Dünən

ŞƏT – Azərbaycanın qlobal miqyasda iqtisadi maraqlarını təmin edən mühüm plarforma - ŞƏRH

Dünyanın yenidən formalaşmaqda olan geosiyasi, geoiqtisadi mənzərəsində Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) getdikcə daha çox diqqət cəlb etməyə başlayıb. İlk növbədə o baxımdan ki, sözügedən təşkilat hegemonluq və güc siyasətinə qarşı çıxan, çoxqütblülük, beynəlxalq bərabərlik və ədaləti müdafiə edən təsirli qüvvəyə çevrilməkdədir.

Çin lideri Si Cinpinin qeyd etdiyi kimi təşkilat yarandığı gündən çoxqütblülük ruhunda fəaliyyət göstərir, intensiv məsləhətləşmələr və faydaların bölüşdürülməsi əsasında qlobal idarəçilik qurur: “ŞƏT dünyada bərabərliyi və ədaləti qoruyarkən, sivilizasiyaların inklüzivliyini və onların qarşılıqlı öyrənilməsini dəstəkləyir”. Azərbaycan ŞƏT-də tərəfdaş ölkələrdən biri kimi qurulan qlobal idarəçilikdə əsas işrirakçılar sırasında yer alır. ŞƏT isə faktiki olaraq, qlobal miqyasda artıq əsas iqtisadi, siyasi güc mərkəzlərindən biridir. Burada təmsil olunan 26 ölkə - üzvlər, müşahidəçilər və dialoq üzrə tərəfdaşlar birlikdə ŞƏT-i dünyanın ən böyük regional təşkilatına çevrilib. 50-dən çox sahədə birgə əməkdaşlıq 30 trilyon ABŞ dollarına yaxın iqtisadi dəyər yaradıb. Bütün bunlar həm də o deməkdir ki, ŞƏT Azərbaycanın da qlobal miqyasda iqtisadi maraqlarının təmin olunması üçün əlverişli platforma rolunu oynayır. Nəzərə alınmalıdır ki, təşkilatda yer alan ölkələrin ümumi daxili məhsulunun məcmu həcmi 26 trilyon ABŞ dolları təşkil edir ki, bu da qlobal ÜDM-in 30 faizi deməkdir. İnsan resursu baxımından da ŞƏT əlverişli mövqedədədir. Burada müxtəlif statusla təmsil olunan ölkələrin ümumi əhalisi 3,3 milyard nəfərdir və qeyd edilən rəqəm planetin əhalisinin 41 faizinə bərabərdir.

Bu və digər rəqəmlər ŞƏT-lə tərəfdaşlıq əlaqələrinin Azərbaycan üçün nə dərəcədə mühüm önəm kəsb etdiyini qabarıq şəkildə nümayiş etdirir. Eyni zamanda ŞƏT özü də bir qurum kimi Azərbaycanla tərəfdaşlığın çoxsaylı dividendlərini görür. Hazırda müşahidə edilən həm də odur ki, Azərbaycan aktiv şəkildə bu və digər beynəlxalq əməkdaşlıq platformalarına qoşulmaqla öz mövqeyini möhkəmləndirir. Ölkəmiz sözügedən kontekstdə ŞƏT-lə sıx münasibətlər qurur və bu əməkdaşlığın perspektivləri ölkə iqtisadiyyatı üçün mühüm əhəmiyyət daşıyır.

Qeyd edildiyi kimi ŞƏT məkanına dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatları daxildir. Azərbaycanın bu kontekstdə maraqları ilk növbədə nəqliyyat-logistika, enerji əməkdaşlığı, ticarət dövriyyəsinin genişləndirilməsi və innovasiya sahələrinin inkişafı ilə bağlıdır. Faktdır ki, Azərbaycanın Avrasiyanın nəqliyyat xəritəsində mühüm mövqeyi, xüsusilə də Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsində yerləşməsi ŞƏT məkanındakı dövlətlər üçün ölkəmizi cəlbedici tərəfdaşa çevirir. Bu baxımdan Azərbaycanın ŞƏT-lə əməkdaşlığı təkcə siyasi deyil, həm də iqtisadi maraqların üst-üstə düşməsinə əsaslanır.

