Bu gün

Altı ölkənin xüsusi təyinatlıları Bakıda – regional təhlükəsizlik üçün birgə addım - TƏHLİL

Müasir beynəlxalq münasibətlər yüksək dinamika, çoxsaylı çağırışlar və gözlənilməz təhlükələrlə xarakterizə olunur. Belə bir şəraitdə dost və qardaş dövlətlər arasında hərbi əməkdaşlığın gücləndirilməsi xüsusilə aktualdır. Sözügedən qarşılıqlı əlaqənin parlaq nümunələrindən biri “Sonsuz qardaşlıq” çoxmillətli birgə təlimləridir. Bu təlimlər döyüş hazırlığının səviyyəsinin yüksəldilməsi, müxtəlif ölkələrin silahlı qüvvələri arasında etimadın və koordinasiyanın gücləndirilməsi, yeni təhlükəsizlik təhdidlərinə qarşı birgə mübarizəyə hazırlığın nümayiş etdirilməsi məqsədilə keçirilir.

Dördüncü dəfə keçirilən təlimə bu dəfə Bakı ev sahibliyi edir. Belə ki, paytaxtda Azərbaycan, Qazaxıstan, Qətər, Özbəkistan, Pakistan və Türkiyə xüsusi təyinatlılarının iştirakı ilə “Sonsuz qardaşlıq – IV” çoxmillətli birgə təliminə start verilib. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına əsasən, birgə təlimin əsas məqsədi dost, müttəfiq ölkələrin xüsusi təyinatlı qüvvələri arasında birgə xüsusi əməliyyatların keçirilməsi sayəsində təcrübə mübadiləsinin aparılması, qarşılıqlı fəaliyyətlərin təşkili üzrə bacarıqların təkmilləşdirilməsi, eləcə də zərurət yarandıqda birgə əməliyyatlar aparmaq imkan və bacarıqlarının inkişaf etdirilməsidir.

Xatırlatmaq lazımdır ki, bundan əvvəl, ötən il sentyabrın 10-da Qazaxıstanın Türküstan vilayətində yerləşən Orda poliqonunda “Sonsuz qardaşlıq – III” çoxmillətli birgə xüsusi təyinatlı qüvvələrinin təlimi keçirilib. Həmin təlimə də sözügedən altı ölkədən xüsusi təyinatlılar qatılıb.

“Sonsuz qardaşlıq – IV” çoxmillətli birgə təlimində xüsusi təyinatlı bölmələrin döyüş taktikaları üzrə atəş, paraşüt, snayper, eləcə də yaşayış məntəqələrinin düşməndən təmizlənməsi mövzuları üzrə təlim-döyüş tapşırıqlarını yerinə yetirməsi əsas diqqət mərkəzindədir. Bütün bunlar fonunda bir məqam özünü qabarıq büruzə verir ki, sözügedən təlimlərdə iştirak edən ölkələr təhdidlərə qarşı tələb olunduqda birgə hərəkət etməyə hazırdırlar.

Ümumiyyətlə, “Sonsuz qardaşlıq” təlimlərinin başlıca məqsədi iştirakçı dövlətlərin silahlı qüvvələri arasında qarşılıqlı əlaqəni möhkəmləndirmək, döyüş hazırlığını artırmaq və müasir təhlükələrə qarşı birgə mübarizə bacarıqlarını inkişaf etdirməkdir. Təlimlər çərçivəsində hərbi qulluqçular müxtəlif əməliyyat ssenariləri üzərində işləyir, təcrübə mübadiləsi aparır və qarşılıqlı koordinasiya imkanlarını sınayırlar. Son illərdə terrorizm, separatizm, kibertəhlükələr və hibrid müharibə formaları ön plana çıxdığından, belə təlimlər iştirakçı ölkələr üçün həyati əhəmiyyət daşıyır. Çünki yalnız milli güc potensialına deyil, həm də regional əməkdaşlığa əsaslanan təhlükəsizlik sistemi daha səmərəli olur.

Azərbaycan, Türkiyə və Pakistan başda olmaqla dost ölkələrin birgə təlimlər keçirməsi regionda sabitliyin möhkəmlənməsinə xidmət edir. “Sonsuz qardaşlıq” adı altında təşkil olunan hərbi manevrlər dünyaya açıq mesaj verir ki, bu dövlətlər həmrəylik ruhu ilə təhlükələrə qarşı birgə hərəkət etməyə hazırdırlar. Bu cür təlimlər təkcə hərbi güc nümayişi deyil, həm də həmrəyliyin göstəricisidir. Beləliklə, regionda sabitliyi pozmağa cəhd edən qüvvələr anlayır ki, onların təcavüz və təxribat xarakterli hərəkətləri müttəfiq dövlətlərin birgə reaksiyasına səbəb olacaq.

