Rusiya ilə Ermənistan arasında yük maşını “savaşları” - ŞƏRH

Ermənistanla Rusiya arasında son dövrlər müşahidə olunan gərginlik yeni fazaya qədəm qoyub. Rəsmi İrəvanın xarici siyasət kursunu Qərbə tərəf götürməsi Kremldə müəyyən narazılıqlar yaradıb. Üstəlik, Vaşinqtonda imzalanan Bəyannamə, Rusiyanın təsir rıçaqlarından sayılan Samvel Karapetyanın həbsi, ona məxsus “Ermənistan Elektrik Şəbəkəsi” şirkətinin milliləşdirilməsi üçün hakimiyyətin atdığı addımlar Moskvada xoş qarşılanmayıb. Hər zaman olduğu kimi, iki ölkə arasındakı münasibətlərdə gərginlik yaranan kimi işə düşən təsir rıçaqlarına bu dəfə də müraciət edilib. Ermənistan iqtisadiyyatına güclü təsiri olan Rusiya bu dəfə də iş adamlarını hədəf alıb. Məlum olub ki, artıq bir neçə gündür Gürcüstan vasitəsilə Rusiyaya gedən yüzlərlə yük maşını geri qaytarılır. Kənd təsərrüfatı məhsulları ilə dolu olan maşınların aqibəti barədə müxalifət deputatı Qarnik Danielyan məlumat verib. Yuxarı Lars keçid məntəqəsi növbəti dəfə Ermənistana qarşı təsir rıçaqı kimi istifadə edilir.
Deputat maşınları hansı ölkənin rəsmilərinin geri qaytardığını, gömrük və sərhəd prosedurlarında hansı problemin olduğunu dəqiqləşdirməyib. Sadəcə məlum olan odur ki, gavalı, ərik və üzümlə dolu maşınlar Ermənistana geri qayıdır. Tez xarab olan bu kənd təsərrüfatı məhsullarının geri qayıtması yüzlərlə fermer üçün ciddi maliyyə problemi və iflas deməkdir.
Bundan əlavə, başqa malların olduğu yük maşınları da hərtərəfli yoxlanılır və bu da onların Rusiya Federasiyasına daxil olmasını çətinləşdirir. Xüsusən də tikinti materiallarını daşıyan avtomobillər problemlərlə üzləşir ki, bu da bu sektor üçün görünməmiş haldır. Yük maşını sürücüləri hələ də qeyri-müəyyənlik şəraitində problemin həllini gözləyirlər.
İqtisadiyyat naziri Qevorq Papoyan isə bu xəbəri təkzib edib. Bildirib ki, bunlar şayiədir və müxalifət tərəfindən dövriyyəyə buraxılır. Nazir bildirib ki, bu günə qədər cəmi dörd yük maşını geri qaytarılıb. Danielyanın dediyi yüzlərlə yük maşını barədə xəbər isə cəfəngiyyat adlandırılıb. Amma işin maraqlı tərəfi odur ki, “Rosselxoznadzor” məsələ ilə bağlı açıqlama verib. Açıqlamadan da məlum olur ki, Ermənistanda nə müxalifət, nə də hakimiyyət baş verənləri bilmir. 22-24 avqust tarixləri arasında 146 avtomobil karantinə alınmış məhsullarla Rusiya sərhədini keçib. Fitosanitar normalara uyğun olmayan məhsul daşıyan 21 maşın geri qaytarılıb. Bu, sadəcə 2-3 günlük rəqəmlərdir. Hər gün isə sərhəddə yüzlərlə maşının ilişib qaldığı, bəzilərinin geri qaytarıldığı barədə xəbərlər artmaqdadır. Nəzərə almaq lazımdır ki, Ermənistanın ixracının əsas hissəsini Rusiya bazarı təşkil edir. Hər geri qaytarılan yük maşını isə iş adamları üçün ciddi təsirlərə malikdir. Təkcə avqust ayında Ermənistandan Rusiyaya göndərilən yük maşınları:
610 maşın içki;
447 maşın meyvə;
15 maşın tərəvəz;
234 maşın tikinti materialı;
69 maşın balıq;
19 maşın süd məhsulu;
141 maşın ağac və bitki məhsulları.
Hər ay yüzlərlə maşının Yuxarı Larsdan Rusiyaya istiqamət götürdüyünü nəzərə alsaq, mənzərə tam aydın olar. Eyni zamanda, Moskva ilə soyuyan münasibətlərin yaxın günlərdə gömrükdə daha ciddi problemlərə səbəb olacağını düşünmək olar. Bu, Rusiyanın Ermənistana qarşı təzyiq alətlərindən sadəcə biridir. İqtisadiyyatını və ixrac potensialını bir ölkədən asılı vəziyyətə salmaq İrəvanı qaçılmaz nəticələrə sürükləyir.
Hikmət Həsənov