25 avqust

Orxan Yolçuyev: Özbəkistan Azərbaycan üçün çox vacib ölkədir - MÜSAHİBƏ

Bu gün faktiki olaraq Azərbaycan, Özbəkistan və Türkmənistan arasında yeni üçtərəfli əməkdaşlıq formatı yaranır.

Bu barədə təhlil.az-a açıqlamasında Siyasət, Tarix və Etnoqrafiya Mərkəzinin (STEM) direktoru Orxan Yolçuyev deyib.

“Özbəkistan bizim rəsmi müttəfiqimizdir. Biz Daşkəndlə müttəfiqlik müqaviləsi bağlamışıq. Biz Özbəkistanla həm ikitərəfli, həm də müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq edirik. Xüsusilə də Türk Dövlətləri Təşkilatında. Özbəkistan Azərbaycan üçün Mərkəzi Asiyaya, xüsusən də Cənubi Asiyaya inteqrasiya baxımından çox vacib ölkədir. Məsələn, biz Daşkəndlə birlikdə Əfqanıstanda bir sıra layihələr həyata keçiririk", - o, qeyd edib.

Yolçuyevin sözlərinə görə, Azərbaycanın Türkmənistanla da kifayət qədər yaxşı münasibətləri var.

“Düz bir ay əvvəl cənab Berdiməhəmmədov Azərbaycanda səfərdə idi. Bu gün Bakı və Aşqabad arasında qarşılıqlı fəaliyyət üçün yol xəritəsi hazırlanıb. Azərbaycanla Türkmənistan arasında əlaqələrin inkişafı Cənubi Qafqaz və Mərkəzi Asiya arasında inteqrasiya prosesləri üçün çox böyük imkanlar açır", - o, bildirib.

Direktor qeyd edib ki, bu iki makroregion tarixən bir-biri ilə sıx bağlıdır.

“Lakin 200-250 il əvvəl bu əlaqə kəsilib. Bu gün, xüsusən də Qarabağ münaqişəsinin həlli başa çatdıqdan sonra Cənubi Qafqaz Mərkəzi Asiyaya yeni formada açılır. İki makroregion arasında bütün bu qarşılıqlı əlaqə mexanizmi yenidən çox dinamik işləməyə başlayıb. İstər Azərbaycan-Qazaxıstan, istər Azərbaycan-Özbəkistan, istər Azərbaycan-Qırğızıstan münasibətləri", - ekspert bildirib.

O, bu gün müşahidə olunan Azərbaycan və Türkmənistan münasibətlərinin çox mütərəqqi və dinamik inkişafının önəmini də vurğulayıb.

“Düşünürəm ki, Aşqabad da ölkənin digər regionlara, başqa bazarlara, xüsusən də Avropaya açılmasının nə qədər vacib olduğunu başa düşür. Burada qeyd etmək lazımdır ki, məsələn, Azərbaycan və Özbəkistanın Xəzər regionunda çox mühüm, ciddi layihələri var. O cümlədən, Azərbaycan Özbəkistan üçün dəniz donanmasının yaradılmasında fəal iştirak edir. Azərbaycan və Özbəkistanın birgə layihəsi əslində Daşkənd üçün çox böyük imkanlar açacaq. Onun Xəzər regionunda, Cənubi Qafqazda regional statusunu artıracaq", - Yolçuyev bildirib.

Ekspert vurğulayıb ki, beş Mərkəzi Asiya ölkəsi Azərbaycana ən yaxın, qardaş ölkələrdir.

Rasim Babayev

SORĞU

Vaşinqton görüşünün nəticələri

Azərbaycan və Ermənistan arasında gələcəkdə iqtisadi və mədəni əlaqələrin inkişafına necə yanaşırsınız?