Azərbaycan 24 saatdan az müddətdə suverenliyini tam bərpa etdi

2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsində yerləşən erməni silahlı qüvvələri genişmiqyaslı hərbi təxribatlara və terror hücumlarına əl atıblar. Erməni kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunda əvvəlcədən quraşdırılmış minaların partlaması nəticəsində mülki şəxslər və Daxili Qoşunların hərbi qulluqçuları həlak olub, yaralananlar olub.
Eyni zamanda, Azərbaycan Ordusunun bölmələri minaatanlardan və müxtəlif çaplı silahlardan atəşə tutulub, nəticədə iki hərbi qulluqçu yaralanıb. Ağdam və Şuşada törədilən digər terror aktlarında isə iki mülki şəxs həyatını itirib.
Qeyri-qanuni erməni silahlı dəstələrinin döyüş mövqelərini gücləndirməsi və yüksək döyüş hazırlığına gətirilməsi fonunda Azərbaycan Ordusu lokal xarakterli antiterror tədbirlərinə start verib. Məqsəd üçtərəfli Bəyanatın müddəalarının icrası, dövlətin konstitusiya quruluşunun və suverenliyinin tam bərpası olub.
Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat nəticəsində separatçılar ağ bayraq qaldırmağa məcbur edilib. Qarabağdakı erməni sakinlərinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciəti nəzərə alınaraq, 2023-cü il sentyabrın 20-də saat 13:00-da atəşkəs razılaşdırılıb. Şərtlərə əsasən, Ermənistan silahlı qüvvələrinin birləşmələri və qanunsuz dəstələr silahı yerə qoymalı, mövqeləri tərk etməli idilər.
Uzun müddət Azərbaycan nümayəndələri ilə görüşdən imtina edən Qarabağdakı erməni icmasının təmsilçiləri bir günlük antiterror tədbirlərindən sonra Yevlaxda danışıqlara məcbur olublar. Görüşdə separatçı rejimin ləğvi və reinteqrasiya məsələləri müzakirə olunub. Erməni əhaliyə isə Azərbaycanın təklif etdiyi reinteqrasiya şərtləri ilə tanış olmaq və gələcəkdə bölgədə qalıb-qalmamaq barədə sərbəst qərar vermək imkanı yaradılıb.
Sentyabrın 28-də isə separatçı rejimin rəhbəri Samvel Şahramanyan qondarma qurumun ləğvi ilə bağlı sənədi imzalayıb.
Beləliklə, 24 saatdan az davam edən antiterror tədbirləri nəticəsində Azərbaycan Ordusu ölkə ərazisində qanunsuz yerləşən Ermənistan silahlı qüvvələrini tam tərk-silah edərək çıxarıb, separatçı rejimi ləğv edib və dövlət suverenliyini bərpa edib.