Ümumi orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Dövlət İmtahan Mərkəzi (DİM) 2025/2026-cı tədris ili üçün ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul olunmaq üçün keçirilmiş müsabiqənin nəticələrini elan edib. Abituriyentlər müsabiqənin nəticələri haqqında məlumatı DİM-in internet saytından və ya mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
Təhlil.az DİM-in məlumatına istinadla xəbər verir ki, müsabiqədə iştirak etmək üçün 2533 abituriyent ərizə təqdim edib. Onlardan 1014 abituriyent orta ixtisas təhsili müəssisəsinə qəbul olunub.
Qəbul olunan abituriyentlərin siyahısı “Abituriyent” jurnalının 10-cu nömrəsində dərc olunacaq. Jurnalın elektron versiyasını (PDF formatında) sentyabrın 5-dən DİM-in saytının “Elektron xidmətlər” bölməsində “DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı” xidməti vasitəsilə ödəniş əsasında əldə etmək olar.
Orta ixtisas təhsili müəssisələrinin boş qalan (vakant) yerlərinə qəbul olunan abituriyentlər sentyabrın 10-dan 17-dək (saat 18:00-dək) “portal.edu.az” platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalanın qeydiyyatı” xidmətini seçməlidirlər. Müəyyən olunan müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri orta ixtisas təhsili müəssisəsinə göndərilməyəcək.