Xətai prospektində yolun təmir işlərinə başlanılıb

Bakının Xətai prospektində təmir işlərinə başlanılıb.
Təhlil.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına istinadla xəbər verir ki, təmir işləri prospektin Süleyman Rəhimov küçəsindən Əbdüləzəl Dəmirçizadə küçəsinədək olan 1740 metrlik hissəsini əhatə edir.
Ortalama eni 18-19 metr olan prospektdə hazırda köhnə asfalt-beton örtüyünün aşınma qatının frezlənməsi işləri həyata keçirilir. Məlumata əsasən, layihə çərçivəsində aşağıdakı işlərin görülməsi nəzərdə tutulur:
- Zəruri hissələrdə mövcud piyada səkilərinin bərpası və yeni səki daşlarının düzülməsi,
- Prospektə yeni asfalt-beton örtüyünün döşənməsi,
- Yeraltı kommunikasiya xətlərinə aid baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması və yenilənməsi,
- Yeni baxış qapaqları və yağış barmaqlıqlarının quraşdırılması.