Ceyhun Bayramov Misirin ölkəmizdəki yeni səfiri ilə regional və beynəlxalq vəziyyəti müzakirə edib

Bu gün xarici işlər naziri Ceyhun Bayramov Misir Ərəb Respublikasının ölkəmizdəki yeni təyin olunmuş səfiri Hüsaməddin Effat Mustafa Rezanı qəbul edib.
Təhlil.az XİN-in məlumatına istinadla xəbər verir ki, səfir Hüsaməddin Reza etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib.
Nazir Ceyhun Bayramov səfiri təyinatı münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə, Azərbaycan və Misir arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, habelə regional və beynəlxalq vəziyyət müzakirə olunub.
İki ölkə arasında əməkdaşlığın inkişafında liderlər arasında dostluq münasibətlərinin, ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin, hökumətlərarası komissiyanın fəaliyyətinin, habelə siyasi məsləhətləşmələr mexanizminin əhəmiyyəti qeyd olunub.
Regional və beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib.
Ölkəmizin Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi və sədrliyi dövründə ölkələrimiz arasında əməkdaşlıq məmnunluqla xatırlanıb.
Nazir Ceyhun Bayramov, həmçinin qarşı tərəfi postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri barədə ətraflı məlumatlandırıb.
Tərəflər həmçinin, Yaxın Şərq bölgəsində təhlükəsizlik vəziyyəti ətrafında müzakirə aparıblar.
Səfir Misirin Azərbaycandakı səfiri qismində fəaliyyət göstərəcəyindən məmnunluq duyduğunu və fəaliyyəti dövründə ikitərəfli münasibətlər və əməkdaşlığın inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.