Neft ixracında 57%-lik rekord pay – İtaliya Azərbaycanın lider bazarıdır - STATİSTİKA

Media Təhlil Mərkəzinin (MTM) Dövlət Gömrük Komitəsinin açıqladığı rəsmi rəqəmlər əsasında apardığı təhlilə əsasən, 2025-ci ilin yanvar-avqust aylarında ölkəmizdən ixrac olunan xam neftin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 3,3% və ya 4,08 milyon barel azalaraq 117,96 milyon barelə bərabər olub.
Cari ilin ilk 8 ayında ixrac olunan xam neftin həcmini 2021-ci ilin ilk 8 ayı ilə müqayisə etsək, 21,08 milyon barel həcmində 15,2%-lik azalmanın olduğunu görərik.
Məlumat üçün xatırladaq ki, son 5 ildə ötən ilin eyni dövrü ilə müqayisədə yalnız 2023-cü ilin ilk 8 ayında xam neftin ixrac həcmində artım qeydə alınıb. Statistikaya əsasən 2023-cü ilin yanvar-avqust aylarında ölkəmizdən dünya bazarına 137,08 milyon barel xam neft ixrac olunub ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 2,9% və ya 3,13 milyon barel çoxdur.

Son 5 ildə ixrac olunan xam neftdən əldə olunan ən az gəlir 2025-ci ildə qeydə alınıb. Belə ki, cari ilin yanvar-avqust aylarında Azərbaycan xam neftin ixracından 8,4 milyard dollar gəlir əldə edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 18,5% və ya 1,91 milyard dollar azdır. Qeyd edək ki, cari ilin ilk 8 ayında Azərbaycan neftinin bir barelinin orta qiyməti 71,18 dollar, ötən ilin eyni dövründə isə 84,46 dollar təşkil edib.
Neftin qiymətinin ən yüksək olduğu dövr isə 2022-ci ilə təsadüf edib. Həmin ilin ilk 8 ayının orta göstəricisinə əsasən, Azərbaycan neftinin bazar dəyəri bir barel üçün 103,03 dollar təşkil edib. Nəticədə həmin ilin yanvar-avqust aylarında ixrac olunan xam neftdən 13,72 milyard dollar gəlir əldə edilib ki, bu da son 5 il üzrə ən yüksək göstərici olub. Sonrakı illərdə həm dünya bazarında neftin qiymətinin düşməsi, həm də Azərbaycanın neft ixracının həcmini azaltması bu gəlirlərin azalmasına gətirib çıxarıb.

Cari ilin yanvar-avqust aylarında Azərbaycan 15 Avropa, 4 Asiya və 1 Afrika ölkəsi olmaqla ümumilikdə 20 ölkəyə xam neft ixracı həyata keçirib. Azərbaycan neftinin əsas alıcısı İtaliya olaraq qalıb. İlk 8 ay ərzində Azərbaycan neftinin 4,8 milyard dollar həcmində olan 57,19%-lik hissəsini İtaliya idxal edib. Qalan 42,81%-lik hissəsini, yəni 3,59 milyard dollar dəyərindəki xam nefti isə başda Çexiya olmaqla digər ölkələr idxal edib.
İlk 8 ayda Çexiya Azərbaycandan 653,4 milyon dollar dəyərində xam neft idxal edib. Növbəti iki sırada isə 497,4 milyon dollarlıq idxal ilə Xorvatiya və 445,3 milyon dollar həcmində idxalla Almaniya yer alıb.
Ölkəmizdən ən az xam neft idxal edən ölkə isə 0,8 milyon dollarlıq neft ilə Hindistan olub.
Qardaş ölkə Türkiyə isə 30,3 milyon dollarlıq xam neft idxalı ilə siyahıda sondan ikinci sırada qərarlaşıb.

Daha öncə də qeyd etdiyimiz kimi, 2025-ci ilin 8 ayı ərzində Azərbaycan neftinin bir barelinin orta dəyəri 71,18 dollar təşkil edib. Azərbaycan neftini ən ucuz idxal edən ölkələr Hindistan (60,39$), Böyük Britaniya (62,15$), Türkiyə (62,54$) və Avstriya (63,87$) olub. Bu ölkələrdən daha baha amma, orta göstəricidən daha aşağı qiymətə neftimizi idxal edən ölkələr isə Fransa (68,27$), İtaliya (70,47$) və İrlandiya (70,95$) olub. Xam neftin ən baha qiymətə satıldığı ölkələr isə Bolqarıstan (82,15$) və İsveçrə (81,06$) olub.
Daha öncə də qeyd etdiyimiz kimi, 2025-ci ilin 8 ayı ərzində Azərbaycan neftinin bir barelinin orta dəyəri 71,18 dollar təşkil edib. Azərbaycan neftini ən ucuz idxal edən ölkələr Hindistan (60,39$), Böyük Britaniya (62,15$), Türkiyə (62,54$) və Avstriya (63,87$) olub. Bu ölkələrdən daha baha amma, orta göstəricidən daha aşağı qiymətə neftimizi idxal edən ölkələr isə Fransa (68,27$), İtaliya (70,47$) və İrlandiya (70,95$) olub. Xam neftin ən baha qiymətə satıldığı ölkələr isə Bolqarıstan (82,15$) və İsveçrə (81,06$) olub.
