Bu gün

Ekspert: "Sülh gündəmi irəliləsə də, radikal qüvvələr prosesə mane olur” - AÇIQLAMA

“Hazırda Ermənistan cəmiyyətində, siyasi və ekspert dairələrində Azərbaycanla dinc yanaşı yaşamaq məsələsində ziddiyyətli yanaşmalar müşahidə olunur. Bir tərəfdən Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxış edərək, artıq ölkəyə və regiona sülh gətirdiyini, son yarım ildə sərhəddə heç kimin həlak olmadığını vurğulayıb. Parlament sədri Alen Simonyan da gələcək sülhün qarşılıqlı əməkdaşlığı, məhsul və mal mübadiləsini nəzərdə tutduğunu, bazarlarda azərbaycanlı və erməni məhsullarının eyni vaxtda satışa çıxmasının zəruriliyini qeyd edib”.

Bu fikirləri təhlil.az saytına “Xəzər Məkan Analizi Mərkəzi”nin rəhbəri, politoloq İlqar Vəlizadə açıqlamasında deyib.

O bildirib ki, bütün bunlar müsbət siqnallardır və sülh sazişinə doğru irəliləyişin olduğunu göstərir:

“Hətta delimitasiya və demarkasiya məsələlərinin müzakirəsi də bu istiqamətdə atılmış addımlar sırasındadır. ABŞ-ın Ermənistana 145 milyon dollarlıq maliyyə tranşı ayıraraq Zəngəzur dəhlizi layihəsini dəstəkləməsi də diqqətçəkəndir”.

Onun fikrincə, lakin revanşist dairələr bu prosesin qarşısını almağa çalışır:
“Ermənistanda hələ də revanşist qüvvələrin təsiri qalmaqdadır. Məsələn, prezident Vaaqn Xaçatryan açıqlamalarında konstitusiya dəyişikliklərinə hazır olduqlarını desə də, bunun guya Azərbaycanın təzyiqi altında olmayacağını qeyd edib. Paşinyan isə əksinə, dəyişikliklərin zəruriliyini bildirir. Bu isə ictimaiyyətdə çaşqınlıq yaradır və kimə inanmaq lazım olduğu sual doğurur”.

Politoloq vurğulayıb ki, Ermənistanın keçmiş işğalçı siyasətini davam etdirən dairələr bu gün Bakının təhlükəsizlik zəmanəti verməsini tələb edirlər:
“Halbuki, son 30 ildə məhz Azərbaycan iki müharibə yaşayıb, Xocalı soyqırımına məruz qalıb, 1 milyon qaçqın və məcburi köçkün problemi ilə üzləşib. İşğal olunmuş torpaqlar tamamilə dağıdılıb. Bu reallıqları görməzdən gələrək, indi Bakının guya İrəvana təhlükəsizlik zəmanəti verməsini istəmək absurddur”.

İ. Vəlizadə hesab edir ki, bu cür manipulyativ mövqeləri Ermənistan cəmiyyətinə radikal və faşist düşüncəli qüvvələr yeritməyə çalışır və onların dəstəyi də Qərbdəki bəzi siyasi dairələrdən gəlir:
“İllər boyu müxtəlif lobbi qrupları Ermənistanın müdafiəçisi rolunda çıxış ediblər. Amma artıq münaqişə yoxdur, regionun reallıqları dəyişib. Bakı və İrəvan sülh istiqamətində irəliləyirlər”.

Ekspertin sözlərinə görə, Paşinyan özü də dəfələrlə bildirib ki, Ermənistana heç kim hücum etmir, əksinə, ölkə iqtisadiyyatını inkişaf etdirmək üçün sərhədləri açmaq lazımdır.

“Problem ondadır ki, Ermənistan rəhbərliyi bir mövqedə danışır, amma diaspor təşkilatları və revanşist qüvvələr tamamilə əks fikirlər səsləndirirlər. Yəni, Ermənistan siyasi dünyasında ikiləşmə var. Əgər rəsmi İrəvan diasporun diktəsindən imtina etsə, qərarı özü versə və Azərbaycanla münasibətləri müstəqil şəkildə tənzimləsə, vəziyyət dəyişə bilər”, – deyə, o əlavə edib.

Rasim Babayev 

SORĞU

Hava limanında taksi seçimləri

Hava limanında tətbiqlər vasitəsilə taksi sifariş etmək imkanı sizin üçün nə dərəcədə vacibdir?