Zəngəzur dəhlizi gələn il tamamlanacaq - RƏSMİ

Azərbaycan Zəngəzur dəhlizinin öz ərazisindən keçən hissəsini gələn il tamamlamağı planlaşdırır.
Təhlil.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin müdiri Fariz Əliyev jurnalistlərə açıqlama verib.
Onun sözlərinə görə, Orta Dəhliz üzrə yükdaşımaların həcmi son illərdə sürətlə artıb. Əgər 2019-cu illə müqayisə etsək, 2024-cü ildə göstəricilər 5 dəfə yüksəlib. Təkcə bu il Çindən Avropaya 358 blok-qatar göndərilib. Bu, Azərbaycanın regionda artan nüfuzunun və nəqliyyat-logistika sahəsində aparılan islahatların bariz göstəricisidir.
F.Əliyev bildirib ki, Zəngəzur dəhlizi Azərbaycanın nəqliyyat sistemində əsas halqalardan birinə çevriləcək. Layihə həm şərq–qərb, həm də şimal–cənub marşrutları üzrə yeni bağlantılar yaradacaq, tranzit yüklərin həcmini əhəmiyyətli dərəcədə artıracaq:
“Zəngəzur dəhlizinin inkişafı ilə Orta Dəhliz vasitəsilə əlavə 15 milyon ton yük daşınması mümkün olacaq”.
Beləliklə, dəhlizin işə düşməsi Azərbaycanın beynəlxalq yükdaşımalar xəritəsində rolunu daha da möhkəmləndirəcək və ölkəmizi qlobal logistikanın əsas oyunçularından birinə çevirəcək.