Bu gün

Qazaxıstanlı politoloq: "Sülh sazişi Cənubi Qafqazı və Mərkəzi Asiyanı dəyişəcək" - AÇIQLAMA

Qazaxıstan Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanması istiqamətində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın atdığı addımları yüksək qiymətləndirir və Vaşinqtonda iki ölkə arasında paraflanmış sülh sazişi layihəsini mühüm hadisə hesab edir.

Bu fikirləri təhlil.az saytına A+Analytics Araşdırmalar Mərkəzinin rəhbəri, qazaxıstanlı politoloq Farxad Kasenov açıqlamasında deyib. 

Onun sözlərinə görə, sülh sazişinin imzalanması region üçün dönüş nöqtəsidir:

“Artıq 30 ildən çox davam edən münaqişə başa çatır. Saziş imzalanarsa, regionda tamamilə yeni mərhələ başlayacaq. Bu, Azərbaycan və Ermənistan vətəndaşlarının rifahına müsbət təsir göstərəcək, bütövlükdə Cənubi Qafqazdakı vəziyyəti yaxşılaşdıracaq”.

Ekspertin fikrincə, sülh razılaşması Mərkəzi Asiyaya da birbaşa təsir edəcək:

“Bakı ilə İrəvan arasında sülh, şübhəsiz ki, Orta Dəhliz və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafına təkan verəcək. Nəhayət, Zəngəzur dəhlizi də açılacaq. Bu, Cənubi Qafqazın beynəlxalq nəqliyyat qovşağı kimi rolunu artıracaq və regionla qonşu dövlətlərə də fayda gətirəcək. Bu, böyük nailiyyətdir”.

F. Kasenov Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin ilin sonunadək Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistan Baş naziri Nikol Paşinyanın Qazaxıstana gözlənilən səfərlərinə də toxunub:

“Bu səfərləri çox müsbət qiymətləndirirəm. Çünki Azərbaycan və Qazaxıstan qardaş ölkələrdir. Bizi ortaq türk tarixi, dil və mədəni birliyimiz bağlayır. Bakı və Astana BMT çərçivəsində birgə maraqları müdafiə edir, müxtəlif beynəlxalq layihələrdə iştirak edir. İkitərəfli münasibətlər humanitar, mədəni, iqtisadi və hərbi sahələrdə də sıx əməkdaşlıq üzərində qurulub. Bu səbəbdən də Azərbaycan Prezidentinin Qazaxıstana səfəri həmişə arzuolunan və əhəmiyyətli hadisədir”.

O əlavə edib ki, Qazaxıstanın birpalatalı parlament modelinə keçid planlarında da Azərbaycanın Milli Məclisinin təcrübəsi nəzərə alınacaq.

Rasim Babayev 

SORĞU

Yeni tədris ili

Yeni tədris ilinə hazırıq?