Ekspert: "Azərbaycanla müharibə Kremlin sonunu sürətləndirər” - RƏY

Rusiyanın Azərbaycanla, ümumilikdə isə Cənubi Qafqazda müharibəyə başlaması Moskva üçün sərfəli deyil.
Bu fikirləri təhlil.az saytına açıqlamasında İsveçin Yöteborq Universitetinin baş müəllimi, hüquq elmləri doktoru Kamal Makili-Əliyev deyib.
O bildirib ki, Rusiyanın müharibə ilə bağlı təhdidlərini reallaşdırması mümkün görünmür:
“Bu, Moskva üçün son dərəcə əlverişsizdir. Müharibənin, hətta hibrid müharibənin də konkret son məqsədləri olur – başqa dövləti özünə tabe etdirmək və ona öz iradəsini diktə etmək. Hazırda Rusiyanın Azərbaycana münasibəti qonşuluqdan və xoşməramlı münasibətlərdən soyuq neytrallığa doğru geriləyib. Bəli, bu addımlar Bakı üçün xoş deyil, amma onlar Azərbaycana nə strateji, nə də taktiki baxımdan ciddi zərər vura bilməz”.
Makili-Əliyev hesab edir ki, Moskvanın bu davranışları Azərbaycanın müstəqil xarici siyasətindən narazılıqla bağlıdır:
“Rusiya yalnız öz maraqlarına toxunmayanadək neqativ addımlar ata bilər. Hazırda Moskva qismən təcrid vəziyyətindədir. Belə bir şəraitdə Cənubi Qafqaz Rusiyaya əlavə ticarət bazarlarına çıxış və Çindən, dəniz yollarından tam asılılıqdan yayınmaq imkanı verir. Bu region Moskva üçün ən mühüm nəqliyyat qovşaqlarından biridir”.
Ekspert vurğulayıb ki, Ukrayna ilə müharibə nəticəsində Rusiya Qərb bazarlarından – Avropa və ABŞ-dan təcrid olunub:
“Cənubi Qafqaz həm də Moskvanın İranla əlaqələrini təmin edir. Bu region Rusiyaya alternativ bazarlara çıxış verir və burada Azərbaycanın rolu həlledicidir. Buna görə də Rusiyanın Azərbaycanla müharibəyə başlaması sərfəli deyil. Yeni müharibə başlayan kimi həmin ərazilər Qərb tərəfindən ticarət üçün yolverilməz elan ediləcək. Bu isə indiki şəraitdə Moskva üçün tam fəlakət deməkdir”.
Makili-Əliyev əlavə edib ki, Rusiyanın Cənubi Qafqazda müharibəyə başlaması Tehranın da kəskin narazılığına səbəb olacaq:
“Bu halda, sanksiyalara məruz qalmış İran da şimalla ticarət imkanlarını itirəcək. Üstəlik, Ukrayna müharibəsi səbəbindən Rusiyanın düşdüyü ağır vəziyyəti də nəzərə almaq lazımdır. İkinci cəbhə bu gün Moskva üçün yolverilməzdir. Azərbaycanın hədəfə çevrilməsi Rusiya iqtisadiyyatı üçün tam məhvolma deməkdir”.
Ekspert yekun olaraq qeyd edib ki, Rusiya bu gün Azərbaycana qarşı dost olmayan addımlar atır: "Amma Moskvanın maraqlarına uyğun olan yeganə yol gərginliyi dayandırmaq və Bakı ilə münasibətləri normallaşdırmaqdır. Bu, həm regional, həm də qlobal gərginlik fonunda Moskvanın xilas yolu ola bilər”.
Rasim Babayev