Müasir müharibələrin əsas xüsusiyyətlərindən biri yeni texnologiyaların geniş tətbiqidir. Təlimlərdə pilotsuz uçuş aparatlarının istifadəsi, elektron müharibə vasitələrinin tətbiqi ssenariləri xüsusi yer tutur. Bu, iştirakçı ölkələrin gələcək münaqişələrdə üstün mövqeyə sahib olmasına imkan yaradır. Texnologiya mübadiləsi təkcə döyüş meydanında deyil, həm də hərbi sənaye əməkdaşlığında özünü göstərir. Belə təlimlər yeni silah və texnika istehsalı, ortaq layihələrin reallaşdırılması üçün platforma rolunu oynaya bilər.

Çoxmillətli təlimlərin ən mühüm nəticələrindən biri təcrübə mübadiləsidir. Faktdır ki, hər bir ordunun özünəməxsus hazırlıq metodları, müasir texnologiyalardan istifadə qaydaları və əməliyyat taktikasında üstünlükləri mövcuddur. “Sonsuz qardaşlıq” təlimləri bu təcrübələrin paylaşılması və ortaq tətbiqi üçün əlverişli meydan rolunu oynayır. Məsələn, Türkiyə Ordusunun NATO-da qazandığı nailiyyətlər, Azərbaycan Silahlı Qüvvələrinin İkinci Qarabağ müharibəsində qazandığı müasir döyüş təcrübəsi və digər ölkələrin müxtəlif sahələrdəki bilikləri bir araya gətirilərək daha effektiv nəticə əldə olunur. Bununla da iştirakçı ölkələrin orduları müasir müharibənin çağırışlarına daha yaxşı hazırlaşır.

O da xüsusi qeyd olunmalıdır ki, “Sonsuz qardaşlıq” təlimləri təkcə hərbi deyil, həm də mühüm siyasi komponentə malikdir. Bir neçə dövlətin eyni vaxtda iştirakı müttəfiqlərin birliyini və həmrəyliyini simvollaşdırır. Bu, kənar müşahidəçilərə qardaşlıq əlaqələri ilə birləşən ölkələrin öz maraqlarını birgə müdafiə etməyə və regionda sabitliyi təmin etməyə hazır olduqları barədə siqnal rolunu oynayır. Birgə manevrlər müttəfiq ölkələr arasında etimadı gücləndirir, anlaşılmazlıq riskini azaldır və birgə müdafiə təşəbbüslərinin inkişafına imkan verir. Bundan əlavə, bu cür təlimlər təkcə hərbi yox, digər istiqamətlərdə də çoxvektorlu əlaqələri gücləndirir.

“Sonsuz qardaşlıq” təlimləri yalnız döyüş əməliyyatlarının planlaşdırılması ilə məhdudlaşmır. Burada humanitar və sülhməramlı ssenarilər də xüsusi yer tutur. Mülki əhalinin mühafizəsi, təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması, humanitar yardımın çatdırılması kimi məsələlər də praktiki olaraq işlənilir. Bu, iştirakçı ölkələrin ordularını təkcə müdafiə və hücum əməliyyatlarına deyil, həm də beynəlxalq sülhməramlı missiyalara hazırlayır. Belə bacarıqlar müasir dövrdə hər bir ordunun imicinə və funksionallığına əlavə dəyər qatır.

Dünyada təhlükəsizliklə bağlı vəziyyətin gərginləşməsi, yeni münaqişələrin yaranması və müxtəlif təhdid risklərinin artması fonunda “Sonsuz qardaşlıq” kimi təlimlərin gələcəkdə daha da geniş miqyasda keçirilməsi gözlənilir. İştirakçı ölkələrin sayının artması, təlimlərin müxtəlif coğrafiyalarda təşkili və yeni texnologiyaların tətbiqi bu manevrlərin səmərəliliyini daha da yüksəldəcək. Eyni zamanda, bu təlimlərin regionda kollektiv təhlükəsizlik sisteminin formalaşmasına və uzunmüddətli sabitliyin təmin edilməsinə xidmət etdiyi dünya miqyasında qəbul edilmiş həqiqətdir.

Beləliklə, bu təlimlər sübut edir ki, müasir dövrdə təhlükəsizlik yalnız milli güclə deyil, həm də dost və müttəfiqlərin birgə əməkdaşlığı ilə daha səmərəli şəkildə təmin olunur. “Sonsuz qardaşlıq” bunun ən bariz nümunələrindən biri kimi tarixi əhəmiyyət daşıyır.

MTM Analitik Qrupu 

SORĞU

Yeni tədris ili

Yeni tədris ilinə hazırıq?