Bu gün

R.Tursunova: "Özbəkistan üçün Azərbaycansız mümkün deyil" - AÇIQLAMA

Özbəkistan Azərbaycanı mühüm strateji tərəfdaş hesab edir.

Bu fikri tehlil.az saytına Özbəkistan Dünya İqtisadiyyatı və Diplomatiya Universitetinin politologiya kafedrasının dosenti, tarix elmləri doktoru Rano Tursunova açıqlamasında bildirib.

Onun sözlərinə görə, Bakı və Daşkəndi yalnız tarixi qardaşlıq əlaqələri deyil, həm də milli maraqlara əsaslanan qarşılıqlı faydalı əməkdaşlıq birləşdirir:

“Azərbaycan bizim üçün həm də logistika baxımından əhəmiyyətlidir. Bakı və Daşkəndi çoxlu ortaq maraqlar birləşdirir”.

O, 22 avqustda Türkmənistanda keçirilən üçtərəfli (Azərbaycan–Özbəkistan–Türkmənistan) sammitin önəmini vurğulayıb.

R.Tursunova bildirib ki, Özbəkistan logistika, nəqliyyat dəhlizləri və ticarət məsələlərinin müzakirə olunduğu tədbirlərdə maraqlıdır. Həmçinin Çində keçirilmiş Şanxay Əməkdaşlıq Təşkilatının sammitində də analoji məsələlərin gündəmə gətirildiyini xatırladıb.

Ekspertin sözlərinə görə, Özbəkistanın ən böyük problemlərindən biri açıq okeana çıxışının olmamasıdır. Bu səbəbdən Azərbaycanla əməkdaşlıq xüsusi önəm kəsb edir:

“Azərbaycan təkcə Özbəkistana investisiya yatıran tərəfdaş deyil, həm də yeni nəqliyyat yolları və dəhlizlərin reallaşdırılmasında bizə yardımçı ola biləcək ölkədir. Özbəkistanın “2030 Strategiyası”nda qarşıya qoyulan iqtisadi artım və ÜDM-in yüksəldilməsi hədəflərinə çatmaq üçün bu məsələlərin həlli zəruridir”.

Özbəkistanlı alim  Azərbaycan Prezidenti İlham Əliyevlə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin səmimi münasibətlərini də yüksək qiymətləndirib. Onun sözlərinə görə, Türkmənistanda keçirilən üçtərəfli görüşdə liderlər bir-birlərini “qardaş” adlandırıblar ki, bu da münasibətlərin dostluq ruhunda olduğunu göstərir.

O, Mərkəzi Asiya ölkələri ilə Azərbaycanın “5+1” formatında əməkdaşlıq qurmasının perspektivlərini dəstəklədiyini bildirib:

“Bizim region böyük potensiala malikdir. Yaxın vaxtlarda Mərkəzi Asiya–Azərbaycan formatında tədbirlərin keçiriləcəyinə inanıram”.

Onun fikrincə, oktyabrda Bakıda keçiriləcək Türk Dövlətləri Təşkilatının sammitində maraqlı mövzular müzakirə olunacaq. 

R.Tursunova qeyd edib ki, Bakı ilə İrəvan arasında sülh istiqamətində atılan addımları müsbət qiymətləndirib. O, Prezident İlham Əliyevlə Nikol Paşinyanın Vaşinqton görüşünü, habelə Azərbaycan və Ermənistanın birinci xanımlarının birlikdə çəkilmiş fotosunu qeyd edərək deyib: “Məni bu foto çox sevindirdi. Ancaq təkcə şəkil çəkdirmək kifayət deyil, sülhün qurulması üçün masa arxasında oturmaq lazımdır”.

Ekspert əlavə edib ki, Özbəkistanın Qarabağın bərpasına verdiyi töhfədən qürur duyduğunu da bildirib: “Biz 960 şagirdlik məktəb inşa edəcəyik. O, Mirzə Uluqbəyin adını daşıyacaq. Bu, qardaş Azərbaycan xalqına mənəvi və sosial hədiyyəmiz olacaq”.

Rasim Babayev 

SORĞU

Yeni tədris ili

Yeni tədris ilinə hazırıq?