Bir sutkada separatçılığın sonu: Azərbaycanın qətiyyətli mesajı - ŞƏRH

2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsində yerləşən erməni silahlı qüvvələri genişmiqyaslı hərbi təxribatlara və terror hücumlarına əl atıblar. Erməni kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunda əvvəlcədən quraşdırılmış minaların partlaması nəticəsində mülki şəxslər və Daxili Qoşunların hərbi qulluqçuları həlak olub, yaralananlar qeydə alınıb.
Eyni zamanda, Azərbaycan Ordusunun bölmələri minaatanlardan və müxtəlif çaplı silahlardan atəşə tutulub, nəticədə iki hərbi qulluqçu yaralanıb. Ağdam və Şuşada törədilən digər terror aktlarında isə iki mülki şəxs həyatını itirib.
Qeyri-qanuni erməni silahlı dəstələrinin döyüş mövqelərini gücləndirməsi və yüksək döyüş hazırlığına gətirilməsi fonunda Azərbaycan Ordusu lokal xarakterli antiterror tədbirlərinə start verib. Əməliyyatın məqsədi üçtərəfli Bəyanatın müddəalarının icrası, dövlətin konstitusiya quruluşunun və suverenliyinin tam bərpası olub.
Azərbaycan Ordusunun həyata keçirdiyi antiterror əməliyyatı təkcə region ölkələrinə deyil, bütün dünyaya da güclü mesaj idi. Rəsmi Bakı bir daha nümayiş etdirdi ki, ərazisində heç bir separatçı rejimin fəaliyyətinə göz yummayacaq. Azərbaycan sərhədləri daxilində separatçılığa yer yoxdur. Bununla yanaşı, terrordan əziyyət çəkən bir ölkə kimi, Azərbaycan terrorun hər hansı formasına qarşı barışmaz mövqeyini ortaya qoydu və separatizmin kökünü kəsməyə hər an hazır olduğunu nümayiş etdirdi.
Əməliyyatın bir sutkadan az müddətdə başa çatması isə ordu quruculuğu, hərbi təşkilatlanma, koordinasiyalı idarəetmə və peşəkarlığın yüksək səviyyədə olduğunu göstərdi.
Bununla paralel, lokal xarakterli antiterror tədbirlərindən sonra Qarabağı könüllü şəkildə tərk edən erməni əhalisinə yaradılan şərait bütün dünyaya Azərbaycan humanizminin göstəricisi oldu. Dünyanın heç bir yerində görünməmiş şəkildə, Qarabağda qeyri-qanuni məskunlaşmış ermənilər burnu qanamadan sərhədi keçərək Ermənistana köçdülər. Onlara ərzaq, su yardımı edildi, yol göstərildi. Bu fakt bir daha sübut etdi ki, Azərbaycan hökumətinin və xalqının dinc əhali ilə heç bir problemi yoxdur – əsas hədəf terror və separatizmin məhv edilməsi idi.
Hadisələrdən yayılan kadrların bir sıra dünya mediasında humanizm nümunəsi kimi təqdim olunması da təsadüfi deyildi.
Azərbaycan dövləti bir daha göstərdi ki, ərazisində nə separatizmə, nə də terrora yer yoxdur.
Hikmət Həsənov