Regionlar əhali artımında Bakını geridə qoydu - STATİSTİKA

Media Təhlil Mərkəzinin (MTM) Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi rəqəmlər əsasında apardığı təhlilə əsasən, 2025-ci ilin yanvar-iyun aylarında ölkədə doğulanların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 6,3% və ya 3086 nəfər azalaraq 45 616 nəfər təşkil edib və bu, son 5 ilin ən aşağı göstəricisi olub.
Ötən ilin eyni dövrü ilə müqayisədə cari ilin I yarımilində ölkədə dünyasını dəyişənlərin sayında da 1,3% və ya 375 nəfər azalma müşahidə olunub.
Daha dəqiq desək, son 5 ilin I yarımilində ölkədə dünyasını dəyişənlərin sayında hər il azalma qeydə alınıb. Bu tendensiya son 3 ildə doğulanların sayında da müşahidə olunub.
Xatırladaq ki, yeni doğulanların sayında ən yüksək göstərici 2022-ci ilin yanvar-iyun aylarında (61 234) qeydə alınıb.
Azərbaycanda təbii artım əmsalı ilə bağlı göstəricilərə diqqət etsək, cari ildə qeydə alınan rəqəmlər son 5 ilin ən aşağı nəticəsi hesab oluna bilər. Belə ki, cari ilin ilk 6 ayında ölkədə əhalinin sayı cəmi 16 216 nəfər artıb və nəticədə təbii artım əmsalı 3,2 olub.
Xatırladaq ki, son 5 ilin ilk altı ayı ərzində ən yüksək təbii artım əmsalı 2022-ci ildə qeydə alınıb və həmin əmsal 5,8 olub. Bu dövr ərzində əhalinin sayı 28 645 nəfər artıb.
Aparılan təhlil zamanı məlum olub ki, bölgələr üzrə təbii artım əmsalı ən yüksək olan yer Yardımlı rayonu olub. Cari ilin ilk 6 ayında Yardımlı rayonunda əhalinin sayı 379 nəfər artıb ki, bu da təbii artım əmsalının 11-ə bərabər olmasının səbəbidir. Qeyd edək ki, təbii artım əmsalı hər rayonun öz əhali sayına uyğun hesablanır.
İkinci sırada isə təbii artım əmsalı 8,7 olan Qobustan rayonu yer alır. İlk 6 ayda Qobustan rayonunun əhalisi 206 nəfər artıb.
İşğaldan azad olunmuş Xocalı rayonu isə sıralamada üçüncü pillədə yer alır. İlk 6 ayda Xocalı rayonunun əhali sayı 65 nəfər artıb və təbii artım əmsalı 8,5 olub.
Növbəti üç pilləni ardıcıl olaraq cənub bölgəmizdə yerləşən üç rayon tutur. İlk 6 ayda Cəlilabad rayonunun əhalisi 835 nəfər, Lerik rayonunun əhalisi 319 nəfər, Astara rayonunun əhalisi isə 404 nəfər artıb. Ardıcıl olaraq təbii artım əmsalları 7,7, 7,4 və 7,2 olub.
Təbii artım əmsalı az olan son 10 bölgəmiz arasında hətta əhali sayı azalan iki şəhər var. Bunlar Xankəndi və Gəncə şəhərləridir. Cari ilin ilk 6 ayında Xankəndi şəhərinin təbii artım əmsalı – 0,9 olub. Qeyd edək ki, bu əhali sayının cəmi 2 nəfər azalması deməkdir.
Ölkənin ikinci ən böyük şəhəri olan Gəncə şəhərinin əhalisi ilk 6 ayda 27 nəfər azalıb. Təbii artım əmsalı isə -0,2 olub.
Məlumat üçün bildirək ki, paytaxt Bakı əhalisinin sayı da ilk 6 ayda daha az artan bölgələr arasındadır. Paytaxt sakinlərinin sayı cari ildə 1988 nəfər artıb ki, nəticədə təbii artım əmsalı 1,7-ə bərabər olub.
Sumqayıt şəhərinin təbii artım əmsalı isə daha az, 0,9 əmsal təşkil edib. İlk 6 ayda Sumqayıt sakinlərinin sayı cəmi 191 nəfər artıb.
Azərbaycan və Ermənistanın təbii artım göstəricilərini müqayisə etdikdə görərik ki, hər iki Cənubi Qafqaz ölkəsində cari ilin ilk 6 ayında doğulanların sayı ölənlərin sayından çox olub.
Dövlət Statistika komitələrinin açıqladığı rəsmi rəqəmlərə əsasən, 2025-ci ilin yanvar-iyun aylarında Azərbaycanda doğulanların sayı 45 616 nəfər, ölənlərin sayı isə 29 400 nəfər olub. Həmin müddətdə Ermənistanda doğulanların sayı 14 609 nəfər, ölənlərin sayı isə 13 012 nəfər təşkil edib.
Bu da onu göstərir ki, cari ilin I yarımilində Azərbaycanda əhalinin sayı 16 216 nəfər, Ermənistanda isə cəmi 1597 nəfər artıb. Təbii artım əmsalı isə Azərbaycanda 3,2-yə, Ermənistanda 1-ə bərabər olub.