Milli Xalça Muzeyində “Faiq Əhməd: 2011–2024-cü illər dövrü” sərgisi açılacaq

Sentyabrın 11-də Azərbaycan Milli Xalça Muzeyində “Faiq Əhməd: 2011–2024-cü illər dövrü” adlı sərgi təşkil olunacaq.
Təhlil.az Xalça Muzeyinin məlumatına istinadla xəbər verir ki, Əməkdar rəssam Faiq Əhmədin yaradıcılığını əks etdirən sərgidə yer alan nadir xalçaların əksəriyyəti ölkəmizdə tamaşaçılara ilk dəfə nümayiş etdiriləcək.
Sərgidəki əsərlər bundan əvvəl İslam İncəsənəti, Mədəniyyəti və Dizaynı Muzeyi “Şanqri La” (Havay), San Luis Obispo İncəsənət Muzeyi (Kaliforniya), Pensilvaniya İncəsənət və Dizayn Kolleci, Tuleyn Universitetinin Nyukomb İncəsənət Muzeyi (Nyu Orlean), Maraya İncəsənət Mərkəzi (Şarjah), Arnem Muzeyi (Niderland) və İsveç Tekstil Muzeyi (Boras) kimi nüfuzlu mərkəzlərdə göstərilib.
Ənənəvi Azərbaycan xalçaçılığına innovativ yanaşması ilə tanınan müasir rəssam Faiq Əhməd bu qədim sənət növünü müasir düşüncə, fəlsəfə və texnologiya ilə harmonik şəkildə birləşdirir.
Sərgidə müəllifin tekstil sənətinə yanaşmasını zaman və mədəniyyət kontekstində dəyişiklikləri əks etdirən “Sosial anatomiya” (2016) və “Sən bir sirsən” (2024) adlı videoçarxlar da nümayiş olunacaq. Açılış mərasimində, həmçinin rəssamın Almaniyada işıq üzü görən “Faig Ahmed” adlı yeni kitabının təqdimatı baş tutacaq. Nəşrdə xarici KİV-lərdə dərc olunmuş rəssamla müsahibələr və onun haqqında elmi məqalələr toplanıb.
Qeyd edək ki, rəssamın əsərləri indiyədək Ağa Xan Muzeyi (Toronto), Corc Vaşinqton Universitetinin Tekstil Muzeyi (Vaşinqton), Viktoriya və Albert Muzeyi (London), Viktoriya Milli Qalereyası (Melburn), Roma Müasir İncəsənət Muzeyi, Qədim və Müasir İncəsənət Muzeyi (Tasmaniya) və dünyanın digər şəhərlərindəki nüfuzlu sənət mərkəzlərində sərgilənib. Eyni zamanda, müəllifin əsərləri Heydər Əliyev Mərkəzi (Bakı), De Young İncəsənət Muzeyi (San-Fransisko), Birminhem İncəsənət Muzeyi (Alabama), Elm və Tətbiqi İncəsənət Muzeyi (Sidney), Çikaqo İncəsənət İnstitutu, Los-Anceles İncəsənət Muzeyi və digər tanınmış mədəniyyət müəssisələrinin daimi kolleksiyalarına daxildir. 2007-ci ildən bəri ənənəvi xalça naxışlarını müasir baxışla yenidən şərh edən Faiq Əhməd bu silsilə əsərləri ilə dünyanın müxtəlif ölkələrində tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanır.
Sərgi dekabrın 30-dək davam edəcək.