“Diqqət, uşaqlar!” şüarı altında yol hərəkəti təhlükəsizliyi ayına start verilir

Yeni dərs ilinin başlanması ilə əlaqədar olaraq bu il sentyabrın 5-dən oktyabrın 5-dək respublikamızda ənənəvi “Diqqət, uşaqlar!” şüarı altında yol hərəkəti təhlükəsizliyi ayı keçiriləcək.
Təhlil.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.
Bildirilib ki, tədbirin əsas məqsədi bütün yol hərəkəti iştirakçılarının diqqət və məsuliyyətini artırmaq, xüsusilə uşaqların və yeniyetmələrin həyatının qorunmasına nail olmaq, onların yol qəzalarının qurbanına çevrilməsinin qarşısını almaqdır:
BDYPİ valideynlərə və böyüklərə müraciət edərək bildirib ki, uşaqların təhlükəsizliyi, ilk növbədə, onların məsuliyyətli davranışından asılıdır. Eyni zamanda, sürücülərə xüsusi olaraq xatırladılıb:
- Təhsil müəssisələrinin, uşaq bağçalarının və yaşayış məhəllələrinin yaxınlığında hərəkət edərkən sürəti minimuma endirin;
- Piyadalara, xüsusilə də uşaqlara keçidlərdə mütləq yol verin;
- Yol nişanlarına, işıqforların siqnallarına və nişanlanma xətlərinə ciddi əməl edin;
- Manevr zamanı daha diqqətli olun, dayanma-durma qaydalarını pozmayın.
“Unutmayaq ki, qaydalara əməl etməklə biz yalnız özümüzü deyil, ətrafımızdakı insanların da həyatını qoruya bilirik. Ən başlıcası isə uşaqlarımızın təhlükəsizliyini təmin edirik. İdarə bütün yol hərəkəti iştirakçılarını əl-ələ verərək uşaqların təhlükəsizliyini qorumağa, yol qəzalarının qarşısını almağa dəvət edir. Uşaqları qoruyaq – gələcəyimizi qoruyaq!”, - deyə məlumatda vurğulanıb.