05 sentyabr

Rusiya məsuliyyəti sığortaya yükləyir – Bakı isə etiraz edir - ŞƏRH

Ötən ilin dekabrında Rusiya tərəfindən vurulan AZAL təyyarəsinə dair Azərbaycan Xarici İşlər Nazirliyinin son açıqlaması bir daha Bakı–Moskva münasibətlərindəki gərginliyin mahiyyətini ortaya qoyur. Nazirliyin açıqlamasında bildirilir ki, “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin vurulması ilə bağlı sığorta ödənişlərinin həyata keçirilməsini Azərbaycan tərəfinin Rusiya hökumətindən kompensasiya tələbi ilə eyniləşdirmək yolverilməzdir. Bu mövzu bir tərəfdən sırf hüquqi-sığorta mexanizmlərinə aid olsa da, əslində, geosiyasi planda daha ciddi nəticələr doğurur.

Açıqlamadan aydın olur ki, AZAL təyyarəsinin sığortası beynəlxalq praktikanın tələblərinə uyğun şəkildə həyata keçirilib. Lakin Rusiyada beynəlxalq sığorta şirkətləri fəaliyyət göstərmədiyinə görə müqavilə məhz Rusiya şirkəti ilə bağlanıb. Buna görə də sığorta ödənişlərinin Rusiya şirkəti tərəfindən təmin olunması avtomatik olaraq Moskvanın dövlət məsuliyyəti anlamına gəlmir. Başqa sözlə, sığorta ödənişləri mülki-hüquqi öhdəlikdir, dövlətə qarşı kompensasiya tələbi isə beynəlxalq hüquqi məsələdir. Deməli, Azərbaycan tərəfi bu iki müstəvini bir-birindən ayırır və Rusiya Xarici İşlər Nazirliyinin onları qarışdırmasını ictimaiyyəti çaşdırmaq cəhdi kimi qiymətləndirir.

Bu isə ondan qaynaqlanır ki, Rusiya bir tərəfdən məsələni sığorta ödənişləri ilə izah edərək məsuliyyəti azaldır, digər tərəfdən isə Azərbaycanla münasibətlərin gərginləşməsini 13 Rusiya vətəndaşının həbsi ilə əlaqələndirir. Bu, əslində, Moskvanın diqqəti əsas faktlardan yayındırmaq cəhdidir. Halbuki Azərbaycan tərəfi açıq şəkildə bildirir ki, münasibətlərin gərginləşməsinə səbəb AZAL təyyarəsinin vurulması, hadisədən sonra Rusiya rəsmilərinin nümayiş etdirdiyi qeyri-konstruktiv davranış və azərbaycanlılara qarşı etnik əsaslı zorakılıqlardır.

Məhz buna görə son aylarda Rusiya ilə Azərbaycan arasında münasibətlərdə inamsızlıq tendensiyası güclənib. Bunun başlıca səbəbləri, əlbəttə ki, AZAL təyyarəsinin vurulmasıdır. Bu hadisə Bakı tərəfindən Azərbaycanın suverenliyinə və təhlükəsizlik maraqlarına birbaşa zərbə kimi qəbul olunub. İkincisi, Rusiya rəsmilərinin məsuliyyətdən yayınmağa yönəlmiş bəyanatları Azərbaycan ictimaiyyətində ciddi narazılıq yaradıb. Üçüncü əsas məsələ isə etnik ayrı-seçkilik hallarının artmasıdır. Nəticədə Rusiyada azərbaycanlılara qarşı zorakılıqlar baş verib, xüsusilə Yekaterinburqda bir neçə azərbaycanlı döyülərək qətlə yetirilib, kütləvi həbslər olub.

Bütün bunların müqabilində Azərbaycanda həbs olunan Rusiya vətəndaşının azad edilməsini münasibətlərin yaxşılaşması üçün şərt kimi təqdim etmək, əslində, Moskvanın birtərəfli diktə siyasətini nümayiş etdirir.

Azərbaycan hazırda balanslı siyasət yürütməyə çalışsa da, Moskvanın mövqeyi bu balansı ciddi sınağa çəkir. Rusiya ilə münasibətlərin gərginləşməsi fonunda Bakı haqlı olaraq Türkiyə və Qərb strukturlarına yaxınlaşır, enerji və təhlükəsizlik sahələrində Avropa ilə əməkdaşlığı gücləndirir, bununla da regional nəqliyyat layihələrində Rusiya amili minimuma enir.

Vəziyyət bu cür davam edərsə və Rusiya öz məsuliyyətini qəbul etməzsə, münasibətlərdə inamsızlıq daha da dərinləşəcək. Baxmayaraq ki, münasibətləri dibindən baltalamadan məhdud əməkdaşlıq formatı qorunub saxlana bilər. Lakin vəziyyətin bu istiqamətdə inkişaf etməsi ilk növbədə Rusiya hakimiyyətindən müsbət addımların atılmasını tələb edir. Əks təqdirdə Azərbaycan tərəfi bu məsələdə prinsipial mövqeyini qoruyub saxlayacaq. Çünki təyyarənin vurulması təkcə aviasiya qəzası deyil, iki ölkə arasındakı etimadın sarsılmasının səbəbidir. O etimadı yenidən bərpa etmək yalnız Kremldən gələn müsbət siqnallar sayəsində mümkündür.

MTM Analitik Qrupu 

SORĞU

Yeni tədris ili

Yeni tədris ilinə hazırıq?