Ümumiyyətlə, Azərbaycan iqtisadiyyatının inkişafı üçün ən mühüm istiqamətlərdən biri nəqliyyat-logistika sektorudur. Zəngəzur dəhlizinin açılması perspektivi, Bakı-Tiflis-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və digər iri infrastruktur layihələri Azərbaycanı ŞƏT ölkələri üçün Avropaya açılan qapıya çevirir. Burada o da xüsusi qeyd olunmalıdır ki, Çin tərəfindən irəli sürülmüş “Bir Kəmər, Bir Yol” təşəbbüsü ŞƏT ölkələrinin dəstəyi ilə genişlənir və Azərbaycan bu təşəbbüsün mühüm halqalarından biri kimi çıxış edir. Azərbaycanın ŞƏT çərçivəsində bu layihələrə daha aktiv inteqrasiya olunması o deməkdir ki, tranzitdən əldə olunan gəlirlər artacaq, ölkə iqtisadiyyatının qeyri-neft sektoru üçün əlavə stimul yaranacaq.

Bundan əlavə, məlumdur ki, Azərbaycan uzun illərdir, enerji ixracatçısı kimi beynəlxalq bazarlarda mühüm rol oynayır. ŞƏT məkanında isə enerji resurslarına olan tələbat yüksəkdir. Xüsusən də Çin və Pakistan kimi nəhəng dövlətlərin artan enerji ehtiyacları Azərbaycanın enerji siyasətində yeni imkanlar yaradır. ŞƏT çərçivəsində enerji əməkdaşlığı yalnız neft və qazın ixracı ilə məhdudlaşmır. Azərbaycan bərpa olunan enerji sahəsində də bu ölkələrlə əməkdaşlıq edə bilər. Xəzər dənizində planlaşdırılan külək elektrik stansiyaları, günəş enerjisi layihələri ŞƏT məkanında yaşıl enerji təşəbbüsləri ilə uzlaşır. Beləliklə, Azərbaycan enerji tranziti və ixracında olduğu kimi, alternativ enerji sahəsində də tərəfdaşlıq imkanlarına malikdir.

ŞƏT ölkələrinin ümumən böyük iqtisadi potensialı fonunda bu nəhəng bazara çıxış Azərbaycanın ixrac imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək. Hazırda Azərbaycanın ixracında xammal əsas yer tutur, lakin ŞƏT ölkələri ilə əməkdaşlıq çərçivəsində kənd təsərrüfatı, kimya sənayesi və metallurgiya məhsullarının, qida sənayesi mallarının ixracını artırmaq mümkündür. Eyni zamanda, Çin kimi texnologiya və innovasiya gücləri ilə əməkdaşlıq Azərbaycanın iqtisadiyyatının rəqəmsallaşdırılması və yüksək texnologiyaların tətbiqinə mühüm töhfə verə bilər.

O da nəzərə alınmalıdır ki, Azərbaycanın iqtisadiyyatında turizmin payı artır və ŞƏT ölkələri bu sahədə mühüm tərəfdaş ola bilərlər. Asiya ölkələrindən turist axını Azərbaycanın regionlarında yeni turizm infrastrukturunun inkişafını stimullaşdırmaq iqtidarındadır. Bundan başqa, humanitar əməkdaşlıq və mədəniyyət sahəsində təmaslar da iqtisadi münasibətlərin güclənməsinə xidmət edəcək.

Azərbaycan artıq ŞƏT çərçivəsində əməkdaşlığı iqtisadi faydaya yönəltməklə, eyni zamanda balanslaşdırılmış xarici siyasət kursunu davam etdirməklə çoxsaylı dividendlər əldə edir. Beləliklə, ŞƏT ilə əməkdaşlıq Azərbaycanın iqtisadiyyatının inkişafı üçün yeni imkanlar açır. Nəqliyyat-tranzit potensialının reallaşdırılması, enerji ixracının genişləndirilməsi, qeyri-neft sektorunda ixracın artırılması, investisiyaların cəlbi və texnologiyaların tətbiqi bu əməkdaşlığın əsas üstünlükləridir. Azərbaycan bu imkanlardan səmərəli istifadə etməsi ölkə iqtisadiyyatın şaxələndirilməsinə və davamlı inkişafına əlavə töhfələr verir.

MTM Analitik Qrupu 

SORĞU

Yeni tədris ili

Yeni tədris ilinə hazırıq?