Bu gün

Ermənistan Rusiya bazasını ölkədən çıxarmaq niyyətindədir - ŞƏRH

Uzun müddətdir erməni mediasında Gümrü şəhərində fəaliyyət göstərən Rusiyanın 102-ci hərbi bazasının çıxarılması ilə bağlı xəbərlər dolaşır. Xüsusən də hakimiyyətə yaxın media orqanları bu məsələ ilə bağlı müxtəlif rəylər, şərhlər yazır. Müxalifət qanadı, xüsusən də Kremlin diqtəsi ilə hərəkətən edən siyasi qüvvələr isə belə bir vəziyyətin ölkə üçün arzuolunmaz olduğu fikrini müdafiə edir, hakimiyyətin bu addımının səhv nəticələrə səbəb olacağını bildirir.

Ermənistanın ikinci böyük şəhəri olan Gümrüdə Rusiya hərbi bazası 1995-ci ildən fəaliyyət göstərir. Əvvəlcə 25 illik müddət təyin edilsə də, sonradan, yəni 2010-cu ildə müqavilə 2044-cü ilə qədər uzadılıb. Əslində bu baza hərbi instrumentdən daha çox siyasi təzyiq alətidir. Bu gün gərginləşən Ermənistan-Rusiya münasibətləri fonunda erməni hökuməti bazanın mövcudluğuna son qoymaq istəyir. Bundan əlavə, zaman-zaman Gümrüdəki baza iki ölkə arasında qalmaqala da səbəb olub. Bu, rusiyalı hərbçilərin törətdiyi cinayətlərə görə yaranıb. Yerli sakinlər haqlı olaraq, rus hərbçilərinin əleyhinə çıxışlar edib, bazanın şəhəri tərk etməsinin vacibliyini bildiriblər. Məsələn, 2015-ci ildə hərbi hissəni özbaşına tərk edən sıravi əsgər Valeriy Permyakov heç bir səbəb olmadan Gümrüdə 7 nəfərlik ailəni qətlə yetirib. 2018-ci ildə də yaşlı qadın rus hərbçisinin cinayətinin qurbanı olub. Bu cinayətlər isə haqlı olaraq həm şəhər, həm də ümumi Ermənistan əhalisi arasında ciddi narazılıq yaradır.

Ümumiyyətlə, son illər Ermənistan hökuməti geosiyasi kursunu kəskin şəkildə dəyişib: Əvvəlcə Rusiya sərhədçiləri Yerevan hava limanını tərk edib, sonra onlar Ermənistanın İran və Türkiyə ilə sərhədindəki postlarını tərk ediblər və eyni zamanda baş nazir Nikol Paşinyan Ermənistanın KTMT hərbi alyansındakı iştirakını dayandırıb. Rusiyanın 102-ci hərbi bazası faktiki olaraq Moskvanın Ermənistandakı hərbi təsirinin sonuncu əsas forpostuna çevrilib. Lakin bu gün onun gələcəyi də qeyri-müəyyən görünür. Tənqidçilər Rusiya bazasının mövcudluğunu Ermənistanın Türkiyə ilə münasibətlərinin normallaşmasına maneə kimi görürlər və Rusiya bazası ilə bağlı bir sıra müəmmalı cinayətlər yerli sakinlər arasında müxtəlif reaksiyalara səbəb olub.

23 avqust tarixində Gümrüdəki hərbi bazanın ölkədən çıxarılmasını tələb edən şəxslər etiraz mitinqi keçiriblər. Ehtimal edilir ki, təşkilatçı Armen Babacanyan Nikol Paşinyana yaxın şəxsdir və hökumətin sifarişini həyata keçirir. Maraqlıdır ki, bu aksiya ilə paralel olaraq Kremlin göstərişi ilə oturub-duran partiya və siyasi qurumlar hərəkətə keçərək, Rusiya lehinə mitinq keçiriblər. Bu, Ermənistanda maraqların toqquşması deməkdir.

Hökumətin 102-ci baza ilə bağlı narahatlığı başadüşüləndir. Bir müddət əvvəl yayılan xəbərlərə görə, Moskva Gümrüdəki bazanı gücləndirir və əlavə silah-sursat göndərir. Gərginləşən münasibətlər fonunda isə bu, Ermənistan üçün ciddi risk və təhlükə deməkdir. Yayılan xəbərlərə görə, Kreml İrəvanda hakimiyyət dəyişikliyi üçün güc faktorundan belə istifadə edə bilər.

Azərbaycan Prezidenti İlham Əliyevin ötən gün “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində bu məqama diqqət yetirməsi də problemin ciddiliyindən xəbər verir. Ölkə başçısının “Onların (Rusiya nəzərdə tutulur) Ermənistanda hərbi bazası və bir neçə min nəfərdən ibarət hərbi heyəti var. Eyni zamanda, Ermənistanın İran və Türkiyə ilə sərhədi Rusiya sərhədçiləri tərəfindən qorunur. Azərbaycan torpağında bir nəfər də rus əsgəri yoxdur. Beləliklə, Ermənistanda nə baş verə bilər, mən bunu bilmirəm. Lakin mən bu mənfi ssenari haqqında düşünmək istəmirəm” fikri əbəs yerə səsləndirilməyib və çox güman ki, Paşinyan komandası da eyni fikirdə olduğu üçün Gümrüdəki Rusiya hərbi bazasının ləğvi üçün aksiya və işlərə start verib.

Hikmət Həsənov

SORĞU

Vaşinqton görüşünün nəticələri

Azərbaycan və Ermənistan arasında gələcəkdə iqtisadi və mədəni əlaqələrin inkişafına necə yanaşırsınız?