maraqların təmininə, iqtisadi inteqrasiyanın sürətləndirilməsinə və ölkəmizin beynəlxalq nüfuzunun möhkəmləndirilməsinə də töhfə verir. Bu tədbirlər yeni əməkdaşlıq imkanları açır, mövcud tərəfdaşlıqlar isə keyfiyyətcə yeni mərhələyə qədəm qoyur.
Azərbaycanın beynəlxalq forumlardakı fəallığı həm də onun geosiyasi mövqeyi və iqtisadi potensialı ilə sıx bağlıdır. Şərqlə Qərb, Şimalla Cənub arasında körpü funksiyasını yerinə yetirən ölkəmiz transregional layihələrin əsas təşəbbüskarı kimi çıxış edərək, ikitərəfli və çoxtərəfli əməkdaşlıq formatlarını təşviq edir. Bu baxımdan, qlobal forumlar təkcə siyasi dialoq deyil, eyni zamanda real əməkdaşlıq platformasıdır.
Enerji və nəqliyyat sahələri hazırda ölkəmizin beynəlxalq forumlarda önə çıxardığı əsas istiqamətlərdəndir. Neft və qaz ehtiyatlarının dünya bazarlarına çıxarılması, enerji təhlükəsizliyi ilə yanaşı, iqlim dəyişmələri ilə mübarizə və bu kontekstdə yaşıl enerjinin istehsalı və ixracı Azərbaycanın təşəbbüskarlığını təsdiqləyir. Xüsusilə ötən ilin noyabrında Bakıda keçirilmiş COP29 tədbiri ölkəmizin iqlim dəyişikliklərinə qarşı mübarizədə necə fəal rol oynadığını nümayiş etdirdi. Azərbaycan bu gün Afrika və inkişaf etməkdə olan ada ölkələrinin iqlim və digər sahələrdə üzləşdiyi problemlərin beynəlxalq platformalarda müzakirəsini təşkil edir, onlara maliyyə yardımının artırılması təşəbbüsləri ilə çıxış edir.
Nəqliyyat-logistika məsələləri də Azərbaycanın forumlar vasitəsilə gündəmə gətirdiyi prioritet istiqamətlərdəndir. Zəngəzur dəhlizi, Orta Dəhliz, Şimal-Cənub marşrutları ilə bağlı müzakirələrdə ölkəmiz vacib tərəfdaş kimi çıxış edir. Bu razılaşmalar Azərbaycanın beynəlxalq ticarət şəbəkəsindəki rolunu gücləndirir və onu regionun logistik mərkəzinə çevirir.
Sivilizasiyalararası dialoqun inkişafına töhfə verən bu tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizin nüfuzuna, iqtisadi, siyasi, hüquqi və digər sahələrdə həyata keçirdiyi islahatlara, eləcə də transmilli layihələrinə beynəlxalq ictimaiyyətin verdiyi yüksək qiymətin göstəricisidir. Bakı bu gün həm də intellektual müzakirələrin əsas mərkəzlərindən biri kimi qəbul olunur.
Eyni zamanda beynəlxalq tədbirlər çərçivəsində ikitərəfli görüşlər keçirilir və konkret layihələr üzrə razılaşmalar əldə edilir. Bu günlərdə paytaxtda təşkil olunan Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu, eləcə də 90-a yaxın ölkənin xüsusi xidmət orqanlarının rəhbərlərinin iştirak etdiyi III Bakı Təhlükəsizlik Forumu qlobal iqtisadi və təhlükəsizlik məsələlərinin müzakirəsi baxımından xüsusi əhəmiyyət kəsb edib.
İnvestisiya imkanlarının müzakirəsi, biznes dairələri arasında əlaqələrin qurulması, texnologiya transferi və innovasiyaların təşviqi ölkəmizin iqtisadi modernləşməsini sürətləndirir. İqlim dəyişiklikləri, ərzaq təhlükəsizliyi, kibertəhlükəsizlik, süni intellekt və rəqəmsal transformasiya kimi mövzular Azərbaycanın inkişaf prioritetlərinin müəyyənləşdirilməsinə mühüm təsir göstərir.
Azərbaycan qlobal forumlar vasitəsilə özünün sülh gündəliyini ardıcıl olaraq dünyaya təqdim edir. Cənubi Qafqazda yaranmış yeni geosiyasi şərait region ölkələri arasında etimadın bərqərar olmasının, iqtisadi əməkdaşlığın və kommunikasiya xətlərinin açılmasının vacibliyini göstərir. Bu təşəbbüslər regional sabitliklə yanaşı, qlobal əməkdaşlıq üçün də geniş imkanlar açır.
Keçirilən tədbirlər Azərbaycanın müxtəlif regionlarda strateji tərəfdaş çevrəsini genişləndirməsinə şərait yaradır. Azərbaycanın forumlardakı fəallığı onun etibarlı və güvənilən tərəfdaş kimi beynəlxalq nüfuzunu daha da artırır.
MTM Analitik Qrupu