Prezident: "Trampın adı ilə Zəngəzur dəhlizi tezliklə reallaşacaq"

Prezident Tramp Zəngəzur dəhlizinə öz adını verdikdən sonra əminəm ki, bu layihə çox yaxın zamanda reallaşacaq.
Təhlil.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev “Əl-Ərəbiyyə” kanalına müsahibəsində bildirib.
Dövlətimizin başçısı qeyd edib: “Fiziki infrastrukturun, yəni, dəmir yolunun tikintisi uzun vaxt tələb etməməlidir, çünki məsafə cəmi 42 kilometrdir. Əgər biz tikməli olsaq, bir il ərzində tamamlayardıq. Ermənistan üçün isə bəlkə də daha bir neçə il lazım olacaq, çünki dəmir yolu tikintisi sahəsində bizim təcrübəmiz daha çoxdur”.
Prezident İlham Əliyev bildirib ki, Zəngəzur dəhlizi sayəsində Ermənistan nəqliyyatdan tranzit haqqı əldə edəcək.
“Azərbaycanın ərazisi vasitəsilə Asiyadan Avropaya daşınan yüklərin həcminin hər il artdığını nəzərə alsaq, əminəm ki, Zəngəzur dəhlizi qitələri birləşdirən vacib nəqliyyat əlaqəsi olacaq”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Prezident İlham Əliyev həmçinin qeyd edib ki, Zəngəzur dəhlizi təkcə Şərq-Qərb deyil, həm də Şimal-Cənub nəqliyyat dəhlizi olacaq.
“Deməli, Rusiyadan Azərbaycana, İrana gedən Şimal-Cənub marşrutundan əlavə, bizim digər marşrutumuz da olacaq - Rusiyadan Azərbaycana, Ermənistana, Naxçıvana və İrana. Beləliklə, düşünürəm ki, bütün region üçün hamının udacağı vəziyyət yaranacaq və heç kim bundan itirməyəcək”, - deyə dövlətimizin başçısı söyləyib.