“Əsrin müqaviləsi”nin imzalanmasından 31 il ötür

Bu gün “Əsrin müqaviləsi”nin imzalanmasından 31 il ötür.
Təhlil.az zəvər verir ki, 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanın siyasi və iqtisadi inkişafı üçün mühüm addımlar atıldı.
İlk günlərdən yeni neft strategiyasının hazırlanması və həyata keçirilməsi işlərinə başlanıldı.
20 sentyabr 1994-cü ildə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” və “Günəşli” neft yataqlarının birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında Saziş imzalandı.
Saziş Azərbaycan üçün tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adlandırıldı.
Dəyəri 7,4 milyard dollar olan “Əsrin müqaviləsi”nin imzalanmasında 7 ölkənin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç və Səudiyyə Ərəbistanı) 11 neft şirkəti (Amoco, BP, McDermott, UNOCAL, ARDNŞ, Lukoil, Statoil, Türkiyə Petrolları, Pennzoil, Ramco, Delta) iştirak edib.
Müqavilə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilərək, 12 dekabr 1994-cü ildə qüvvəyə minib. İlkin hesablamalara əsasən, “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun çıxarıla bilən neft ehtiyatı 511 milyon ton olsa da, sonralar yeni qiymətləndirmələrə görə, neft ehtiyatı 1.072 milyard ton həcmində müəyyən edilib.
“Azəri-Çıraq-Günəşli” yataqlar blokunun istismarı üç mərhələdə nəzərdə tutulmuşdu. 7 noyabr 1997-ci ildə “Çıraq” platformasından ilk neft hasil edildi.
Artan neft hasilatını beynəlxalq bazarlara daşımaq üçün yeni neft kəmərləri tikilib istifadəyə verildi: Bakı-Novorossiysk, Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri. 1999-cu ilin dekabrında Azərbaycanın “mənfəət nefti” ilə doldurulmuş ilk tanker dünya bazarlarına çıxarıldı.
14 sentyabr 2017-ci ildə Bakıda Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilib, yenidən tərtib olunmuş Sazişin imzalanması mərasimi keçirildi.
Yeni Sazişlə “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsi 2050-ci ilə qədər uzadıldı.